Pənah Hüseyn təklifinə reaksiyalardan danışdı: “Vasitəçilik iddiasında deyiləm”
Bizi izləyin

Nida.az

Pənah Hüseyn təklifinə reaksiyalardan danışdı: “Vasitəçilik iddiasında deyiləm”

Müsavat Partiyası AXCP ilə müttəfiqlik etmək arzusundadır.


Gülağa Aslanlı Publika.az-a açıqlamasında müttəfiqlik təklifini cəbhəçilərə ünvanlamaq istəyində olduqlarını bildirib. Onun sözlərinə görə, bir sıra siyasi partiyalara, eləcə də AXCP-yə əməkdaşlıq təklif olunacaq: “Ancaq təklifin formasını müəyyən müddətdən sonra müəyyənləşdirəcəyik”.


AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Müsavatın təklifinə yox deyib.


“Nə Müsavat Partiyası, nə də digər partiyalar tərəfindən AXCP ilə əməkdaşlıq etmək barədə təkliflər olub. Əgər belə bir təklif olarsa, bu məsələ partiya rəhbərliyində müzakirə olunaraq müəyyən məsələyə mövqe bildiriləcək. AXCP-nin indiki halda Milli Şuradan kənar hər hansı ikitərəfli və çoxtərəfli əməkdaşlığı ziyanlı tendensiyadır. Bu gün Azərbaycanda ideoloji cəhətdən bir-birinə yaxın olan müxalifət qüvvələri Milli Şura ətrafında birləşib və artıq bu qurum müxalifətin indiyədək fəaliyyət göstərən birliklərindən fərqli olaraq özünü doğruldub və təşkilat kimi tam formalaşıb. Artıq keçən müddət ərzində təşkilat daxilində olan ziddiyyətli məqamlar müzakirə olunaraq ortaq bir məxrəcə gəlinib. Bu təşkilat artıq bir müxalifət qurumu kimi özünü doğrulda bilib. Ona görə də Milli Şuradan kənar hər hansı ikitərəfli və çoxtərəfli əməkdaşlığı zərərli tendensiya hesab edirəm”, - deyə o bildirib.


Qeyd edək ki, 2015-ci il parlament seçkiləri ərəfəsində siyasi partiyaların əməkdaşlığı məsələsini Xalq Partiyasının sədri Pənah Hüseyn qaldırmışdı. Onun fikrincə, müxalifət üçün ən yaxşı seçim narazılıqları bir kənara qoyub birləşməkdir. Göründüyü kimi, onun təklifinə münasibət birmənalı deyil.


Bununla bağlı Publika.az-a danışan Pənah Hüseyn yanaşmaları normal qarşıladığını bildirib: “Mən təklif etmişəm ki, bu il keçiriləcək parlament seçkilərində qeyri-iqtidar qüvvələrinin əksəriyyətini birləşdirən seçki əməkdaşlığı koalisiyası formalaşsın. Bu, çox çətin problem kimi görünür, lakin mümkündür. Ona görə də bu istiqamətdə çalışacağıq. Bu təklifə qarşı çıxanları anlayıram. Mən öz mövqeyimi bildirirəm, bütün mövqelərə də hörmətlə yanaşıram. Hər bir kəsin söz və fikir azadlığı var. Öz fikirlərini ifadə edirlər, buna uyğun fəaliyyətlərini qurmaq imkanları var. Hesab edirəm ki, ayı-ayrı siyasətçilərin və siyasi təşkilatların münasibətindən asılı olmayaraq demokratik maraqlar naminə birləşmək və əməkdaşlıq etmək mümkündür”.


P. Hüseyn “Özünüz vasitəçi ola bilərsinizmi” sualına cavabında belə deyib.


“Vasitəçi sözü əlverişli termin deyil. Mən də heç bir məsələdə vasitəçilik missiyasında olmaq iddiasında deyiləm. Bu istiqamətdə çalışanlar var və onlardan biri də mənəm. Nə mümkündür edəcəyik. Blok şəklində seçkiyə getmək məsələsi sonrakı dövrdə müəyyən olunacaq. Maksimuma nail olmağı düşünürük. Bəlkə də minimuma nail olacağıq, yaxud təsəvvürlərimizdən də geniş nəticə olacaq”, - deyə o vurğulayıb.


P. Hüseyn özünü də parlament seçkilərində iştirak edəcəyini bildirib. Lakin o, namizədliyini doğulduğu Sabirabad rayonundan, yoxsa başqa yerdən irəli sürəcəyini hələlik dəqiqləşdirməyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm