Sabir Rüstəmxanlı: “Daha sədr olmaq istəmirəm” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı: “Daha sədr olmaq istəmirəm” – MÜSAHİBƏ

“1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi seçkilərdə iştirak edib, vahid namizədlər irəli sürüb. Bu da çox müsbət nəticə verib. O zaman proporsional seçki yox idi, namizədlər majoritar qaydada irəli sürülüb, ancaq namizədlər öncədən müəyyənləşib. Bizim bir dairədən olan namizədimizi bütün qüvvələr müdafiə edirdi. Bu da çox uğurlu nəticələr verdi. Məhz buna görə Azərbaycan müstəqillik aktı qəbul etdi, Müstəqil Azərbaycan Deputat Bloku yarandı. Fikrimcə, istəyəndə belə müsbət nəticələr baş verir. Ancaq indi siyasi partiyalar çoxdur, hərəsinin öz marağı var, onları bir araya gətirmək mümkün olmur”.

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bildirib. Publika.az həmin müsahibəni təqdim edir:

- Sabir bəy, qarşıdan gələn parlament seçkiləri ilə bağlı partiyanızın mövqeyi nədən ibarətdir?

- Parlament seçkiləri ölkə həyatında çox ciddi hadisədir, partiyalara öz güclərini yoxlamaq imkanı yaradır. Bu ərəfədə siyasi partiyalar arasında rəqabət və bəzən yersiz ittihamlar da çoxalır, siyasi bloklaşmalar, birləşmələr və ayrılmalar da müşahidə olunur. Əslində, siyasi qüvvələr bu işləri 5 il müddətinə görməli olsa da, seçkilərə bir neçə ay qalmış işə başlayır. Bəzən də bunun ziyanı olur. Hər halda siyasi partiyalar öz imkanları daxilində seçkilərə hazırlaşır. Biz də VHP olaraq seçkilərlə bağlı hazırlıq işləri aparırıq. Bu il həm də qurultayımız olacaq. Eləcə də, DAK-ın apreldə qurultayı gözlənilir. Odur ki, bu saat bütün imkanlarımız təşkilatlanmaya, hazırlığa istiqamətlənib.

- VHP-nin imkan və resurslarını necə qiymətləndirirsiniz, partiyanız neçə dairədən namizəd irəli sürmək imkanındadır?

- Proporsional seçki mürəkkəbdir. Çünki bütün ölkəni gəzməli, ölkə boyu təbliğat aparmalısan. Bunun maliyyə, texniki, nəqliyyat tərəfləri var. Eləcə də, çoxlu sayda insanı bir rayondan digərinə aparmalısan. Ancaq majoritar seçki sistemi əl-qol açmağa imkan verir. Çünki bu zaman hər dairənin öz namizədi olur, bu namizəd də dairədə öz işlərini qurur. Bu mənada VHP-nin imkanları əvvəlki seçkilərdən daha artıqdır. Çünki vaxtilə cəmiyyətdə bizə qarşı olan şəxslərin çoxu indi bizim doğru yol tutduğumuzu dərk edirlər. Bir vaxtlar hansısa partiyanın seçkilərə getməsi ittihama çevrilirdi. Seçkidən sonra isə kim mandat alırdısa, bu da ittihama çevrilirdi. İttiham edirdilər ki, filankəs niyə mandat alıb, niyə parlament seçkilərinə gedir, mandatdan niyə imtina etmir. Zaman keçdi və həyat sübut etdi ki, bütün bunlar yersiz və mənasız ittihamlardır. Təbii ki, partiyaların biri seçkiyə gedəcək, biri getməyəcək.

Siyasi partiyaların yerini və rolunu özləri müəyyən edir. Bu mənada bir durulma var. Və ya bir zamanlar hökumətlə kim danışıq aparırdısa, deyirdilər filan partiya hakimiyyətə satılıb. Ancaq indi görürsünüz ki, partiyaların hamısı dialoqa can atır, bütün partiyalar hakimiyyətlə danışıqlar aparmaq istəyir. Zaman çox şeyi yerinə qoyur. Bizi ittiham edirdilər ki, parlamentə gedir, hakimiyyətlə dialoqu və normal münasibəti var. Sonra bu tip düşünən siyasi partiyaların çoxu elan etdi ki, hakimiyyətlə normal münasibətlər qurmalıyıq. Təbii ki, mən heç kimi ittiham etmək niyyətində deyiləm. Zaman hər şeyi aydınlaşdırır. Bu mənada VHP olaraq bizim resurs və imkanlarımız əvvəlki illərlə müqayisədə daha artıqdır. Bizim rayonlardan namizədliyini irəli verəcəyimiz kifayət qədər namizədlərimiz var. Amma bu namizədlərin neçəsinin namizədliyi qeydə alınacağı, neçəsinin parlamentə düşəcəyi ayrı məsələdir. Təbii ki, ölkədə siyasi partiyaların sayı çoxdur və parlamentdə də bir ənənə formalaşıb. Uzun illər Milli Məclisdə təmsil olunan partiyalar var. Həm də bir çox dairələrin namizədləri var. Bu namizədlər uzun illər öz dairələrində ciddi işləyib, seçici ilə yaxşı əlaqələr qurublar. Onların başı üzərindən keçərək seçilmək çox çətindir. Bu mənada VHP çalışacaq ki, parlamentdə deputatlarının sayı artsın. Ancaq indidən bunun nəticəsi haqqında konkret danışmaq da doğru olmazdı. Biz özümüzdən asılı olan hər şeyi edəcəyik.

- Demək istəyirsiniz ki, VHP seçkilərə təkbaşına gedəcək və seçki bloklarında təmsil olunmayacaq?

- Biz əvvəllər də seçkilərə partiya olaraq getmişik. Düzdür, seçki bloku təşəbbüsü bir neçə dəfə olub. Hər dəfə də iflasa uğrayıb. Bir dəfə də Demokratik Seçki Blokumuz olub. Hətta bir dəfə rəhmətlik Əbülfəz Elçibəyin vaxtında blok yaratmaq ideyası var idi. Ancaq sonra həyat bizim istəyimizdən asılı olmayaraq öz redaktəsini etdi. Odur ki, seçki blokları baş tutmur və biz də seçkilərə VHP olaraq qatılacağıq. İndi sadəcə olaraq seçkilərə getmək böyük enerji və hazırlıq tələb edir.

Bəzən olur ki, şəxs fərdi olaraq seçkilərə qatılır və sonra da deyir ki, biz partiya olaraq seçkilərə getmişik. Halbuki, majoritar sistemdə seçkilərə partiya və fərd olaraq qatılmağın xeyli fərqi var. Yəni sənədlərin hazırlanması ayrı-ayrı məsələlərdir. Biz son parlament seçkilərinə partiya olaraq getmişik və bu dəfə də seçkilərə partiya olaraq getməyi planlayırıq.

- Sizcə, niyə bizdə seçki blokları rentabelli olmur, effektiv alınmır və üstəlik qarşılıqlı ittihamlara səbəb olur?

- Bir dəfə 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi seçkilərdə iştirak edib, vahid namizədlər irəli sürüb. Bu da çox müsbət nəticə verib. O zaman proporsional seçki yox idi, namizədlər majoritar qaydada irəli sürülüb, ancaq namizədlər öncədən müəyyənləşib. Bizim bir dairədən olan namizədimizi bütün qüvvələr müdafiə edirdi. Bu da çox uğurlu nəticələr verdi. Məhz buna görə Azərbaycan müstəqillik aktı qəbul etdi, Müstəqil Azərbaycan Deputat Bloku yarandı. Fikrimcə, istəyəndə belə müsbət nəticələr baş verir. Ancaq indi siyasi partiyalar çoxdur, hərəsinin öz marağı var, onları bir araya gətirmək mümkün olmur. Eləcə də, bəzi dairələri razılaşdırmaq mümkün olmur. Bəzən bir dairə üzrə 6-7 partiya namizəd irəli sürür, konsensusa da gəlmək olmur. Kimsəyə demək olmur ki, bu dairədən namizədini geri çək, bizim namizədimiz daha şanslıdır. Bütün bunlar ümumi vəziyyətə təsir göstərir. Həm də müxalifət düşərgəsində əvvəlki mütəşəkkillik, səmimi münasibətlər və əvvəlki qarşılıqlı inam qalmayıb. Partiyalar bir-birinə inanmır.

- Bəlkə əsas səbəb partiya liderlərinin əsassız və mənasız iddialarıdır?

- Mənəm-mənəmlik var, hər partiya sədri özünü irəli çəkir. Təbii ki, bu, normaldır. Ancaq qarşılıqlı güzəştlər olmadan müttəfiqliyə nail olmaq mümkün deyil. Təəssüflər olsun ki, bizlər bu hissi çoxdan unutmuşuq. Hətta Dağlıq Qarabağ məsələsi siyasi qüvvələrin bir araya gəlməsi ilə nəticələnmədi. Hesab edirəm ki, bu, heç də müsbət hal deyil. Təbii ki, iqtidar da rəqiblərinin zəiflədilməsində maraqlıdır. Bu, göz önündə olan prosesdir, normal haldır. Ancaq təəssüflər olsun ki, müxalifət bu kimi hallara müqavimət göstərə bilmir.

- Siz parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

- Hələ bu barədə bir qərara gəlməmişəm. Seçkilərə gedib-getməyəcəyimi bilmirəm. Hesab edirəm ki, bunu qərarlaşdırmaq üçün qarşımızda müəyyən qədər zamanımız var.

- VHP-nin qurultayı haqda hansı yeniliklər var və sizin sədr məsələsində qərarınız necədir?

- Qurultay keçiriləcək.

- 2016-cı ildə?

- Xeyr. Yəqin ki, parlament seçkilərindən sonra olacaq. Seçkilər noyabrda olacaq, fikrimcə, dekabrda qurultayı keçirmək mümkündür. Biz ilboyu qurultaya hazırlaşırıq. Bizim bütün rayonlarda təşkilatlarımız var, konfranslarımız olur. Hesab edirəm ki, seçkilərə qədər konfransları başa çatdırıb, qurultay nümayəndələrini müəyyən edəcəyik. Bundan sonra qurultayın özünü təşkil edəcəyik. Bunu da dekabrda həyata keçirə biləcəyik.

- Sədrliyə namizədliyinizi irəli sürəcəksiniz?

- Səmimi deyim ki, yenidən sədr qalmaq istəmirəm. Əgər parlament seçkilərinə qatılsam, bir müddət üçün bütün gücümü ora yönəltmək istəyirəm. Getməsəm, siyasi proseslərdən kənarlaşıb daha çox yaradıcılıq işləri ilə məşğul olacağam. Düzdür, siyasət indiki halda yaradıcılığa mane olmur. Çünki iş rejimi elədir ki, vaxtım olur. Amma partiya işi vaxtımı daha çox alır. Hər gün qərargaha gəlməli olursan, bu zaman da çoxlu problemlər, qayğılar ortaya çıxır. Bu da bir ailədir və ailənin çoxlu qayğıları olur. İstərdim ki, partiyanın başqa bir sədri olsun. Bu barədə düşünürəm.

- Belə çıxır ki, siyasi proseslərdən yorulmusunuz, baş alıb kəndə getmək istəyirsiniz?

- Yox. Mən 50 ildir Bakıda yaşayıram, elə həm də kənddə. 50 ildə kənd adamı olaraq qalmışam. Bakıdan kənarda yaşaya bilməsəm də, daxilim, ruhum, əxlaqım, təmizliyim kəndə uyğundur. Mən davamlı olaraq kəndə gedib-gəlirəm, ora bağlıyam, kənddə evim də var. Ancaq kəndə köçüb getməyə ehtiyacım yoxdur. Xalqın dediyi kimi bir ayağım şəhərdə, bir ayağım kənddədir. Şübhəsiz ki, fəaliyyətdən və işdən yorulmamışam. Günümün çoxu iş otağımda keçir, davamlı olaraq yazı-pozu ilə məşğulam. Sadəcə anlaşılmaz proseslər adamı yorur.

Normal və qaydasında olan həyat, iş, siyasi fəaliyyət adamı yormaz. Ancaq qaydasızlıq mühiti başlayanda heç nəyin ucu-bucağı görünmür, heç bir norma gözlənilmir, insan münasibətlərinin davamına inanmırsan, dünən dost olanın sabah düşmənə çevrilməyəcəyinə arxayın olmursan. Bu zaman əlbəttə, yorğunluq başlayır. Biz sonuncu günümüzə qədər əsgərik və sonuncu gülləmizə qədər atışmalıyıq. Mən şair olaraq bu cür düşünürəm və elə siyasi həyatda belədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm