"Paşinyan Gürcüstanla Ukraynanın taleyini gözünün önünə gətirməlidir" - Siyasi ekspert
Bizi izləyin

Nida Təhlil

"Paşinyan Gürcüstanla Ukraynanın taleyini gözünün önünə gətirməlidir" - Siyasi ekspert

“Paşinyan Qərbə tərəf addım atmaq istəyirsə, ilk öncə Gürcüstanın və Ukraynanın taleyini gözünün önünə gətirməlidir”.

Bu sözləri Publika az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Paşinyan Soçi görüşündən sonra özünün hərəkətlərinə bir səliqə verəcək:

“Soçi görüşü göstərdi ki, Vladimir Putin onun qarşısına konkret vəzifələr qoyub, Ermənistanın durumunu da, Ermənistanla Rusiyanın münasibətlərini də xatırladıb. Bu mənada onun qərbəmeyilli siyasət tətbiq etməyi, demək olar ki, mümkünsüz görünür. Bu nöqteyi nəzərdən, Paşinyan hər hansı bir vəzifəyə kimi təyin edirsə-etsin, o, NATO-yönümlü, qərbyönümlü siyasət tətbiq etməkdə uğursuzluğa düçar olacaq. Bəlkə də Qərbdən daha çox yenə Rusiyaya üz tutacaq. Bu da erməni xislətinə xas olan xüsusiyyətdir. Ermənistan heç zaman Rusiya qarşısında riskə gedib Qərbdən nələrsə gözləyə bilməz. Ona görə ki, bu işğalçı dövlətin ruslarla tarixi əlaqələri mövcuddur və Rusiya bundan sonra bu tarixi əlaqələrin birdən-birə qırılıb Qərbin xeyrinə həll edilməsinə dözməz. Ona görə də müdafiə naziri David Tonayan da, onun kimilər də hələ bir müddət öz niyyətlərini ürəklərində gizləməli olacaqlar.

Ermənistan üzünü Avropaya tərəf çevirsə, Rusiya ilə imzaladığı hərbi müqavilənin şərtlərini pozmuş olacaq. İkincisi, Ermənistanın ümumi gəlirinin ən azı 60%-i Rusiya ilə ticarət münasibətlərindən gəlir. Özü də Ermənistana edilən lobbi yardımları içində Rusiyadakı erməni lobbisi daha çox pay sahibi olur. Rusiya Şərq və ya Qərb siyasəti yeritməkdə çox amansızdır. Heç nəyə əhəmiyyət vermir. Lazım gəlsə, Rusiyanın Ermənistanda iki hərbi bazası var, ondan istifadə edə bilər. Ermənsitan Rusiyaya dirsək göstərsə, Qərbə meyillənsə, o, gücdən istifadə etməklə yenidən Ermənistanda hakimiyyət dəyişikliyinə gedə bilər. Bunu Ukraynanın da, Gürcüstanın da timsalında görmüşük. Yəni Paşinyan özbaşına hərəkət etmək imkanına malik deyil.

Paşinyan Tonayanı müdafiə naziri təyin etməklə, çox güman, Qarabağ klanının arzusunu həyata keçirməyə çalışır. Tonayan da Xankəndində anadan olub. Yəni Dağlıq Qarabağda. Paşinyan müxtəlif vəzifələrə mənşəcə Ermənistanın özündən olan şəxsləri gətirir. Amma ən ağır sahəni Qarabağ klanından olanlara etibar edir. Çünki müharibə Dağlıq Qarabağ üstündə gedir və məsələ oradan olan birinə tapşırımalıdır ki, bütün potensialını sərf edə bilsin. Zənnimcə, ortada sırf Dağlıq Qarabağ klanı ilə Ermənistan klanı arasında müəyyən uzlaşma yaratmaq niyyəti var. Ancaq ola bilsin, Paşinyanın ürəyinin dərinliklərində başqa niyyətlər də gizlənib”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm