Hüquqşünas kəlbəcərli girovların müdafiəsi üçün çıxış yolunu göstərdi
Bizi izləyin

Nida.az

Hüquqşünas kəlbəcərli girovların müdafiəsi üçün çıxış yolunu göstərdi

Ermənistanda saxlanılan kəlbəcərli girovlarımızın azad olunması ilə bağlı məsələ avropalı hüquq müdafiəçilərinin qarşısında qaldırıla bilər. Moldova Ombudsmanı Aureliya Qriqoriu bu məsələni öz üzərinə götürüb.

“Mən bu məsələni avropalı hüquq müdafiəçiləri arasında qaldırmağa hazıram, ancaq mənə son məlumatlar lazımdır” - deyə Qruqoriu bildirib.

Publika.az girovlarımızın azad olunması üçün beynəlxalq hüquqa istinadən atıla biləcək addımları müəyyənləşdirməyə çalışıb.

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası Ermənistana da şamil edilir: “Faktiki olaraq, bu torpaqlar Ermənistanın işğalı altındadır. Ermənistan bu iki şəxsi tutmaqla beynəlxalq hüquq normalarını pozub. İndi beynəlxalq hüquqdan qaçmaq istəyir və onlara əsir münasibəti göstərmir. Lakin bu şəxslərin Avropa Şurasının qoruyucu sənədlərindən istifadə hüququ var. Bunlardan biri Avropa İnsan Haqları Konvensiyası, digəri isə İşgəncələrin qarşısının alınmasına dair Konvensiyadır. Ermənistan həyasızcasına Dağlıq Qarabağın müstəqil olduğunu, girovlarımızın onların hüququ altında saxlanıldığını deyir. Amma Avropa da bilir ki, Qarabağ erməni işğalındadır. Sadəcə demirlər. Burda problem Dağlıq Qarabağda qurulan qondarma rejimdə Avropa Məhkəməsinin president hüququnun olmamasıdır. “DQR” heç kəs tərəfindən tanınmadığına görə beynəlxalq hüququn subyekti deyildir. Onu heç kəs danışıqlar prosesində tərəf kimi də qəbul etməyib”.

F. Mehdiyev qeyd edib ki, Ermənistanın adını “müqaviləçi” qoyaraq öz vətəndaşlarını bu ərazilərdə hərbi xidmətə göndərir: “Kəlbəcərli girovları tutanlar da məhz Ermənistan əsgərləri olub. Lakin beynəlxalq instansiyalarda bunu sübut etmək çətindir. Bununla belə məsələni Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) götürməyə cəhd etmək lazımdır. Düzdür, həmin məhkəmədə biz “DQR” ərazisinin de-fakto olaraq Ermənistanın yurisdiksiyası altında olduğunu sübut etməliyik. Bu da Ermənistanın AİHK-in 3-cü (qeyri-insani və ləyaqəti alçaldıcı rəftar), 5-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 6-cı (ədalətli məhkəmə hüququ) maddələrini pozması deməkdir. Bunun xaricində BMT İnsan Hüquqları Komitəsinə də müraciət etmək mümkündür. Lakin oradakı şanslar AİHM ilə müqayisədə daha azdır”.

Qeyd edək ki, erməni xüsusi dəstələrinin 11 iyulda Kəlbəcərin Şallar kəndində keçirdiyi əməliyyatda Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb. Onlara qarşı cinayət işi açılıb və qondarma “Dağlıq Qarabağ Respublikası”nın qurduğu qeyri-qanuni məhkəmədə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 25 il həbs cəzası verilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm