• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İrəvana ordu YERİDİLƏCƏK, üç cəbhədə HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvana ordu YERİDİLƏCƏK, üç cəbhədə HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma siyasətinə üz tutur. Koreya Xalq Demokratik Respublikası Sakit okeanında yerləşən ABŞ-a aid Quam adasına raket zərbəsi endirmək planını təxirə salıb. İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər. ABŞ-ın öldürücü silahları artıq Ukraynaya çatdırılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi Rusiyanın növbəti planları barədə yazıb. Taliban ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasını tələb edib.

Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma siyasətinə üz tutur. Bu ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryanın “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.

S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə bel bağlamamalıdır: “Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında diversifikasiya edəcəyik”.

Təbii ki, Koçaryan birbaşa tabe olduğu nazir Edvard Nalbandyanın, Nalbandyan isə Serj Sarkisyanın fikrini çatrırır. Yəni İrəvan Moskvaya mesaj verir, lakin burada mesajdan daha çox yeni siyasi oriyentasiyanın də elementləri görünür.

Bu kontekstdə erməni jurnalist Tevos Arşakyanın yazdıqları diqqət çəkir.

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb. Bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib.

Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.

Yaranmış bu vəziyyət Rusiyanı narahat edir, xüsusilə erməni hərbi birləşmələrinin NATO-nun Gürcüstanda keçirdiyi sonuncu təlimlərə qatılması vəziyyətin ağırlığından xəbər verir.

Koreya yarımadasında Seulla razılaşdırılmadan hərbi fəaliyyətlər aparılması mümkün deyil. Bu sözləri Cənubi Koreya lideri Mun Çje İn deyib.

“Hakimiyyət istənilən yolla müharibənin qarşısını alacaq. Bu yolda nə qədər enişlər və ya yoxuşlar olsa da, biz Koreya yarımadasının nüvə problemini sülh yolu ilə həll etməliyik”, - prezident bildirib.

Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında olan gərginlik Şimali Koreyanın ABŞ-ın Quam adalarına hücuma hazırlaşması ilə bağlı yayılan xəbərlərlə ən yüksək həddə çatıb.

Şimali Koreya islamçı terrorist qruplarla milyonlarla funt dəyərində silah, raket və bombalar ticarəti aparır. Bu barədə ABŞ-da İslam ekstremizmi ilə bağlı araşdırmalar aparan “Klarion” təşkilatının hesabatında deyilib.

Tətbiq edilən sərt sanksiya rejimi Şimali Koreyanı əlavə maliyyə mənbələri axtarmağa vadar edir. Ekspertlər bu vəziyyətin Şimali Koreyanın İŞİD və Əl-Qaidə kimi terror təşkilatları ilə silah ticarəti barədə razılıq əldə etməsinə gətirib çıxaracağından narahatdır.

“Pxenyan rejiminin silah satışı ilə bağlı heç bir problemi yoxdur. Ölkə cihad üçün mübarizə aparanların obyektinə çevrilməyib. Buna görə də, Şimali Koreya hətta Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarını tanımaq və birbaşa silah satmaq həddinə qədər gedib çıxsa, təəccüblənməyin”, - hesabatda deyilir.

Pxenyanın silah ticarəti apardığı terror qrupları arasında Həmas və Hizbullah da var.

Hesabata görə, Hizbullah döyüşçüləri Şimali Koreyada təlim keçib, ötən əsrin 80-ci illərində isə Pxenyan mühəndisləri Həmas üçün İsraildə tünel tikilməsinə yardım edib.

Koreya Xalq Demokratik Respublikası Sakit okeanında yerləşən ABŞ-a aid Quam adasına raket zərbəsi endirmək planını təxirə salıb. Bu haqda Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) rəsmi mənbələrə istinadən yazıb.

Məlumata görə, Şimali Koreya ordusunun təqdim etdiyi planları qiymətləndirən dövlət başçısı Kim Çen In zərbə planını təxirə salıb.

Qeyd edək ki, Quam adasındakı Anderson hərbi hava bazası ilə Şimali Koreya arasında 3400 kilometr məsafə var. Daha əvvəl yayılan məlumata görə, zərbə planında Quam adasına 4 raket zərbəsinin endirilməsi nəzərdə tutulub.

İraq ordusu İŞİD terror təşkilatının nəzarətində olan Telafer şəhərinin azad edilməsi üzrə əməliyyata başlayıb. Ölkənin Müdafiə Nazirliyi İŞİD-in mövqelərinə aviazərbələrin başlandığını elan edib.

Mosul şəhərindən 50 kilometr qərbdə yerləşən Telafer Suriya ilə sərhəddə terror qruplaşmasının son böyük qalası hesab edilir. Sünni türkmanlar şəhər əhalisinin əksəriyyətini təşkil edir.

ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər. Bunu İran prezidenti Həsən Ruhani deyib.

“Sanksiyalar üzrə uğursuz təcrübə ABŞ-ın əvvəlki administrasiyasını danışıqlar stolu arxasına gətirib çıxardı. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, şübhəsiz ki, biz qısa vaxtda, həftələr və ya aylar deyil, yaxın günlər və saatlarda əvvəlki vəziyyətimizə qayıdacağıq”, - İran prezidenti bildirib.

Moskva isə hesab edir ki, İranın nüvə razılaşmasından çıxmaması üçün diplomatlar dərhal işə başlamalıdır, əks halda toplar danışacaq.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman Yəmən müharibəsindən çıxmaq istəyir. Bu haqda iki amerikalı diplomatın mediaya sızan məktublarında deyilir.

Səudiyyə şahzadəsi 2015-ci ildə Yəməndə ərəb koalisiyasının başladığı “Qətiyyətli fırtına" əməliyyatının əsas təşəbbüskarlarından biri idi. ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İnduk və BƏƏ-dəki səfiri Yousef Otaiba arasındakı elektron yazışmalara görə, “praqmatik lider” adlandırılan şahzadə Yəməndən çıxmaq istəyir.

Qeyd edək ki, Yəməndə şiə husilərə qarşı ərəb koalisiyasının əməliyyatı 2015-ci ildə başlanıb. 27 milyon əhalisi olan Yəməndə iki ildir ki, milyonlarla adam aclıq təhlükəsi ilə yaşayır.

Bəşər Əsəd rejimi Türkiyənin Hatay vilayətini Suriya torpağı olaraq təqdim edib. Əsəd generallarının İranın dəstəklədiyi şiə milisləri ilə birgə keçirdiyi müzakirələrdə masa üzərindəki xəritə diqqət çəkib. Xəritədə Türkiyənin Hatay vilayəti Suriya torpağı olaraq göstərilir.

Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Metin Gürcan qalmaqallı xəritə ilə bağlı Tvitterdə açıqlama yayıb.

“Bu prixoloji müharibədir. Suriyalı generallar Hatayı Suriya torpağı olaraq göstərən xəritə üzərində müzakirə aparmaqla Ankaraya mesaj verirlər. Əgər generallar bunu ciddi şəkildə müzakirə edirlərsə, çox cahildirlər, yaxud belə bir poza verirlərsə, gülməlidirlər”, - deyə Gürcan qeyd edib.

“Yeni Şəfəq”in köşə yazarı İbrahim Karagül isə bugünkü yazısında Suriyadakı oyuna diqqət çəkib.

“Afrinə müdaxilə etmək, yəni “terror dəhlizi”nin (ABŞ-ın Türkiyənin cənubunda yaratmaq istədiyi “kürd dəhlizi”- red.) Aralıq dənizinə çıxışının qapısını bağlamaqdan savayı yolumuz yoxdur. Məsələ artıq Suriya məsələsi yox, Türkiyə məsələsidir. Bunu etməsək, yaxın zamanlarda yüz kilometrlərlə məsafədə yaradılacaq “Türkiyə cəbhəsi” ilə üz-üzə qalacağıq. Hədəf 2019-cu ildən öncə Türkiyəyə qarşı bu ssenarini həyata keçirməkdir. Diqqətləri çəkmək üçün “Hatayı da alırlar” görüntüsü yaradaraq, əslində müharibəni Türkiyəyə transfer etməyi planlaşdırırlar”, - deyə İ.Karagül vurğulayıb.

ABŞ-ın öldürücü silahları artıq Ukraynaya çatdırılıb. Bu haqda hərbi jurnalist Yuri Butusov Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, 12,7 millimetr kalibrli “Barrett” M82 və M107snayper tüfəngləri partiyasının çatdırılmalarından sonra Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya PSRL-1 əl qumbaraatanlarını alıb.

Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib. Hətta ötən il Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib.

Ukrayna xüsusi xidmət orqanları Krımda silsilə təxribatlar törətməyə hazırlaşır. Bu sözləri Krım hökumətinin rəsmisi Zaur Smirnov deyib.

Onun sözlərinə görə, xüsusi xidmət orqanları seçilmiş şəxslər vasitəsi ilə krımlıları etiraz nümayişləri keçirməyə və onları piketlərə getməyə təşviq edir.

“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Ukrayna xüsusi xidmət orqanları fəaliyyətləri Rusiyada qadağan olunmuş təşkilatlar vasitəsi ilə Krımda silsilə təxribatlar törətməyə hazırlaşır”, - Smirnov bildirib.

Smirnov əhalini bu tip provakasiya xarakterli addımlardan qorunmağa çağırıb.

Rusiya Ukraynada strateji müvəffəqiyyətsizlikdən sonra Avropa ölkələrində destabilizasiya cəhdlərinə təşəbbüs edəcək. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

Analitik mərkəzi qeyd edir ki, Moskva bunu hibrid metodlardan istifadə edərək reallaşdırmağa çalışacaq, çünki hərbi müdaxilə ağlasığmazdır.

İlk növbədə, Kremlin zərbəsinə Baltikyanı ölkələr, həmçinin Balkan, Mərkəzi və Cənubi Avropa dövlətləri tuş gələcək. Kəşfiyyat vurğulayır ki, Rusiyanın hibrid döyüşləri qarşısında Baltikyanı ölkələr ən zəif halqadır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda diversiya hazırlığında şübhəli bilinən şəxsi saxlayıblar. FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən şübhəlinin Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu bildirilir. Məlumata görə, diversiya aktları “yarımadanın infrastruktur obyektləri və həyat təminatına qarşı” hazırlanırdı.

Agent, xüsusi halda, Sudak-Novıy elektrikötürücü xəttini yararsız vəziyyətə salmalı və yanğın yolu ilə meşə massivlərini məhv etməli idi.

Saxlanılan şəxs Xarkov vilayətinin sakini Genadi Lemeşkodur. O daha əvvəl Donbasda silahlı konflikt zonasında böyük kəşfiyyatçı idi.

Taliban Donald Trampa açıq məktub ünvanlayaraq ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasını tələb edib. Məlumata görə, Taliban göndərdiyi məktubda ölkədə durmadan artan gərginliyi Əfqanıstanda xarici hərbi kontingentin mövcudluğu ilə əlaqələndirib. Bundan əlavə Taliban koalisiya qüvvələrini ölkəni dağıtmaqda ittiham edərək, Əfqanıstanın təhlükəsizlik, iqtisadiyyat və hökumət idarəçiliyi baxımından dəhşətli vəziyyətə salındığını bildirib.

Qeyd edək ki, ABŞ tərəfindən 2001-ci ildən Əfqanıstanda “anti-terror” əməliyyatları aparılır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR