Pusqu və Moskvaya qarşı İTTİFAQ: İkinci “kürəyə zərbə”?
Bizi izləyin

Nida Təhlil

Pusqu və Moskvaya qarşı İTTİFAQ: İkinci “kürəyə zərbə”?

Rusiyanın ətrafında vəziyyət 180 dərəcədə dəyişdi.

Bir neçə gün ərzində dünyada Rusiyanın ətrafında vəziyyət 180 dərəcədə dəyişdi. Vəziyyəti dəyişdirən hadisə isə aprelin 4-də Suriyanın İdlib vilayətində həyata keçirilən kimyəvi silah hücumu oldu.

Aprelin 7-də Rusiyanın müttəfiqi olan Suriyanın hökumət ordusuna aid aviabaza raket atəşinə tutuldu. Nəticədə Rusiya yenidən dünyanın əsas “şəri” və ya ən azından Bəşər Əsəd rejiminin timsalında “şərin köməkçisi” hesab edildi. Bundan başqa, Əsədə Rusiyanın dəstəyini əsas gətirən Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskvaya səfərini son anda ləğv etdi.

“Donald Tramp Rusiya hakimiyyətinin gözündə sürətlə “pis oğlan”a, ABŞ isə “dünyanın ən gözlənilməz ölkəsi”nə çevrilir. O, var gücü ilə Moskvanın agentinin reputasiyasından azad olmağa çalışır. İndi Tramp əvvəlki sanksiyaların ləğvi əvəzinə Suriyaya görə yeni anti-Rusiya sanksiyalarının tətbiqini müzakirə etməyə hazırlaşır. Moskva onun seçilməsindən sonra sanksiyaların aradan qaldırılmasına ümid edirdi”, - Gazeta.ru-nun yazdığına görə, bunu Rusiya Xarici İşlər Nazirliyindən ABŞ və onun prezident Donald Tramp haqqında bildiriblər.

Moskvaya səfərini ləğv edən Boris Conson G7 (“Böyük yeddilik”) üzrə partnyorları Rusiyaya qarşı sanksiyaları amansızlaşdırmağa çağırdı. O, Rusiya hakimiyyətini İdlibdə kimyəvi silah hücumunda iştirakda ittiham etdi.

BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli xatırlatdı ki, Rusiya 2013-cü ildə kimyəvi silahdan imtina haqqında Əsədlə razılaşmışdı. Onun məntiqinə görə, Rusiya Əsədin kimyəvi silah arsenalının məhv edilməsi üzrə öz işini ya pis görüb, ya da yalan danışaraq raketlərin bir hissəsini gizlədib. Beləliklə, amerikalı diplomat Moskvanı da Dəməşqlə eyni dairəyə daxil etdi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov isə kimyəvi silahın Suriya terrorçularında da olduğunu, bu silahın yalnız Suriyada deyil, İraqda da istifadə olunduğunu bildirdi.

Gazeta.ru yazır ki, Rusiyaya növbəti “kürəyə bıçağı” Türkiyə sancmağa hazırlaşır:

“Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu dövlət kanalının efirində bildirdi ki, Rusiya prezident Əsəd haqqında öz mövqeyini təkrar gözdən keçirməlidir. Daha əvvəl türk diplomatı rusiyalı həmkarı Sergey Lavrova bildirdi ki, Moskva Suriyada barışığın pozulmasından qaçmaq üçün bütün lazımlı addımlara təşəbbüs etmədi. Çavuşoğlunun sözləri Rusiyanın ünvanına Əsəd rejiminə dəstəyə görə yumşaq, amma açıq danlaq oldu”.

Rusiya saytı bildirir ki, Krımın Rusiyaya birləşməsi Moskvanın opponentlərinin birləşməsi üçün əla hədəf oldu. Qeyd edilir ki, ümumi daxili məhsulu qlobal iqtisadiyyatın 3 faizini təşkil edən və son illərdə daim azalan bir dövlətin “böyük dünya dövləti” roluna iddia etməsi (Qərbdə Rusiyanın dünya dövləti roluna iddia etdiyini bildirirlər –red.) mümkün deyil.

“Əlbəttə, nüvə potensialı bizim əsas əks-arqumentimiz olaraq qalır. Amma nüvə münaqişəsini təşkil etmək xoşbəxtlikdən mümkün deyil”, - sayt qeyd edir.

Suriya böhranının həllinə toxunan yazıda bildirilir ki, Suriyada möhkəm atəşkəs de-fakto mövcud deyil: “Hətta Trampın raket zərbələri olmadan Türkiyə-İran-Rusiya koalisiyası müəyyən suallar yaradırdı. Suriya münaqişəsində şəxsi maraqlarında geri çəkilməyən üç ölkə arasında ziddiyyətlər yox olmayıb. Türkiyə və Rusiyanın kürdlər və Əsəd barəsində mövqeyi ümumiyyətlə əksdir. Türkiyə Suriya hakimiyyətinin razılığı olmadan Suriyada quru əməliyyatı aparırdı. Yəni, Rusiyanın məntiqinə görə, Suriyanın müstəqilliyini Trampın raket zərbələri ilə müqayisədə daha az pozurdu. Məsələ onda deyil ki, Trampın qəfil zərbəsi hər şeyi məhv etdi. Problem İdlibə kimyəvi silah hücumu da deyil. Məsələ ondadır ki, Rusiya dünyada obyektiv zəif vəziyyətindədir. Dünya dövlətləri ilə 2014-cü il yazında kəskinləşən siyasi qarşıdurma heç yerə yox olmayıb. Rusiya öz xarici siyasət kursunu dəyişdirməyib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm