Nida Təhlil
Ərəblərin Azərbaycana gəlişini kimlər və niyə istəmir?
Müsəlmanlığı qəbul etməyib, Hindistana mühacirət etmiş və orada
qucaratilərlə qaynayıb qarışaraq, onların etnokonfessioal icmasına
çevrilmiş zındıqların daşıdığı “pars” adından ilhamlanaraq
yaradılan “Parstoday” agentliyinin Azərbaycanın müstəqil xarici
siyasətinə, xüsusilə ərəb ölkələri ilə qarşılıqlı əməkdaşlığına
qarşı hücumu davam edir.
Zındıq adı daşıyan agentlik “Bakı-Ər-Riyad əlaqələri” adı altında
absurd, qərəzli və yalan dolu 6 məqalə dərc etdi. Məqalələrin ana
məqsədi Azərbaycana gələn ərəb turistlərin pislənməsi, Azərbaycan
ictimai rəyinin Səudiyyə Ərəbistanın əleyhinə formalaşdırılması,
ölkəmizin müstəqil siyasətinə hücum edilməsi idi. Bu iddialara
cavab verildi və məlum oldu ki, Azərbaycanda ərəb turistləri
haqqında çıxan əsassız xəbərlər məhz “Parstoday” və onları
sifarişçilərinin mətbəxində hazırlanırmış. (Azərbaycanda ərəb turistlərə qarşı kampaniyanın
sifarişçisi bəlli oldu).
Yalanlarının ortaya çıxarılması yetməyib ki, “Parstoday”
“Bakı-Ər-Riyad əlaqələri” adında yalan və qərəzli iddialarını
doldurduğu daha 11 məqalə dərc edib. Görkəmli dramaturq Nəcəf bəy
Vəzirovun təbirincə desək, yalanları ortaya çıxsa belə, “Bu
elə bir zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək
olmur”.
“Parstoday”ın məqsədi bəllidir, lakin bir gündə (12 yanvar, 2019-cu
il) “Bakı-Ər-Riyad əlaqələri” adı ilə 3 məqalə, daha sonra yenə bir
gündə (18 yanvar, 2019-cu il) 7 məqalə dərc edilirsə və hər bir
məqalə Azərbaycana qarşı açıq hücum xarakteri daşıyırsa, bu, dərc
olunan yalanların hansısa bir jurnalist tərəfindən yox, bir
mərkəzdə hazırlandığını və İrandan Azərbaycana qarşı total hücuma
keçildiyini təsdiqləyir. Hərçənd, Azərbaycan-İran münasibətləri
fonunda İran Milli Televiziyasına - İRİB-ə bağlı “Parstoday”in bu
iddiaları şübhələrə yol açır: ya İran Səudiyyə Ərəbistanla
tarixi qovğasında Azərbaycanın Körfəz ölkələri ilə müstəqil
əlaqələrinə qarşı çıxır və informasiya hücumuna əl atır, ya da
İranda müəyyən dairələr rəsmi Tehrandan xəbərsiz(?) şəkildə
Azərbaycana dil uzadırlar. Hər iki versiyanın doğru olmaq
ehtimalı eyni dərəcədə mümkündür, lakin hər iki halda burada
Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi mövcuddur və bu,
Bakı-Tehran münasibətlərinin ruhuna uyğun deyil. “Parstoday”
iddiaları da bunu açıq şəkildə göstərir.
Ərəb turistinin İranın Səudiyyə ilə siyasi qovğasında nə
işi var?
“Parstoday” əvvəlki 6 məqaləsində olduğu kimi yenə də Səudiyyə
Ərəbistanı və digər ərəb ölkələrindən Azərbaycana gələn ərəb
turistlərini hədəfə alır, onların gigiyenik qaydalara əməl
etmədiyini, maşınlarını sürətli sürdüklərini, əxlaqsızlıq
etdiklərini iddia edir, bir sözlə onları “vəhşi” adlandırır. Bu,
qonşunun sənə sənin evində nələrin baş verdiyi haqqında nağıl
danışması kimi bir şeydir. Ərəb turistləri Azərbaycana gəlir, İrana
yox, necə olur ki, biz bütün bu deyilənlərdən xəbərsizik, amma bu
zındıq agentlik bizə öz evimizdə baş verənləri “sıralayır”.
Halbuki, ərəblərin Azərbaycana daha çox ailələri ilə gəldiklərini
küçədə gəzərkən də görmək mümkündür. Ola bilsin ki, hansısa neqativ
hal nə vaxtsa baş verib, lakin bu, kütləvi halda deyil.
Araşdırmalarımız da təsdiq edir ki, ərəb turistləri haqqında
kütləvi şəkildə yayılan neqativ xəbərlər məhz cənubdan
gəlirmiş.
“Parstoday”ın belə iddialarını “Azəri İslam” adlı sayta istinadən
yayması da bunu təsdiqləyir. Çünki “Azəri İslam” adlı sayt İranda
müəyyən dairələrin nəzarətindədir, ərəb turistləri mövzusu da daxil
olmaqla bir çox məsələdə Azərbaycana qarşı qarayaxma kampaniyasının
əsas ruporlarından hesab olunur. Məlum olur ki, ərəb turistləri
haqqında (yaxud hər hansı digər bir məsələ ola bilər) neqativ
informasiya bu və digər İrana bağlı saytlarda peyda olur, daha
sonra “Parstoday” kimi zındıqlar özlərinin ortaya atdığı iddialara
istinadən hücuma keçirlər.
İddia olunur ki, ərəblər Azərbaycanın İranla sərhəddə yaxın olan
ərazilərinə - Saatlı, İmişli, Biləsuvar və s. – gəlir və bunun
İrana qarşı dostyana münasibət olmadığı haqqında şübhələr
yaranır.
1. Ərəb ölkələrinin relyefi səhra tiplidir və bütün həyatını bu
coğrafiyada yaşayan bir ərəbə 10, yaxud 20 günlük turistlik
səfərində Aran bölgəsinə yox, Azərbaycanın qarlı dağlarına tur
təşkil etmək turizm siyasəti baxımından absurd yanaşma olardı.
Hərçənd, ərəb turistləri səfərləri boyunca heç olmasa 1 günlük də
olsa dağ turlarına qatılırlar, Bakı və daha isti rayonlarda isə
uzunmüddətli qalırlar. Turizm siyasətinin məqsədi ölkəyə gələn bir
turistin gəlişini davamlı etməkdir, “Parstoday” isə bizə ağıl verir
ki, ərəbləri qarlı dağlara aparın və onlar bir də geri
qayıtmasın.
2. Azərbaycan dünyanın istənilən yerindən, o cümlədən region
ölkələrindən gələn bütün turistlərin üzünə açıq ölkədir. Ərəb
ölkələrindən gələn turistlərə necə münasibət sərgilənirsə, qonşu
İrandan gələn turistlər üçün də eyni imkanlar təmin edilir.
Azərbaycana gələn turisti siyasi qovğalara qarışdırmaq və burada
art niyyət güdmək bir qədər şizofreniyanın əlamətlərindən xəbər
verir.
Əslində “Parstoday”ın məqsədi Azərbaycanı İran-Səudiyyə Ərəbistanı
davasına ortaq etməkdir. Halbuki, Azərbaycan Tehran və Ər-Riyada
eyni məsafədən yanaşır və hər iki ölkə ilə yüksək səviyyəli
münasibətlər qurub. Rəsmi Bakı heç vaxt İrana qarşı təzyiq
siyasətinin tərəfi olmayıb və bütün şərtlərdə qonşusuna dəstək
verib. “Parstoday”ın bu münasibətləri çeynəyərək, hücuma keçməsi
ilk növbədə İranın maraqlarına ziddir.
Əlinin Ninoya eşqini çarmıxa çəkənlər niyə Xosrovun boynunu
vurmur?
Agentliyin digər məqaləsində Azərbaycanın Səudiyyə Ərəbistanındakı
səfirliyinin 31 dekabr 2017-ci il tarixində Dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirdiyi mərasimdə
“Əli və Nino” filminin nümayiş etdirilməsindən bəhs edilir. Sayt
iddia edir ki, “Əli və Nino” Azərbaycan xalqının mədəniyyətini və
inancını təmsil etmir. Çünki müsəlman Əlinin xristian Ninonu
sevməsi qəbahətmiş.
İki sivilizasiyanı təmsil edən insanların bir-birini sevməsi motivi
tarix boyu ədəbiyyatda, incəsənətdə, kinematoqrafiyada əsas
mövzulardan olub və özündə ümumbəşəri dəyərləri, dinindən, milli
kimliyindən asılı olmayaraq hər kəsin bərabər olduğunu ideyasını
ehtiva edir. Azərbaycanın dinlərin bərabər şəkildə yaşadığı tarixi
tolerantlıq mühiti fonunda “Əli və Nino” əsəri milli
mədəniyyətimizin nadir incilərindəndir. Bu əsər əsasında lentə
alınmış eyniadlı film isə dünyada Azərbaycan mədəniyyətinin
tanınmasında mühüm rol oynayır. İranda Azərbaycana qarşı qərəz və
yalan dolu uydurmalar irəli sürənlərin azərbaycanlılara öz
mədəniyyətləri haqqında ehkam kəsməyi isə gülünc və gülməli
görünür. Hər-halda İranda daim azərbaycanlılara, ərəblərə, eləcə də
digər milli-dini azlıqlara qarşı yürüdülən siyasətin içindən çıxmış
“Parstoday”ın “Əli və Nino”nu anlaması təəccüblü olardı. Lakin İran
ədəbiyyatında da bu motivlər zaman-zaman öz əksini tapıb:
Şərq ədəbiyyatında Xosrovun xristian şahzadəsi Şirinə olan
eşqi ilk dəfə Firdovsinin “Şahnamə”sində əksini tapıb; İranda hər
il anım günü keçirilən şair Əttar Nişapuri də dinlərin eşqin önündə
əngəl ola bilməməsi mövzusuna toxunub;
“Əli və Nino” sırf müsəlman Əlinin xristian Ninoya sevgisinə görə
Azərbaycan mədəniyyəti və inancına ziddirsə, o zaman, İran
ayətullahları Firdovsi və Əttarı çoxdan “dar ağacına” çıxarmalı,
hətta Xosrovun dərəsini soymalı idi. Görəsən, bu şairələrin boynu
indiyə qədər niyə vurulmayıb?!
Agentlik isə “bu filmdə Azərbaycan xalqının və mədəniyyətinin
təhrif edilməsi, keçmiş SSRİ dövründə media üzərindən həyata
keçirilən təhrifləri xatırladır. Lakin kommunist sistemi müsəlman
Azərbaycan xalqının İslam kimliyini 70 il boyunca dəyişdirə
bilmədiyi kimi, bu ölkənin hazırki dünyəvi hakimiyyəti də
Azərbaycan xalqının İslam kimliyini dəyişdirə bilməyəcək” deyə
iddia edir və burada İslam dedikdə əslində nəyi nəzərdə tutduğunu,
İranın dini dairələrinin şiəlik üzərindən öz hakim mövqelərini
bölgədə yeritmək planlarını yada salır.
Azərbaycanın dövlət quruluşu zorla dəyişdirməyə cəhd
edənlərin İslama nə dəxli var?
“Partsoday”in Azərbaycanda İslama qarşı mübarizə aparıldığı,
2017-ci il “İslam Həmrəyliyi ili” elan olunsa da şiələrə qarşı
hücumların edilməsi haqqında uydurmları da İranın bütün regionda
həyata keçirməyə cəhd etdiyi dini-ideoloji siyasətinin
davamıdır.
Azərbaycanı dünyəvi hakimiyyət idarə edir, lakin buna baxmayaraq,
İslam dəyərləri dövlət tərəfindən qorunur və insanlar öz etiqad
azadlıqlarını sərbəst şəkildə yerinə yetirə bilirlər. Bu baxımdan,
Azərbaycan İran da daxil olmaqla bütün regionda nümunəvi ölkədir.
Bəs, İranda İslam dəyərləri qorunurmu?
- İranın dini dairələrinin siyasi şiəlik üzərindən neçə
onilliklərdir bütün bölgənin dini mənzərəsini dəyişdirmək uğrunda
mübarizə apardığı məlumdur və ən dəhşətlisi bu siyasətin məhz İslam
dəyərlərinin xərclənməsi hesabına həyata keçirilməsidir. Xüsusilə
Səudiyyə Ərəbistanla siyasi qovğada şiə üləmalarının İslam
müqəddəslərindən üstün tutulması, Kərbəlanı bütün dünya
müsəlmanlarının qibləsi olan Kəbəyə alternativ qoymaq cəhdləri, o
cümlədən, şiəliyi siyasi maraqların alətinə çevirmək fəaliyyəti göz
önündədir.
- İranda sünni azlığa, ərəbdilli etnik qruplara qarşı dini
təzyiqlər adi hal alıb və bu azlıqlar məhz dini inanclarına görə
təqib edilirlər.
- Vaxtilə “Vilayəti-Fəqih” nəzəriyyəsini həyata keçirmək üçün
minlərlə müsəlmanların qırılması, şiə alimlərinin sürgün edilməsi
tarixi unudulmayıb. İndi də İslam dininə süni şəkildə calaq edilmiş
bu nəzəriyyənin region ölkələrinə diktə edilməsi üçün bütün yollara
əl atılır.
- “Azərbaycanda İslam dəyərlərinə qarşı mübarizə aparılır”
iddiasının arxasında da məhz bu niyyətlər yatır. Çünki İranda
“Parstoday”ın bağlı olduğu dairələr Azərbaycanda teokratik rejim
qurmaq istəyir və bu istəyi həyata keçirməyə cəhd edən radikallara
qarşı mübarizəni “İslama qarşı mübarizə” kimi qələmə verirlər.
İslam dəyərləri məzhəbindən asılı olmayaraq bütün
müsəlmanların ibadət haqqının tanınması və buna yüksək şəraitin
yaradılmasıdır, yoxsa İslam dinini siyasətə alət
etmək?!
“Parstoday” Qarabağda erməni separatçılarına simpatiyasını
gizlətmir
Ən maraqlı məqamlardan biri də “Parstoday”ın Dağlıq Qarabağ
məsələsində İranın Azərbaycana daha çox dəstək verdiyini və bununla
müqayisədə Səudiyyə Ərəbistanın dəstəyinin olduqca cüzi olduğunu
iddia etməsidir. Halbuki, Qarabağ müharibəsində “Ermənistana silah,
Azərbaycana isə saqqız və soğan” verən ölkənin Səudiyyə olmadığı
hər kəsə bəllidir. O da bəllidir ki, bu gün məhz işğal faktına görə
Ermənistanla diplomatik əlaqə qurmayan ölkə Səudiyyə
Ərəbistanıdır.
“Partsoday” məqalələrinin birində “Qarabağ məsələsində
Səudiyyə Ərəbistanının dəstəyi və Ər-Riyadın 2002-ci ilin 11
avqustunda Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsini
qınaması Bakını dərindən sevindirir” yazmaqla özünü də
ifşa etmiş oldu.
Dağlıq Qarabağ Azərbaycan torpağıdır və orada Ermənistan tərəfindən
yaradılmış separatçı rejimin “seçki” keçirməsi qanunsuzdur,
dünyanın Ermənistan da daxil olmaqla heç bir ölkəsi separatçı
rejimi tanımır. Maraqlıdır ki, bütün dünya mediası Dağlıq
Qarabağdakı qondarma rejimdən bəhs edərkən ən azı “tanınmamış
respublika” ifadəsindən istifadə edir, “Parstoday” isə “Dağlıq
Qarabağda prezident seçkilərinin keçirilməsi” ifadəsi ilə
separatçılara açıq dəstəyini və simpatiyasını gizlətmir. Təkcə bu
ifadənin özü belə “Parstoday”ın qələmini tutanların və bağlı olduğu
dairələrin ölkəmizə münasibətini göstərir və bu zındıqların
iddialarının Azərbaycanı qaralamaq, müstəqil siyasətinə mane
olmaqdan başqa heç bir mahiyyət daşımadığını təsdiqləyir.
Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
Publika.az
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO