Nida Təhlil
“11 sentyabr”dan sonra “Mülayim İslam” mərhələsi və Körfəzdən müdaxilə planı - TƏHLİL
Asif Nərimanlı
Hər şey noyabrın 4-də Livanın baş naziri Saad Haririnin gözlənilməz addımı ilə başladı. O, “Məni öldürəcəklər” dedi, Ər-Riyada qaçdı və istefa verdi. Saad Haririnin bu addımı onun 2005-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilən atası Refik Haririnin taleyini yaşamaq qorxusundan daha çox, Yaxın Şərqdə başa çatmayan planın yeni mərhələdə davam etməsindən qaynaqlanır. Söhbət Suriyada və İraqda regional güclərin - Türkiyə, İran və Rusiyanın güc balansını ələ keçirməsi ilə məğlub duruma düşən, yaxud belə görünən Amerikanın hədəfə doğru gedən yolu dəyişdirməsindən gedir. Bu, həm də “11 sentyabr”dan sonra Şərqə doğru hücumda ikinci mərhələdir.
Hadisələrin axını: Saad Hariri
noyabrın 4-də Ər-Riyada gəldi və istefa verdi, eyni gündə Səudiyyə
Ərəbistanı Yəməndə İrana bağlı husilərin Ər-Riyada uzaq mənzilli
raket atdıqlarını, lakin bu raketlərin “Patriot” hava hücumundan
müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini iddia etdi.
Noyabrın 5-də kral Salman bin Əbdüləziz əs-Səudun əmri ilə
anti-korrupsiya əməliyyatı başladı və 11 şahzadə, 39 vəzifəli şəxs
həbs edildi. Əməliyyatın başladığı vaxt Səudiyyə Ərəbistanının
Yəmənlə sərhəd bölgəsində içində şahzadə Mənsur bin Mukrun və 8
yüksək rütbəli şəxsi daşıyan helikopter qəzaya uğradı, hər kəs
öldü. Bu hadisələrin fonunda Saad Haririnin Ər-Riyada qaçışı və
istefa verməsindən bir həftə öncə İranın dini lideri Xameneinin
xüsusi nümayəndəsi Əli Vilayətinin Beyruta gəlişi və Haririni
təhdid etməsi haqda irəli sürülən iddia diqqət çəkir. (Bu iddianı
Ər-Riyad gündəmə gətirdi).
Prosesləri birləşdirəndə ümumi mənzərə belə
görünür: İran Livanda xüsusi gücə malik olan Hizbullah
üzərindən Haririni ölümlə təhdid edir; Yəməndəki husilər İranın
əmri ilə Ər-Riyada uzaqmənzilli raket atır (Qərb mediası husilərin
uzaqmənzilli raketə sahib olmadıqları və bu raketin İran tərəfindən
onlara verildiyi iddiası üzərində israrla dayanır); Yəmən
sərhədində şahzadə və yüksək rütbəli şəxslərin ölümü ilə
nəticələnən helikopter qəzası husilər tərəfindən (yenə nəzərlər
İrana yönəlir) təşkil edilən sui-qəsdir, hansı ki, Ər-Riyadda bu
versiya irəli sürüldü; Səudiyyə Ərəbistanında başlanan
anti-korrupsiya əməliyyatı isə birbaşa bu ölkənin daxili işidir.
Hadisələr şüurlu şəkildə bu cür təqdim edilir və bütün nəzərlər
İrana yönəlir. Çünki topun ağzındakı ölkə İrandır.
Hadisələrin üzərindən sürətlə keçsək, “nəzərlərin İrana
yönəldilməsi diqqətin saray çevrilişinə hesablanmış Ər-Riyaddakı
əməliyyatdan yayındırılmasına hesablanıb” versiyası
inandırıcı görünür. Lakin baş verənlər Səudiyyənin daxili məsələsi
olmasından daha artıq Yaxın Şərqin dizayn edilməsi üçün illərdir
aparılan müharibənin növbəti mərhələsinin bir parçasıdır. Və hər
şey heç də Ər-Riyaddakı saray çevrilişi və Saad Haririyə qarşı ölüm
təhdidi ilə yekunlaşmır.
Bəli, Ər-Riyadda saray çevrilişi baş verdi:
Əslində bu çevrilişə hazırlığın 2015-ci ildə kral Salmanın əmri ilə
edam edilən şiə məzhəbinə məxsus Ən-Nimrinin cəsədinin ipdən
sallanması ilə başladığını desək, yanılmarıq. Həmin vaxt
apardığımız təhlildə Ən-Nimrinin edam edilməsinin səbəblərindən
birinin diqqətin onunla birgə birinci vəliəhd Məhəmməd bin Nayifin
46 tərəfdarının, dolayısı ilə krala qarşı olanların asılmasından
yayındırılmasına və saraydaxili mübarizəyə hesablandığını
yazmışdıq. (Oxu: Müsəlman
Ferdinandın edamı: I İslam müharibəsi başlayır?!).
Kral Salman taxta oturan kimi qardaşını vəliəhd titulundan məhrum
edərək, qardaşı oğlu Məhəmməd bin Nayifi birinci, öz oğlu Məhəmməd
bin Salmanı isə ikinci vəliəhd elan etdi. Bu, Səudiyyədə illərdir
davam edən iyerarxiyanın pozulması idi. Lakin kralın öz oğlunu
birinci yox, ikinci vəliəhd etməsi iyerarxiya pozuntusunun ciddi
problemə çevrilməsinin qarşısını aldı. Kralın məqsədi də oğlu
Məhəmməd bin Salmanı iyerarxiya pillələrini birdən yox, bir-bir
qalxmasını təmin etmək idi. 2015-ci ildə 30 yaşlı Məhəmməd bin
Salmanın Suriya və İraqda tüğyan edən terrora qarşı “İslam
koalisiyası” yaratması onu ön plana çıxardı. Bunun əksinə olaraq,
Nayif daha çox mühafizəkar kəsimə - radikallara, konkretləşdirsək,
“Əl-Qaidə”yə rəğbət bəsləyənlərə yaxın idi. Edamla Nayifin dəstəyi
qırıldı və 2017-ci ilin iyununda onun birinci vəliəhd titulu kralın
oğlu Məhəmməd bin Salmana keçdi, daha sonra Nayif həbs olundu.
Şahzadələrə qarşı əməliyyat isə Məhəmməd bin Salmanın yolunun
açılmasındakı son mərhələ idi. Artıq ölkədə əsas söz sahibi odur və
onun atasının ölümünü gözləmədən taxta əyləşəcəyi haqda iddialar da
təsadüfi deyil. Lakin kifayət qədər dərin iyerarxiyaya malik olan
Səudiyyədə baş verən bütün bu oyunun arxasında təkcə kral dayanmır.
Oyunu idarə edən Amerikadır.
ABŞ-ın Ər-Riyadda saray çevrilişi: Tramp prezident
olaraq xarici ölkəyə ilk səfərini mayın 20-də Səudiyyəyə etdi. Onun
səfərindən təxminən bir ay sonra birinci vəliəhd Nayif titulundan
məhrum edilərək həbs olundu, yerinə Məhəmməd bin Salman keçdi. Bu,
birinci mərhələ idi. Əslində Trampın Ər-Riyadda olduğu vaxt
“Ərəb-İslam-Amerika” sammitini təşkil etməsi, ardınca baş verən
Qətər böhranı ABŞ-ın bölgədə Səudiyyəni əsas güc olaraq
formalaşdırmaq planının başlanğıcı idi və bu yeni gücün başında
kral Salman bin Əbdüləziz yox, oğlu bin Salmanın olacağı hələ o
vaxt görünürdü. (Oxu: Səhrada qanlı döyüş ABŞ-ın Körfəzdə böyük
oyunu). Nayifin “vurulması” ilə bin Salmana qarşı
olanlara (daha doğrusu Səudiyyənin yaradılmasında ideoloji güc olan
sələfiliyə) ilk zərbə endirildi. Lakin Trampın səfərindən sonra
Ər-Riyadın bölgədə gözlənilən aktivliyi nümayiş etdirməməsi
təəccüblü idi. Daşlar şahzadələrə qarşı əməliyyatdan sonra
yerinə oturdu. Görünür, ilk mərhələ başa çatsa da, saray
daxilindəki müxalifətin təmizlənməsi planı hazırlanırmış.
Şahzadələrin həbsi ilə bu mərhələ də başa çatmış hesab oluna bilər.
Səudiyyə indi ABŞ-ın istədiyi formaya salınıb.
Burada diqqət çəkən bir məqam bütün proseslərin ana
hədəfini göstərir: Həbs olunan şahzadələr vəliəhd Məhəmməd
bin Salmanın “Mülayim İslam” tezisinə qarşı olanlar, dolayısı ilə
Səudiyyənin dini-siyasi idealogiyası olan sələfiliyin
tərəfdarlarıdır.
Və maraqlıdır:
11 sentyabrdan sonra “Şərqin işğalı” ekspedisiyasına başlayan ABŞ
“İslam terrorizmi” tezisindən yararlandı və bu terrorizm məhz
sələfilik ideologiyası üzərində qurulurdu: Əl-Qaidədən başlamış
İŞİD-ə qədər...
Və o da maraqlıdır:
ABŞ-ın “İslam terrorizmi” tezisi üçün baza olaraq seçdiyi
sələfiliyin vətəni olan Səudiyyə Ərəbistanı “Mülayim İslama”
keçir.
Bu, bir-birinin əksinə olan iki tezis əslində ABŞ-ın “Şərqin
işğalı” ekspedisiyasının iki mərhələsini təşkil edir: “11
sentyabr”la başlanan birinci mərhələ İslama qarşı İslamın içindən
çıxmışlarla aparılan müharibədə “sonuncu mogikan” hesab olunacaq
İŞİD-in Suriyada elə ABŞ tərəfindən tamamilə “məğlub edilməsi” və
“səhraya qayıdış”ı ilə başa çatdı; İndi ikinci mərhələ - “Mülayim
İslam” başlanır.
“Mülayim İslam” tezisinə ABŞ-ın istəyi ilə vəliəhd Məhəmməd bin
Salman müəlliflik etdi. Bunu kral Salmanın özü də edə bilərdi,
lakin Amerika üçün yaşlı yox, daha gənc və idarəolunması daha asan
kral – bin Salman sərfəlidir. Həmçinin, yeni ideologiyanın ömrü
boyu sələfiliyə xidmət etmiş qoca kral tərəfindən irəli sürülməsi
istənilən effekti verməyə bilərdi. Trampın Ər-Riyada gəlişindən
sonra Nayifin “vurulması”, daha sonra şahzadələrə qarşı “təmizləmə”
əməliyyatı məhz Səudiyyəni Məhəmməd bin Salmanın rəhbərliyi altında
“Mülayim İslam”a hazırlamaq idi və bu gün ABŞ-ın istəyinə nail
olduğu görünür.
İSLAM HƏDƏFİ: Amerika – Qərb (həm də İsrail) uzun
illərdir İslam dünyasına nəzarəti ələ keçirmək üçün bütün
vasitələrə əl atır. İslamın məhvi üçün “terrorizm mərhələsi” uğurla
nəticələnmədi. (Yaxud da hədəfin elə terrorla İslam
dünyasını parçalamaq olduğunu düşünsək, birinci mərhələnin müəyyən
çatışmazlıqlarla başa çatdığını deyə bilərik). Terror
ABŞ-ın bölgədəki nüfuzunu zədələdi və regional güclərin
mübarizəsinin haqlı olduğunu sübut etdi. İndi Amerikaya (bu
cəbhəni bütövlükdə Qərb dünyası, “Dərin Amerika”, yaxud qlobal
sərmayə də adlandıra bilərik) özünün nəzarətində olan,
İslam dünyasına liderlik edəcək, şiə və sünni məzhəblərinə, eləcə
də digər təriqətlərə nüfuz edə biləcək “Mülayim İslam ölkəsi”
lazımdır. Əvvəlcə bu ölkə Türkiyə olaraq seçilmişdi. Çünki Səudiyyə
ilə müqayisədə Türkiyə həqiqi mənada “Mülayim İslam”ın olduğu
ölkədir. 2016-cı ilin 15 iyulunda Ərdoğanı devirmək üçün başlanan
dövlət çevrilişinə cəhdin əsas hədəfi də bu idi: ABŞ-ın yaratdığı
FETÖ hakimiyyətə gəlir, onların rəhbərliyindəki Türkiyə İslam
dünyasını öz şəmsiyyəsi altına toplayır, Türkiyə İslam dünyasına
(eləcə də türk dünyasına) rəhbərlik edir, Amerika da Türkiyəyə.
(Oxu: Menderesi asıb, Ərdoğanı öldürmək istəyənlərin
“Yeni Türkiyə” planı).
Lakin bu plan Türkiyədə baş tutmadı və Ərdoğan 15 iyuldan sonra
Türkiyənin siyasi yönünü Şərqə doğru dəyişdirərək, Amerikanın
arzulamadığı “müstəqil siyasət” xəttini seçdi. Bu gün ABŞ öz səhvi
ucbatından Türkiyəni itirmiş vəziyyətdədir və indi eyni səhvi
Səudiyyədə təkrarlamaq istəmir. Məhz buna görə sələfilik
idealogiyasının tərəfdarı olanlar “təmizlənənə” qədər gözlədi,
yalnız bundan sonra “Mülayim İslam” mərhələsinə keçid edildi.
Amerika Səudiyyədən İslam dünyasında öz nəzarətindəki əsas güc
düzəltmək istəyir. İslamın paytaxtı olan Məkkə və Mədinə Səudiyyədə
olsa da, sələfizm məzhəb ayrılığına görə Ər-Riyadın lider olmaq
potensialını sıradan çıxarır. Sələfizmin arxa plana keçdiyi
“Mülayim İslam” ölkəsi olacaq Səudiyyə isə ABŞ-a İslam dünyasını
ələ almağa, eləcə də Vaşinqtona əks-cəbhədə dayanan islam
ölkələrinə – İran və Türkiyəyə qarşı döyüşməyə imkan verə
bilər.
Səudiyyədəki “saray çevrilişi”nin ANA HƏDƏFİ budur
(Ana hədəfin elementləri sırasına İsrailin istəkləri də daxildir:
çünki həbs edilən şahzadələr arasında bəziləri anti-İsrail mövqeyi
və Həmasa dəstəyi ilə seçilirdi).
İkinci mərhələnin niyə indi başlaması isə bölgənin siyasi mənzərəsi
fonunda diqqət çəkir:
AMERİKANIN GERİ DÖNÜŞÜ: ABŞ Suriyada İŞİD-in son
qalası olan Rakkanı Suriya Demokratik Gücləri adı altında topladığı
PKK/PYD/YPG vasitəsilə azad etdi. Bundan sonra İŞİD “səhraya
qayıdış”ını elan etdi. Bu, o deməkdir ki, “11 sentyabr”dan sonra
başlanan “terrorizm mərhələsi” sonlanıb və ikinci mərhələni –
“Mülayim İslam”ı başlamağın vaxtıdır. Lakin Yaxın Şərqin siyasi
mənzərəsində regional güclərin – Türkiyə, İran, Rusiya önə çıxdığı,
ABŞ-ın itkilərlə üzləşdiyi görünür.
Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu”
Amerikanın “əlində partladı”. Mərkəzi Bağdad hökuməti İran və
Türkiyə ilə birgə hərəkət edərək, Ərbili məğlub etdi. Ardınca
Türkiyə sərhədinə çıxmaqla Şimali İraq kürdlərinin Suriyanın
şimalındakı kürdlərlə quru əlaqəsini kəsdi. Bu, Şimali İraqda
kürdləri müstəqil edərək, bu bölgəni Suriyanın şimalına
birləşdirmək və burada yerləşən PYD (PKK-nın Suriya qolu) ilə
birlikdə Aralıq dənizinə çıxmaq üçün ABŞ-ın hazırladığı “kürd
dəhlizi” layihəsinin də arxa plana keçməsi idi. Türkiyə dərhal İran
və Rusiya ilə anlaşaraq, İdlib əməliyyatına başladı. Bu əməliyyat
PYD-nin Afrin kantonu ilə birləşmək və Aralıq dənizinə çıxmaq
hədəfinin tamamilə sıradan çıxarılmasıdır. Dolayısı ilə ABŞ-ın
“kürd dəhlizi” yaratmaq və bölgədə kürd faktorundan silah olaraq
istifadə etmək planları ciddi zərbələrlə üzləşdi. Amerika Suriyada
və İraqda məğlub vəziyyətə düşdü, lakin bu, onun geri çəkildiyi
demək deyil.
Səudiyyədə gələcəkdə bin Salmanın yolunu açacaq, indiki məqamda isə
kral Əbdüləzizin əlini gücləndirəcək əməliyyatlar və Livanın baş
nazirinin istefası ABŞ-ın Körfəz üzərindən geri qayıdış planıdır.
Çünki Amerikanın Suriyada məğlub vəziyyətə düşməsi ilk növbədə
İranın regionda güclənməsi ilə nəticələndi:
1. Hazırda əlini gücləndirən İran Vaşinqtonun bu
ölkə ilə bağlı planına və bölgədə İsrailin təhlükəsizliyinə ciddi
təhlükə hesab olunur.
2. Türkiyənin İran və Rusiya ilə anlaşaraq, İdlib
əməliyyatına başlaması bu üç ölkənin birlikdə Suriya planını həyata
keçirəcəklərinə də işarədir. Bu, baş verərsə, Böyük Yaxın Şərq
Planının yeri bundan sonra tozlu rəflər olacaq.
Və Amerika ilk olaraq iki diplomatik addımla
hərəkətə keçdi:
birinci: Səudiyyə kralı Əbdüləziz tarixdə ilk dəfə
olaraq Rusiyaya səfər etdi. Səfərdə ən diqqətçəkən məqam
Səudiyyənin Rusiyadan silah alması ilə bağlı müqavilənin
imzalanması idi. Məlumatlara görə, Rusiya Səudiyyəyə S-400 hava
hücumundan müdafiə sistemi satacaq. Maraqlıdır: Rusiyadan S-400
aldığına görə, ABŞ və NATO Türkiyəyə təzyiqlər etdi və bu, hazırda
da davam edir. Lakin indiki məqamda bölgədə Amerikanın yeganə
müttəfiqi olaraq bilinən Səudiyyənin ruslarla anlaşması normal
qarşılandı. Məntiqə görə, eyni təzyiq Səudiyyəyə də edilməli idi,
xüsusilə ABŞ-ın 400 milyard dollarlıq silah müqaviləsi imzaladığı
bazara Rusiyanın girməsi qəbul edilməməlidir. Lakin bunun tam əksi
müşahidə olunur. Hesab etmək olar ki, kral Əbdüləziz məhz ABŞ-ın
istəyinə uyğun olaraq Moskvaya səfər edərək, ruslarla yaxınlaşır.
Məqsəd Rusiyanın neytrallaşdırmaq və İranı dəstəkdən məhrum
etməkdir. Həmçinin, bu, Suriyada üçlük ittifaqının – Türkiyə, İran,
Rusiya – birinin az da olsa dəstəyini qazanmaq cəhdidir.
ikinci: Tramp Çinə səfər etdi və bu ölkə ilə
ikitərəfli müqavilələr imzaladı. Çin səfərində ABŞ-ın Koreya
yarımadası strategiyası və silah ticarəti ilə yanaşı, Rusiyanın
Pekinin dəstəyindən məhrum edilməsi ehtimalı da görünür. Çinin
Trampın səfərindən sonra Rusiyaya qarşı cəbhə almayacağı məlumdur,
lakin ABŞ ən azından Pekinin neytrallığını təmin etməyə çalışır.
Cari hədəfdə Rusiyanı vurmaq yox, uzlaşacağı vəziyyətə salmaq
var.
(ABŞ-ın Suriyada Əsəd rejimi ilə razılaşmaq üçün gizli
danışıqlar apardığına dair iddialar da həmlələrdən biri hesab oluna
bilər).
Lakin bu manevrlər Amerikaya istədiyini vermir, yaxud verəcəyini
demək çətindir. Əvəzində vaxt itirmək regional güclərin daha da
yaxınlaşması və onun bölgədən uzaqlaşdırılması deməkdir. Bu
baxımdan, Səudiyyədə “ikinci mərhələ”nin başladılması təsadüfi
deyil. Livanın baş nazirinin istefası və husilərin hücumunun eyni
vaxtda düşməsi də böyük pazlın parçalarıdır.
a) Husilərin Ər-Riyada hücum etməsi, eləcə də
Yəmən sərhədinə yaxın bölgədə şahzadənin olduğu təyyarəni vurması
iddiaları üç məqsədə xidmət edirdi: Səudiyyədə “saray
çevrilişi” zamanı “xarici təhlükə” obrazının gücləndirməklə daxili
aidutoriyanı nəzarətdə saxlamaq; İranı hücum edən tərəf kimi
göstərərək, ona veriləcək cavabı legitimləşdirmək; Yəməndə husilərə
qarşı yeni əməliyyatın başlamasına əsas yaratmaq.
Amerika Səudiyyədə “saray çevrilişi” zamanı kənar təhlükəni
qabartmaqla həm “Mülayim İslam”a qarşı olanları təmizlədi, həm də
hazırki məqamda kral Əbdüləzizin saray daxilində mövqeyini
gücləndirdi. Çünki cari hədəfdəki planları həyata keçirmək üçün
ABŞ-a daxili çatların olmadığı, kralın alternativsiz söz sahibinə
çevrildiyi Səudiyyə lazımdır. Bununla yanaşı, Yəməndən husilərin
“hücumu” Səudiyyənin ABŞ-ın dəstəyi ilə onlara qarşı yeni
əməliyyata başlamasına əsas verir. Burada hədəf İranın Yəməndə əsas
gücü olan husiləri sıradan çıxarmaq, dolayısı ilə Tehranın bu
ölkəyə uzanan əl-qolunu kəsməkdir. Bu baxımdan, yaxın dövrdə
Yəməndə hökumət qüvvələrinin ABŞ və Səudiyyənin dəstəyi ilə
husilərə qarşı həlledici əməliyyata başlayacağı gözləniləndir.
Çünki: Yəmən Tehran və Ər-Riyadın nüfuz uğrunda
savaşdığı ən vacib nöqtələrdən biridir; Oman dənizi ilə Qırmızı
dənizin kəsişdiyi yerdə yerləşən bu ölkə Şərqi Afrika sahillərini
nəzarətdə saxlamaq üçün strateji önəmə sahibdir; Eyni zamanda,
Səudiyyə Ərəbistanını cənubdan əhatələyən Yəmən İranın regional güc
olmaq yolundakı əhəmiyyətli dayanacaqdır; Tehranın Yəməndə üstün
olması Qırmızı-Oman-Bəsrə-Hörmüz xətti istiqamətində işləyən enerji
daşıma xəttinə nəzarət imkanı təmin edə bilər; Bu xəttin əsasını
təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə biləcəyi
məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini bir-birindən
ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab olunur.
İranı vurmağı planlaşdıran ABŞ-Səudiyyə Ərəbistanı Yəmən və
Livandan başlayacaq.
b) Bu kontekstdə Livanın baş naziri Saad Haririnin
ölkədən qaçışı və istefası təsadüfi deyil. Haririnin İranın bölgədə
əsas rıçaqlarından olan Livandakı Hizbullah ordusu tərəfindən
təhdid edildiyi iddia edilir. Baş nazir məhz Ər-Riyada gedəndən
sonra “məni öldürəcəklər” sözlərini dedi və istefanı da məhz orada
verdi. Hətta onun buna məcbur edildiyinə dair informasiyalar da
var. Hesab etmək olar ki, Haririni ABŞ-Səudiyyə buna məcbur edib və
hədəf Livanda Hizbullaha qarşı “anti-terror” əməliyyatının
başlanmasına əsas yaratmaqdır.
Çünki: İran üçün Livanda fəaliyyət göstərən
Hizbullah ordusu bölgədə Tehranın maraqlarının müdafiəsi üçün hər
an tətikdə dayanmış hərbi-ideoloji gücdür. İran Hizbullahla təmas
qurmaq üçün İraq-Suriya xəttini istifadə edir. Bu xətti kəsmək üçün
İran Suriyadan vurulurdu, lakin faktiki olaraq, ABŞ Suriyada zəif
duruma düşdü. Görünür, hədəfə gedən yolda Suriya Livanla
əvəzlənəcək və bu ölkə yeni müharibə meydanı ola bilər.
Livan və Yəməndə müharibə başlayacaqsa, bu İrana qarşı “ikinci
cəbhə” olacaq: husilər və Hizbullah – İranın bölgədəki əlləri –
zəifləyə, həmçinin, Ranın Suriyadakı gücü parçalana bilər. Lakin
“ikinci cəbhə” həm də Türkiyə-İran-Rusiya xəttinə qarşı olacaq.
Baş verənlər ABŞ-ın itirdiklərini geri qaytarmaq və Yaxın Şərq
planını davam etdirmək üçün Körfəzdən müdaxilə etdiyini göstərir.
Bunun fonunda, Ərdoğanla Putinin Soçi görüşü (Oxu: Ərdoğan çantasında Putinə nə aparır?) və bu
görüşdən təxminən 10 gün sonra – noyabrın 22-də Moskvada
planlaşdırılan Ərdoğan-Putin-Ruhani danışıqları maraqlıdır. Artıq
ABŞ-ın “Mülayim İslam” adı altında başladığı ikinci mərhələdə iki
cəbhə üz-üzədir: ABŞ-İsrail-Səudiyyə Ərəbistanı və
Türkiyə-İran-Rusiya. Moskvadakı görüşdən sonra Yaxın Şərq
xəritəsində yeni proseslər başlanacaq.
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR