Nida Təhlil
Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı – TƏHLİL
“Azərbaycanda Demokratiya Komitəsi (CODA) mediaya azadlıq istəyir”.
2010-cu ilin 4 may tarixində “Youtube”də bu adla yayımlanan
videoda iki gənc ağzı köpüklənə-köpüklənə Azərbaycanda media
azadlığından danışaraq jurnalistlərin müdafiəsinə qalxırdı. Videoda
danışan şəxslər “Ramal en Toural Tomatov” (holland dilində) olaraq
təqdim olunur. (https://www.youtube.com/watch?v=hAv8vd7CIAE).
Həmin tarixdən 6 ay sonra, 2010-cu ilin 9 noyabrında Azərbaycanın
Hollandiyadakı səfirliyinin önündə aksiya keçirildi və Emin Milli
(“Meydan Tv”-nin rəhbəri) ilə Adnan Hacızadənin hüquqlarının
müdafiəsi haqda şüarlar səsləndirildi. Aksiyanın təşkilatçısı
Toeral Goemmatov idi, 6 ay öncə yayılmış videoda ağzı
köpüklənə-köpüklənə danışan şəxs... (https://www.youtube.com/watch?v=hw2_SkaASkI).
Aksiyadan bir gün öncə Toeral Goemmatovun adından “press-reliz”
yayılmış və “əziz azərbaycanlılar sizi Azərbaycan səfirliyinin
önündə aksiyaya dəvət edirik. CODA-nın sədri Toeral Goemmatov” deyə
qeyd olunmuşdu. Aksiya keçirildi və eşşək geyimli şəxslər Emin
Milli ilə Adnan Hacızadəyə azadlıq üçün Azərbaycanın qarasınca
sözün həqiqi mənasında eşşək kimi bağırdılar da.
Emin Milli və Adnan Hacızadənin “müdafiəsi uğrunda” keçirilən
aksiyadan 7 il sonra, 2017-ci ilin 7 iyununda “Meydan Tv” Tiflisdə
yuva quran anti-Azərbaycan şəbəkəsinin üzvü Əfqan Muxtarlının
ədalət qarşısına çıxarılmasının əleyhinə videosüjet hazırlayır.
Videoda Azərbaycanla yanaşı, Gürcüstan da tənqid olunur, Tiflisin
milli respublikalara qarşı qərbçi dairələrin əlində oyuncağa
çevrilənlərə qucaq açmamasından təəssüflə bəhs edilir. Sıradan bir
videosüjet, yaxud “Meydan Tv”-nin Avropanın siyasi kuluarlarında
hazırlanmış informasiya xəttini özündə tamamilə əks etdirən
yanaşma. Burada “7 il öncəki aksiya ilə “Meydan Tv”-nin bu günlərdə
hazırladığı videosüjet arasında hansı əlaqə var” sualı önə çıxır.
İlk baxışdan, heç bir əlaqə görünməyə bilər, lakin süjetin sonunda
bir qeyd diqqət çəkir: “in partnership with Coda”
(Coda ilə əməkdaşlıq). Və bu qeyd Azərbaycanın dövlət quruluşuna
qarşı “azadlıq və demokratiya” adı altında qurulan şəbəkənin
ilmələrini bir-bir açır.
CODA (Committee Outlines of Democracy in Azerbaijan): Azərbaycanda Demokratiya Komitəsi. Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada qeydiyyatdan keçib, Voorburg şəhərində fəaliyyət göstərir. Rəsmi ünvanı belədir: Herman Heijermanshof 25. Rəhbəri Toeral Goemmatovdur.
Özünü Toeral Goemmatov deyə təqdim edən şəxs Azərbaycan dövlət
quruluşunun bölünməsinə hesablanan separatçı fəaliyyəti ilə
məşhurlaşmış, vaxtilə məhz separat fəaliyyətinə görə həbs edilən,
daha sonra Hollandiyaya köçən, hazırda İrəvanda “qəhrəman” kimi
qarşılanan və talışların adından yararlanaraq, külli miqdarda pul
qazanan, həmçinin, məhz bu ad altında Azərbaycana qarşı
separatçılıq işini davam etdirən Əlikram Hümbətovun oğlu Tural
Hümbətovdur. Ə.Hümbətov 2010-cu ildə bu təşkilatı yaradıb,
rəhbərliyinə isə oğlu T.Hümbətovu təyin edib. T.Hümbətovun
rəhbərlik etdiyi CODA təşkilatı “Talış Azadlıq Hərəkatı” adlı
separatçı təşkilatla eyni ünvanda - Voorburg şəhəri, Herman
Heijermanshof 25-də yerləşir. 7 il öncə Hollandiyada Azərbaycan
səfirliyinin önündə Emin Milli və Adnan Hacızadənin “müdafiəsi
uğrunda” keçirilən aksiya da məhz bu ünvanda hazırlanmışdı.
Bu fakt Avropada lüks həyat içində yaşayaraq, Azərbaycan xalqının haqları uğrunda “döyüşdüyünü” iddia edən Emin Millinin və onun rəhbərlik etdiyi “Meydan Tv”-nin ermənilərin maddi və siyasi dəstəyinə söykənərək, Azərbaycan dövlət quruluşuna qarşı təkcə separatçı yox, həm də terrorçu kimi (terrorun mahiyyəti təkcə bombalamaq yox, həm də hüquqi dövlətin məhvinə çalışmaqdır) fəaliyyət göstərən Əlikram Hümbətovla işbirliyini sübut edir. Və burada Emin Millinin sığındığı Avropanın dühası önündə baş əydiyi Viktor Hüqonun sözləri yada düşür: “Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir”. Emin Milli milli xəyanətini Azərbaycan haqda doğru olmayan, şişirdilmiş məlumatlar yaymaqla məhdudlaşdırmır, həm də Azərbaycanın dövlət quruluşunu məhv etməyi özünə məqsəd seçən separatçı Hümbətovlarla “eyni yatağa girir”.
(Hərçənd, “Meydan Tv” iddia edə bilər – güman ki, edir də -
tərəfdaşlıq etdikləri Coda özünü böhran jurnalistləri komandası
olaraq təqdim edən “Codastory” təşkilatıdır. Bu təşkilatın baş
ofisi Nyu-Yorkda yerləşir, Cənubi Qafqaz üzrə ofisi isə “14 Paolo
Iashvili Street, Tbilisi 0105” ünvanındadır. Lakin bu təşkilatın
rəsmi saytında “Meydan Tv”-i ilə əməkdaşlıq haqda heç bir məlumat
yoxdur).
Burada sual yaranır, hansı ki, cavab həm də gələcək hədəfin nə
olduğunu ortaya çıxarır: “Meydan Tv” Əlikram Hümbətovun
təşkilatının adını tərəfdaşı kimi göstərərək, niyə separatçılarla
işbirliyini açıqlayır?”.
1. Azərbaycanda, elə Avropanın özündə də əksəriyyət CODA-nın əsas
hədəfinin separatçılıq olduğunu bilmir. Çünki təşkilatın adı
“Azərbaycanda Demokratiya Komitəsi”dir və fəaliyyət istiqaməti
“demokratiyanın müdafiəsi” olaraq göstərilir.
2. “Meydan Tv” CODA-nın adını videosüjetində qeyd etməklə bu
təşkilatı reklam edir. Bu, ilk növbədə Emin Millinin maliyyə aldığı
mənbənin qarşısında götürdüyü öhdəlik ola bilər, digər tərəfdən,
separatçıların məhz demokratiya adı altında legitimləşdirilməsi
prosesi aparılır.
Məhz bu proses bir-birindən istifadə edən iki cəbhənin öz
maraqlarına işlədiyini və Azərbaycana qarşı anti-milli şəbəkənin
kifayət qədər təhlükəli olan əsas hədəfini də ortaya çıxarır:
Əlikram Hümbətovun marağı: bu separatçını adından
istifadə etdiyi talış xalqı daşqalaq edərək qovdu, hətta ölkədən
qaçmasaydı, linç belə edərdilər. Özlüyündə bu məqam separatçıların
Azərbaycanda heç bir dayağının olmadığını sübut edir. Onun CODA
təşkilatı yaradaraq, xain fəaliyyətini demokratiya pərdəsinin
arxasında gizlətməsi də məhz buradan qaynaqlanır. Çünki “Talış Xalq
Hərəkatı” adlı təşkilatı üzərindən hərəkət etməklə Azərbaycanda heç
bir dəstək qazanmayacağını bilir, Avropada isə yalnız özü kimi
alçaq - sözün hər iki mənasında separatçılardan başqa ona heç bir
dəstək verən olmayacaq. Lakin “Azərbaycanda media azadlığı,
demokratiya quruluşu” adı altında hərəkət etmək ona həm separatçı
fəaliyyətini pərdələməyə, həm də müəyyən dəstək əldə etməyə imkan
yaradır.
Anti-Azərbaycan şəbəkəsinin marağı: Azərbaycana
qarşı “demokratiya”, “azadlıq” kimi klassik müdaxilə üslublarından
istifadə edərək, Bakını təzyiq altında saxlamaq və maraq savaşında
nəsə əldə etmək istəyən Qərbdəki dairələrin bu savaşda
separatçılardan istifadə etmək ehtimalı böyükdür. Əgər bu
kontekstdən çıxış etsək, hesab etmək olar ki, eyni dairələr
separatçıları “demokratik müstəviyə” keçirərək, daha təsirli
rıçaqlar əldə etmək istəyir. CODA-nın qeydiyyata alınması və
kifayət qədər geniş imkanlar yaradılması da bu ehtimalı
gücləndirir. “Meydan Tv” də məhz bu prosesin legitimləşdirilməsində
potensial platformadır.
Amma açıq qalan suallar var: Anti-Azərbaycan şəbəkəsi hansı
təşkilatları, yaxud hansı qüvvələri özündə birləşdirir? Müdaxilə
üçün “demokratiya üsulu”nu seçən və liberalizm bayrağı altında
toplaşan dairələr həqiqətənmi Azərbaycana təzyiq üçün beynəlxalq
hüququn qəbul etmədiyi separatizmi dəstəkləyir? Qərbdəki
dairələrin bundan istifadə etməsi istisna deyil. Lakin o da
məlumdur ki, anti-Azərbaycan şəbəkəsinin arxasında erməni lobbisi
dayanır: Freedom House, People in Need, Human Rights Watch, NDI,
eləcə də keçmiş dövlət katibi Con Kerrinin kabinetindən idarə
olunan şəbəkə. Bütün bunların bazasını erməni diasporu və erməni
lobbisinin təşkil etdiyi sübut olunub. Ermənilər də Qərbdəki
dairələrin Azərbaycana təzyiq edərək, Dağlıq Qarabağda təslimçi
sülhə məcbur etmək istədiklərini özləri etiraf ediblər. Misal üçün,
ötən ilin “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda jurnalist
Tavos Arşakyan Qərbi tənqid edərək, qəzəblə yazırdı: “Bizə
söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq.
Haradadır o sanksiyalar?!”.
Bütün bunların fonunda “Meydan Tv” + CODA əməkdaşlığının
daha genişmiqyaslı hədəfi olduğu görünür:
Əlikram Hümbətov Hollandiyaya köçəndən sonra separatçı fəaliyyətini
davam etdirir və ən böyük dəstəyi erməni diasporu və lobbisindən
alır; Onu İrəvanda “qəhrəman” kimi qarşılayırlar, işğal olunmuş
Azərbaycan torpaqlarında – Şuşada “Talışıstan Tv” və “Talışıstanın
səsi” radiosu yaradılır; 2010-cu ildə erməni lobbisinin
dəstəklədiyi, Azərbaycana qarşı addımları ilə seçilən “demokratik
şəbəkəyə” CODA – Azərbaycanda Demokratiya Komitəsi daxil edilir;
Komitə həmin vaxt həbsdə olan Emin Milinin müdafiəsini təşkil edir;
Emin Milli həbsdən çıxandan sonra Əlikram Hümbətov kimi Avropaya
köçür və “Meydan Tv”-ni təsis edir; Separatçılara maliyyə ayıran
erməni lobbisi eyni dəstəyi Emin Milliyə də verir və onun qarşısına
sadə bir tələb qoyulur: “CODA-nın adını videosüjetlərə daxil etmək
və bu təşkilatın demokratiya şəbəkəsinə daxil olduğunu
legitimləşdirmək”.
Gürcüstanın “kavkazplus” saytının bir neçə həftə öncə yazdıqları
diqqət çəkir: “Ermənilər Azərbaycanda talış və ləzgilər
arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayırır,
xüsusilə media sahəsində kömək edir. Misal üçün, işğal olunmuş
Şuşada yaradılan “Talışıstanın səsi” radiosu belə layihələrdəndir.
Bu işi İrəvan rejimi və erməni lobbisi həyata keçirir. Erməni
lobbisi analoji addımları Gürcüstana qarşı da atmağa başlayıb.
Ermənilər Azərbaycan və Gürcüstana qarşı separat fəaliyyəti erməni
lobbisinə bağlı KİV üzərindən aparılır”.
Erməni lobbisinə bağlı KİV: “Meydan Tv”-nin
əməkdaşlıq etdiyi və dəstək aldığı Freedom House, People in Need,
Human Rights Watch və s. demokratiya şəbəkəsinin erməni lobbisinə
bağlı olduğunu nəzərə alsaq, deməli, Emin Millinin KİV-i də eyni
fəaliyyətlə məşğuldur – bilərəkdən, ya bilməyərəkdən...
Hədəf isə aydındır:
a) “Meydan Tv” vasitəsilə Azərbaycanda iqtidar
əleyhinə kampaniyalar aparılır. Məsələni bir az da dəqiqləşdirsək,
bu KİV-in adının assosiasiya olunduğu “Maydan” hadisələrinin toxumu
səpilir.
b) “Meydan Tv” bu hədəfə gedən yolda separatçı
Hümbətovların CODA təşkilatının demokratiya imicini formalaşdırır.
(Burada hədəf yayındırmaq üçün Hümbətovların təşkilatının adının
bilərəkdən “Codastory” təşkilatına uyğun seçilə biləcəyi də istisna
deyil).
c) Azərbaycanda “yaradılacaq qarışıqlıqda” CODA
demokratiyanın müdafiəsi təşkilatı olaraq proseslərə müdaxilə
hüququnu qazanır.
d) Beləliklə, separatçılar Azərbaycana
“demokratiya” adı altında “giriş hüququ” əldə edir. Nəticədə
“demokratik inqilab” adı ilə başladılan xaosda Azərbaycan bölünmə
təhlükəsi ilə üzləşir.
Bu indiki məqamda konspiroloji görünə bilər, lakin hadisələrin
inkişafı fonunda bütün daşlar yerinə oturur: Hədəf Azərbaycanın
dövlət quruluşudur. Ermənilər belə məqsədlərinin olduğunu gizlətmir
və görünür, “Meydan Tv” bu prosesin informasiya cəbhəsini təşkil
edir.
Asif Nərimanlı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ