Avropa Parlamentinin qanlı separatçılığı təşviq edən üzvü Azərbaycana qarşı - VİDEO
Bizi izləyin

Nida Təhlil

Avropa Parlamentinin qanlı separatçılığı təşviq edən üzvü Azərbaycana qarşı - VİDEO

Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus Ermənistanın işğalçı siyasətinə dəstək verməsi və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri ilə məşhurdur. Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərinə görə, ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilib və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Publika.az
Avropa Parlamentinin Kipr Respublikasından olan bu üzvü haqqında geniş ictimaiyyətə bəlli olmayan bəzi məqamları təqdim edir:

Siyasi karyerasına 2001-ci ildə Limasol bölgəsindən Kiprin Nümayəndələr Palatasına üzv olaraq seçilməklə başlayan E.Teoxarus 2009-cu ildən etibarən AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü qismində fəaliyyətə başlayır. Kiprdə 2016-cı ildə qanunvericilik seçkilərdən öncə siyasi baxışlarında olan ayrı-seçkilik səbəbi ilə sağ təmayüllü mühafizəkar Demokratik Yürüş (Disy) partiyasını tərk edən və özünün millətçi Həmrəylik Hərəkatı partiyasını quran Teoxarusun, Disy-ni tərk etməsinin əsas səbəbi partiyanın Kipr adası məsələsinin iki zonalı həlli yoluna olan baxışına qarşı çıxması olub. Təsadüfi deyil ki, radikal millətçi baxışları ilə seçilən və “Kipr Respublikasını xilas edək” şüarı altında fəaliyyət göstərən bu deputat öz fəaliyyətinin əsas hədəfini, məhz anti-Türkiyə istiqamətini müəyyən edib. AP üzvlüyü dövründə parlamentin üzvlərinin Avropa Komissiyasına onları maraqlandıran bu və digər məsələlər ilə bağlı yazılı suallarla müraciət etmək prosedurandan faydalanaraq 2014-cü ildən etibarən deputat tərəfindən Komissiyaya ünvanlanan 45 sualın böyük əksəriyyəti Türkiyə əleyhinə yönəlibdir.

Deputatın siyasi baxışları onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrini eləcə də, Rusiyaya isti münasibətlərinə aydınlıq gətirməyə müvafiq zəmin yaradır. Belə ki, hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalına” layiq görülübdür. Maraqlıdır ki, peşəkar cərrah, Hippokrat andı içmiş həkim E. Teoxarus erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zamanı yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki Azərbaycanlının qətliamına göz yumaraq, nədənsə “humanitar” xidmətlərini Dağlıq Qarabağın erməni icmasına təklif etməklə kifayətlənibdir.

E.Teoxarusun Ermənistan və erməni diaspora təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının hərbi işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də AP çərçivəsində təşviqi fəaliyyəti göz qabağındadır.

Deputatın Azərbaycanın işğal edilmiş DQ bölgəsinə etdiyi çoxsaylı qanunsuz səfərlərdən yalnız sonuncusuna (2018-ci ilin 27 sentyabr tarixində) nəzər yetirmək kifayətdir. (Şəkillər əlavə olaraq göndərilir). Deputatı səfər boyu müşayiət edən və ona DQ-da əsl gəzinti turu təşkil edən Kaspar Karametyan, bəli Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən o şəxs.

Diqqətimizi cəlb edən bir məqam ondan ibarətdir ki, AP üzvü qismində üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair açıqlama (declaration - bəyanat) vermək məcburiyyətində olan E.Teokarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma “referendumda” iştirakla bağlı səfərinə dair bəyanat yerləşdirilib. Qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan (erməni kütləvi informasiya vasitələrində getmiş çoxsaylı məlumata istinadən), E.Teoxarusun bu fəaliyyətinin AP üzvlüyündən sui-istifadə halı kimi araşdırılması, eləcə də onun xaricidən maliyyələşən səfərləri haqqında AP-yə müvafiq açıqlama verməsi məsələsinin ətraflı yoxlanılmasında bir fayda olacağını düşünürük. Nəticədə, söhbət Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamentinin tam hüquqlu üzvündən gedir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm