Fyodor Lukyanov: “Dağlıq Qarabağ münaqişəsi bir gün partlayacaq”
Bizi izləyin

Nida.az

Fyodor Lukyanov: “Dağlıq Qarabağ münaqişəsi bir gün partlayacaq”

Bir neçə gün öncə Bakıda səfərdə olmuş “Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru, politoloq Fyodor Lukyanov bölgədəki geosiyasi durum və Azərbaycanla bağlı fikirlərini bölüşüb.


“Azərbaycan analoji problemlərlə rastlaşır”


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, F. Lukyanova görə, Azərbaycan hazırkı vəziyyətinə görə Rusiyanı yaxşı anlayır: “Bu ölkə analoji problemlərlə rastlaşır. Qlobal şəraitlə bağlı çağırışlar, post-sovet məkanında münaqişələr, dünyada aktual olan ərazi bütövlüyünün pozulması, eləcə də neft qiymətlərinin daim oynaması bu ölkəyə yad deyil. Rusiya kimi Azərbaycan üçün də neftin qiyməti önəmlidir, çünki büdcənin əsas hissəsini məhz “qara qızıldan” əldə olunan gəlirlər təşkil edir. Rəsmi Bakı bu sahədən əldə etdiyi kapitalı ölkənin müxtəlif sahələrinə şaxələndirilmiş formada paylayaraq ümumi inkişafı təmin edir”.


“Ukrayna hadisələri Azərbaycana birbaşa toxunmur, lakin təsirləri də mövcuddur”


Onun sözlərinə görə, artıq “post-sovet məkanı” anlayışı dəyişir: “Bu anlayış daha çox şablon olaraq istifadə olunur. Çünki artıq vahid bir sahə yoxdur. Bu məkana daxil olan ölkələr vaxtilə bütöv bir dövlətin hissəsi idi. İndi isə hər bir ölkə müxtəlif vektorlar üzrə qarışıq formada hərəkət edir. Lakin bu ilin son hadisələri sübut etdi ki, bizdə hələ də ümumi bir tale deyilən ortaq məqamlar var. Misal üçün, Ukrayna hadisələri Azərbaycana birbaşa toxunmur, lakin təsirləri də mövcuddur. Axı bu problemi Azərbaycan 20-25 il öncə yaşayıb. Azərbaycan SSRİ dağılandan sonra ilk ərazi problemləri ilə qarşılaşan ölkə idi”.


“Moskva Bakıya diqqəti artırmalıdır”


F. Lukyanov Rusiyanın yeni vəziyyətdə ölkələrə diqqəti ikiqat ayırmasının vacibliyini irəli sürüb. Onun fikrincə, ötən ilin hadisələri bunu sübut edir: “Xüsusilə, münasibətlərin yeni formalaşdığı, amma hələ də “əyri-üyrü” xətlə irəlilədiyi ölkələrə diqqət artırılmalıdır. Bu prosesdə bir enmə var. Lakin ümumi potensial hələ tam istifadə edilməyib. Ukrayna hadisələri göstərdi ki, post-sovet məkanında bir çat yeri olanda, bu, vakuum kimi digərlərini də öz içinə çəkir. Dövlətlərarası münasibətlərə metaforanı aid etmək nə dərəcədə doğru olduğunu bilmirəm, amma belə çatları vaxtında və möhkəm yamamamaq lazımdır. Bu gün Azərbaycan Rusiya ilə işləməyə hazırdır, lakin Moskva gərək diqqəti bir qədər də artırsın”.


“Dağlıq Qarabağ münaqişəsi bir gün partlaya və regiona katakliziomlərə gətirib çıxara bilər”


Baş redaktora görə, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə səbəb olacaq “düzgün yamaq” Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır.

“Aydın və məntiqli səbəblərə görə, bu münaqişə uzun müddətdir ümidsiz halda qalıb. Xarici güclər bununla məşğul olmaqda davam edir. Ukrayna hadisələri həll olunmamış gizli münaqişələrin təhlükəli olduğunu göstərdi. Məsələn, Krım problemi uzun müddət gizli şəkildə qaldı və bir gün partladı. Dağlıq Qarabağ münaqişəsi də belədir və bir gün partlaya, regionda ciddi kataklizmlərə gətirib çıxara bilər”, - deyə politoloq vurğulayıb.


Rusiyalı politoloq Qarabağ münaqişəsinin həll edilməsinin çətinliyinə diqqət çəkib. Onun sözlərinə görə, mövcud status-kvo uzun müddətdir davam edir və bu artıq özünü doğrultmur: “Bəlkə də bu, indiyə qədər qarşıdurmanı müəyyən qədər saxlayıb. Lakin artıq geosiyasi mənzərə dəyişib. Təkcə Ukrayna deyil, Yaxın Şərq, İŞİD, Kürdüstan kimi problemlər dünya üçün aktual olaraq qalır. Belə bir vaxtda Qarabağda hər şeyi olduğu kimi saxlamaqla qarşıdurmanın önünü kəsməyin mümkün olduğunu demək çətindir. Hesab edirəm ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə məsələni həll etməlidir və bu maksimum ehtiyatla edilməlidir. Çexovun fikrincə desək, əgər səhnədə tamaşanın başlanğıcında tüfəng asılırsa, o, sonda atəş açacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm