Tehran sammiti: İlham Əliyev, Ruhani və Putindən böyük həmlə
Bizi izləyin

Nida Təhlil

Tehran sammiti: İlham Əliyev, Ruhani və Putindən böyük həmlə

Tehranda Azərbaycan-İran-Rusiya üçtərəfli formatda görüşü baş tutdu. Hər üç ölkənin liderinin iştirak etdiyi görüş regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.

Publika.az
xəbər verir ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır. Bu dostluq əlaqələri siyasi və iqtisadi münasibətlərə də müsbət mənada sirayət edir. Tehranda keçirilən üçtərəfli görüş bunun bariz nümunəsi hesab oluna bilər.

Ümumiyyətlə, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Tehran sammitindən öncə Bakıda baş tutan Bakı-Tbilisi-Qars dəmiryolunun açılış mərasimi da buna bariz nümunədir.

Bu gün regionda aktiv fəaliyyət göstərən Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlar Azərbaycanın təşəbbüsü ilə yaranıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşmüş və bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edibdir. Ekspertlər hesab edirlər ki, Azərbaycan liderinin təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı ilk növbədə regional təhlikəsizlik məsələləri müzakirə olundu, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terririzm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulandı.

Gündəlikdə duran digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirildi, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu qeyd edildi və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirildi. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilibdir.

Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olunubdur. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilibdir.

Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məsələlər müzakirə olunubdur. Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilibdir.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən layihədir. Layihə üzrə ilk saziş 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonradan Azərbaycan, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə və Ukrayna da Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulublar. Layihə 3 əsas marşrut üzrə – Transxəzər, Şərq və Qərb marşrutu üzrə həyata keçirilir. Bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatdırılacaq. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var.

Bu layihə Avropa və Hind okeanı hövzəsi arasında tranzit yükdaşımalardan böyük həcmli dividentlər əldə olunmasına imkan yaradır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm