Nida.az
Prezident və xanımı AİB-in toplantısında - FOTO
Bakı Konqres Mərkəzində bu gün Asiya İnkişaf Bankının
Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası
olub.
Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf
Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.
Əvvəlcə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik
toplantısının iştirakçıları xatirə şəkli çəkdirdilər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf
Bankının prezidenti Takehiko Nakao görüşüb söhbət etdilər.
Açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev Asiya İnkişaf
Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda
keçirilməsindən məmnun olduğunu bildirdi. 1999-cu ildən Azərbaycan
ilə bank arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən
dövlətimizin başçısı bu tədbirin qonaqların ölkəmizi yaxından
tanıması üçün bir fürsət olduğunu bildirdi. Prezident İlham Əliyev
Azərbaycanın əsrlər boyu multikulturalizm dəyərlərinin hökm sürdüyü
bir məkan olduğunu dedi. “Biz tariximizlə, ənənələrimizlə fəxr
edirik. Biz Azərbaycanın müasir, tolerant ölkə kimi inkişafına
sadiqik”, - deyən Prezident İlham Əliyev Azərbaycanın dünyada
müasir meyillərin inkişafında maraqlı olduğunu vurğuladı. Ölkəmizin
keçdiyi tarixi mərhələlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz
problemlər barədə danışan dövlətimizin başçısı hazırda Azərbaycanın
sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi islahatların uğurla
həyata keçirildiyini bildirdi.
“Azərbaycan demokratik inkişafa sadiqdir, ölkəmizdə bütün
azadlıqlar təmin edilib”, - deyən dövlətimizin başçısı indi
əhalinin 75 faizinin azad internetdən yararlandığını diqqətə
çatdırdı. Ötən əsrin əvvəlində olduğu kimi, indi də ölkəmizin
yenidən dünyada neft ölkəsi kimi tanındığını deyən Prezident İlham
Əliyev təbii ehtiyatlarımızın Azərbaycanın daha da inkişafına
xidmət etdiyini vurğuladı.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə məlumat verərək bildirdi ki, Azərbaycan
ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, nəticədə 1
milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, xalqımız
etnik təmizləmə siyasətinə məruz qalıb. İyirmi ildən çoxdur ki,
danışıqların davam etdirilməsinə baxmayaraq, hələ də nəticənin
olmadığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə
yetirilmədiyini deyən Prezident İlham Əliyev Azərbaycanın dinamik
xarici siyasət yürütdüyünü, Avropa və Asiyanın beynəlxalq
təşkilatları ilə fəal əməkdaşlıq qurduğunu bildirdi. Dövlətimizin
başçısı ölkəmizin əsas hədəflərindən biri kimi davamlı və inkişaf
edən iqtisadiyyatın yaradılmasını göstərdi və bu sırada enerji
amilinin mühüm yer tutduğunu vurğuladı. Hazırda ölkəmizin nəhəng
enerji layihələrinin müəllifi kimi çıxış etdiyini dedi,
Azərbaycanın qaz ehtiyatlarının nəqli üçün nəzərdə tutulan “Cənub”
qaz dəhlizinin əhəmiyyətinə toxundu. İqtisadiyyatın
şaxələndirilməsi siyasətinin aparıldığını, onun neft və qaz
amilindən asılılığının azaldılması ilə bağlı tədbirlərin
görüldüyünü, qeyri-neft sektorunun inkişaf etdirildiyini diqqətə
çatdıran Azərbaycan Prezidenti ölkəmizdə xarici sərmayələr üçün də
əlverişli şəraitin yaradıldığını bildirdi.
“Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün vacibdir”, -
deyən Prezident İlham Əliyev son 10 ildə böyük inkişaf yolu keçən
ölkəmizdə ümumi daxili məhsulun artdığını, 1 milyondan çox yeni iş
yerinin yaradıldığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü,
ölkədə iri sosial layihələrin həyata keçirildiyini diqqətə
çatdırdı. Dövlətimizin başçısı son illərdə ölkəmizin və Bakının
inkişafı ilə bağlı mühüm işlərin görüldüyünü, bütün bunların ancaq
müstəqil olduğumuz dövrdə baş verdiyini bildirdi, hazırda ölkəmizin
geostrateji əhəmiyyətini artıran iri infrastruktur layihələrinin
icra olunduğunu, bu sırada Avropa ilə Asiyanı birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolunun mühüm əhəmiyyət daşıdığını, bundan
əlavə ölkəmizdə “ASAN xidmət”in timsalında əhaliyə göstərilən
xidmətlərin yüksək səviyyədə aparıldığını, kosmik sənayenin, turizm
sektorunun və digər sahələrin inkişafı istiqamətində tədbirlərin
görüldüyünü qeyd etdi. Prezident İlham Əliyev Asiya İnkişaf Bankı
ilə əməkdaşlığın bundan sonra da uğurlu olacağına əminliyini ifadə
etdi.
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao 15 ildir rəhbərlik
etdiyi qurumla səmərəli əməkdaşlıq edən Azərbaycan hökumətinə və
Prezident İlham Əliyevə bu tədbirin yüksək səviyyədə təşkilinə görə
minnətdarlığını bildirdi. Takehiko Nakao rəhbərlik etdiyi bankın
əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi. Bankın maliyyə
qabiliyyətinin 2017-ci ilədək 50 faizə qaldırılacağını deyən qonaq
Asiya ölkələrinin sürətli inkişaf etməsi fonunda həm Avrozona, həm
də digər maliyyə tərəfdaşları arasında səmərəli əməkdaşlığın
qurulmasının əhəmiyyətinə toxundu, hazırda bankın Asiya ölkələrində
davamlı inkişafa nail olunması ilə bağlı işlər gördüyünü diqqətə
çatdırdı. O, xüsusi vurğuladı ki, bankın strategiyasına yeni
innovasiyalardan istifadə, investisiya bankının yaradılması, yeni
qlobal təşəbbüslərin dəstəklənməsi, həmçinin yoxsulluqdan əziyyət
çəkən ölkələrə maliyyə yardımının göstərilməsi də daxildir.
Sonra ölkəmizin tarixini, mədəniyyətini, malik olduğumuz zəngin
dəyərləri özündə ək etdirən maraqlı kompozisiya təqdim olundu.
Azərbaycan musiqisinin müşayiəti ilə təqdim olunan kompozisiyada
insanlığın yaranışından müasir günümüzə qədər ölkəmizin keçdiyi
tarixi mərhələlərə nəzər salındı, Azərbaycanın dünya tarixindəki
strateji yeri və qlobal proseslərə təsir imkanları barədə qonaqlara
geniş məlumat verildi. Son 10 ildə ölkəmizin inkişafı ilə bağlı
həyata keçirilən tədbirlər, iqtisadi strategiya barədə məlumatların
yer aldığı təqdimatda iyun ayında Bakıda keçiriləcək ilk Avropa
Oyunları ilə əlaqədar informasiyaya da geniş yer verildi.
Sonda Prezident İlham Əliyevin adından Asiya İnkişaf Bankının
Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçılarının
şərəfinə ziyafət verildi.
* * *
Asiya İnkişaf Bankının 48-ci illik toplantısının Bakıda keçirilməsi
barədə qərar 2012-ci ilin may ayında Manilada bankın Rəhbərlər
Şurasının yekdil qərarı ilə qəbul edilib. Bununla əlaqədar olaraq
2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və
Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik
toplantısı ilə bağlı anlaşma memorandumu” imzalanıb. Elə həmin il
mayın 22-də Prezident İlham Əliyev Baş nazirin birinci müavininin
sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə müvafiq
Sərəncam imzalayıb. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının
illik toplantısı kimi mühüm bir tədbir Cənubi Qafqaz regionunda ilk
dəfə məhz respublikamızda keçirilir. Bu nüfuzlu toplantıya üzv
ölkələrin yüksək səviyyəli hökumət rəsmiləri, maliyyə nazirləri,
mərkəzi bank rəhbərləri, həmçinin beynəlxalq maliyyə institutları
və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, tanınmış alimlər,
ekspertlər, gənc mütəxəssislər, ümumilikdə 3000-dək nümayəndə
qatılıb. Toplantı çərçivəsində keçirilən silsilə tədbirləri
ölkəmizin kütləvi informasiya vasitələri ilə yanaşı, dünyanın
200-dək media orqanı geniş işıqlandırır.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO