• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Yaxın saatlarda veriləcək SAVAŞ ƏMRİ, Moskvada təsdiq olunacaq PLAN... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Yaxın saatlarda veriləcək SAVAŞ ƏMRİ, Moskvada təsdiq olunacaq PLAN... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Polşanın Krakov şəhərində Azərbaycanın və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atdı. Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirməyə planlaşdırdığı əməliyyata hazırlıq davam edir. Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Hulisi Akar Rusiyaya səfər edib. Dəməşq Ankaranı türk təyyarələrini vurmaqla təhdid edib. ABŞ Prezidenti Donald Tramp Rusiyanı Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək etdiyini bildirib.

Polşanın Krakov şəhərində bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Daha əvvəl Elmar Məmmədyarov yanvarın ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi ətraflı müzakirə edilib.

Həmsədrlər dünən Krakovda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüş keçiriblər.

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır.

Qeyd edilir ki, Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir:

“Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv araşdırma aparılarsa, güllənin hansı erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar".

ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb.

Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib.

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirməyə planlaşdırdığı əməliyyata hazırlıq davam edir. Ankara əməliyyat öncəsi rus hərbçilərinin bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.

Son məlumatlara görə, Türkiyə sərhədinə yaxın 3 bölgədəki 61 rus hərbçisi Afrin şəhərinin cənubundakı Minnig hərbi bazasına çəkilib. Ancaq kritik hesab olunan 6 bölgədə 102 rus hərbçisinin hələ də qaldığı bildirilir.

Afrin-Azez-Cerablus xəttində əməliyyata hazırlıqlar sona yaxınlaşır. Türkiyə Silahlı qüvvələrinə bağlı hərbi bilrliklər 191 kilometr sərhəd boyunca artilleriya batareyaları ilə 7 kritik nöqtədə yerləşdirilib.

Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının əmri ilə Türkiyə-Suriya sərhəd xəttində yerləşdirilən birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib. Afrin əməliyyatı üçün göndərilən bütün hərbi texnika sərhəd birliklərinə çatıb.

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Hulisi Akar Rusiyaya səfər edib. Yüksək vəzifəli rəsmilər Moskvada Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik məsələləri, Suriyadakı son proseslər, həmçinin Astana və Cenevrə formatları çərçivəsində Suriya münaqişəsinin siyasi nizamlanması müzakirə olunub.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın yalnız Afrin deyil, bütövlükdə Suriyadakı proseslərin gedişatının bu səfərdən sonra dəqiqləşəcəyini bildirib.

Daha əvvəl Türkiyə KİV-nin yazdığına görə, Ankara həyata keçirməyi planlaşdırdığı Afrin əməliyyat öncəsi rus hərbçilərinin bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.

“Türkiyənin Afrində həyata keçirəcəyi hər hansı hərbi əməliyyat Suriyaya hücum kimi qiymətləndiriləcək”. Bunu Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad bildirib.

O qeyd edib ki, Türkiyənin döyüş təyyarələri Suriyaya müdaxilə edəcəyi halda, ölkənin hava hücumundan müdafiə sistemləri onları vurmağa hazır olacaq.

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 13-cü konfransının yekun bəyanatında Donald Trampın İsraildəki ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarı ləğv edilənə qədər İsraillə diplomatik və iqtisadi münasibətləri olan ölkələrin həmin əlaqələri kəsməsi barədə çağırış edilib.

“Biz Qüdsün sionist rejimin paytaxtı olaraq tanınması barədə ABŞ-ın birtərəfli qərarını qəti şəkildə qınayırıq. Qərarın beynəlxalq sülhə, təhlükəsizliyə təhdid və fələstinlilərin hüquqlarına qarşı tammiqyaslı təcavüz olduğunu düşünürük”, - yekun bəyanatda deyilib.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini açıqlayıb.

Kiçik gücə malik nüvə silahının yeni nümunələrinin hazırlanması ABŞ-ın Rusiya və Çinlə müharibə riskini artıracaq. Bu haqda ekspertlərə istinadən “Newsweek” yazıb.

Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahının iki yeni nümunəsi hazırlayır. Xüsusi halda, yeni nüvə doktrinasında “Ohayo” sinfinin sualtı qayıqlarında yerləşdirilən “Traydent” sualtı raketləri üçün kiçik gücdə olan nüvə döyüş başlıqlarının yaradılması yer alıb.

Pentaqonun bu qərarı nüvə imkanlarının elastikliyinin artırılmasına olan ehtiyacla izah olunur. ABŞ öz nüvə silahlarını “çox böyük və güclü hesab edir. İdarənin fikrincə, Rusiya və bütün dünya ABŞ-ın nüvə silahından istifadə ehtimalının yüksəldiyini anlayacaq.

Ancaq hamı doktrina ilə razı deyil.

Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək edir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Rusiya bizə Şimali Koreya məsələsində yardım etmir. Bizə Çin dəstək verir. Çinin bu köməyini isə Rusiya dəyərsiz edir. Moskvanın sayəsində əldə etdiyimiz bütün nəticələr yox olur”, - Tramp bildirib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə döyüş başlıqlarının miqdarı barədə səsləndirilən rəqəmlər bütövlükdə həqiqətə uyğundur. Bu haqda Rusiya hərbi eksperti, “Vətənin Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskiy “RİA-Novosti” agentliyinə bildirib.

Onun sözlərinə görə, yüklərin belə miqdarı Pxenyana ehtiyac olduğu halda cavab zərbəsini vurmağa imkan verir.

Daha əvvəl “Bulletin of Atomic Scientists” jurnalında Amerika alimləri Hans Kristensen və Robert Norris bildiriblər ki, KXDR-in malik olduğu nüvə döyüş başlıqlarının sayı 20-yə çata bilər. Bundan başqa, Pxenyanda daha 60 yeni döyüş başlığının istehsalı üçün materialın olduğu təxmin edilir.

Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunu qəbul edib. Sənədi Ali Radanın 280 üzvü dəstəkləyib.

Qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi göstərilib.

Prezidentin parlamentdəki nümayəndəsi İrina Lusenkonun sözlərinə görə, qanunda Krımla bağlı əsas müddəalar da yer alıb. Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu təsdiq edib. O, qanunu “Krım üçün siqnal” adlandırıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR