Nida Təhlil
Azərbaycanda ərəb turistlərə qarşı kampaniyanın sifarişçisi bəlli oldu
Azərbaycan dünyada bütün dinlərin etiqad azadlığının
təmin olunduğu tolerantlıq məkanına, eləcə də şiə və sünni
məzhəbinin vəhdət namazı qıldığı ölkə olaraq İslam dünyasında
həmrəylik simvoluna çevrilib. Bu, Azərbaycan xalqının tarixi
ənənələrindən və bu ənənələrə söykənən dövlət siyasətindən
qaynaqlanır. İşğalçı Ermənistan istisna olmaqla dünyanın bütün
ölkələri ilə mehriban, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin
tərəfdarı olan Azərbaycan heç vaxt bu gün dünyanın bölüşdürülməsi
uğrunda gedən mübarizədə ABŞ-ın timsalında Qərb və Rusiya-Çin
ikiliyinin timsalında Şərqin, həmçinin bir-birinə düşmən münasibət
sərgiləyən İran və İsrailin, eləcə də İslam aləmində liderlik
uğrunda mübarizə aparan Səudiyyə Ərəbistanı-İran qarşdurmasının
tərəfi olmayıb. Rəsmi Bakı bu cəbhələrin bütün tərəfləri ilə öz
milli maraqlarına uyğun və eyni məsafədə münasibətlər saxlayır,
hətta bir çox hallarda münaqişəli tərəflərin təhlükəsiz şəraitdə
təmaslar qurması üçün öz qapılarını onların üzünə açır.
Sabitləşdirici və barışdırıcı mövqeyə malik olan bu balans siyasəti
Azərbaycanın dövlət maraqlarına uyğun olduğu kimi, regionun, hətta
son illərdə dünya güclərinin təmas qurmaq üçün mütəmadi olaraq
Bakını seçmələrini nəzərə alsaq, beynəlxalq birliyin xeyrinədir.
Hərçənd, Azərbaycan milli maraqlara söykənən müstəqil siyasətindən
dolayı bəzən hədəf halına gəlir.
İrandan rəsmi Bakının müstəqil siyasətinə yönələn növbəti hücum da
bu kontekstdə diqqət çəkdi. Son dövrlər İrandan Azərbaycana din
üzərindən müxtəlif hücumlar müşahidə olunur, xüsusilə bu ölkənin
dini dairələrinə bağlı media orqanları bu istiqamətdə aktiv
fəaliyyət göstərirlər. Lakin budəfəki hücumun İran Milli
Televiziyasına - İRİB-ə bağlı “Parstoday” agentliyindən edilməsi
təlimatın Tehrandakı bəlli çevrələr tərəfindən verilməsi haqqında
şübhələrə yol açır, hərçənd, Azərbaycan-İran əlaqələri və iki ölkə
rəhbərliyinin qarşılıqlı münasibətləri fonunda bu şübhələrin
müzakirəyə ehtiyacı var. O şübhəsizdir ki, İranda müəyyən qüvvələr
– onların daha çox radikal dini dairələrə yaxın olduğu aydındır –
Azərbaycanın müstəqil xarici siyasətindən narahatdırlar.
“Parstoday” Azərbaycanın Körfəz ölkələri, xüsusilə Səudiyyə
Ərəbistanla münasibətlərindən qeyzlənib və bu qeyzlə “Bakı-Ər-Riyad
əlaqələri” adı altında silsilə 6 məqalə dərc edib. Məqalələrin ana
məqsədi Azərbaycanın ərəb ölkələri ilə iqtisadi, siyasi, hərbi
sferalarda əməkdaşlığını hədəfə almaq və bu əməkdaşlığın İrana
qarşı olduğunu iddia etməkdir.
2018-ci ilin 20 fevralında Azərbaycanın daxili işlər naziri Ramil
Usubovun Səudiyyə Ərəbistanına səfərini və bu ölkənin daxili işlər
naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizlə görüşünü
xatırladan sayt iddia edir ki, tərəflər “İrana qarşı etnik siyasəti
körükləmək haqqında” razılaşıblar. Həmin tarixdə Azərbaycanın
daxili işlər naziri həqiqətən də Ər-Riyadda səfərdə olub və
səudiyyəli həmkarı ilə görüşüb. Görüşdə dövlətlərarası
müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki
ölkənin daxili işlər nazirlikləri arasında işbirliyinin,
cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə
tutan hökumətlərarası protokol imzalanıb. Bu, iki ölkənin
cinayətkarlıqla birgə mübarizəsini özündə ehtiva edir. Axı iki
dövlət arasında sırf cinayətkarlığın qarşısını almaq üçün imzalanan
protokol niyə İrana qarşı olsun?!
Sağlam məntiqdən uzaq belə iddiaların sərgiləndiyi məqalələr cənub
qonşumuzdakı müəyyən dairələrin Azərbaycanın ərəb ölkələri ilə
münasibətlərindən qorxuya düşdükləri açıq şəkildə göstərir.
Halbuki, rəsmi Bakı Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə
qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurduğu kimi, qonşu
İranla da mehriban, dost münasibətlər saxlayır. Azərbaycan
Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhaninin dost
münasibətləri, Azərbaycan və İranın “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizi kimi qlobal əhəmiyyətli layihələri birgə həyata
keçirməsi, regionda Azərbaycan- İran-Rusiya;
Azərbaycan-Türkiyə-İran üçtərəfli formatlarının birgə əməkdaşlıq
nümunəsinə çevrilməsi Bakının Tehrana qarşı hər hansı platformada
yer alması iddialarını alt-üst edir. Lakin İranda bəzi dairələr
Azərbaycanı Tehran-Ər-Riyad qarşıdurmasında israrla tərəf kimi
göstərməyə, Bakının ərəb ölkələri ilə beynəlxalq hüquq
çərçivəsindəki münasibətlərini Tehrana qarşı təqdim etməyə cəhd
edirlər. Burada diqqət çəkən məqamlardan biri bu cəhdlərin xüsusilə
din üzərindən edilməsidir.
“Parstoday” iddia edir ki, Bakının Ər-Riyadla münasibətləri
Azərbaycanda, eləcə də bu bölgədə “vəhhabi ideologiyasının”
yayılmasına hesablanıb. Lakin real faktlar xəstə təxəyyülün məhsulu
olan bu iddiaları sıradan çıxarır:
Birinci iddia: “Bakı-Ər-Riyad münasibətlərinin
məqsədi Azərbaycanda vəhhabi təriqətinin genişlənməsidir”.
Azərbaycanda dinindən, məzhəbindən asılı olmayaraq bütün inanclı
kəsimlərin etiqad azadlığı təmin olunur, lakin yenə dinindən,
məzhəbindən asılı olmayaraq, radikalizmə qarşı ən sərt tədbirlər
görülür. Radikalizm çağırışları edən bütün dini cərəyanlara qarşı
atılan addımlar, belə cərəyanların üzvlərinin zərərsizləşdirilməsi
və qanun qarşısına çıxarılması və digər işlər göz önündədir. Bunun
üçün rəsmi statistikaları araşdırmağa ehtiyac yoxdur, yerli
medianın “Azərbaycanda vəhhabilər həbs olundu” xəbərlərinə baxmaq
yetərlidir.
İkinci iddia: “Azərbaycanda vəhhabi hərəkatına
Qamət Süleymanov adından bir zat liderlik edir, Süleymanov Əbu-Bəkr
məscidinin imamıdır, bu məscid 2008-ci ildə məhkəmə qərarı ilə
bağlansa da, vəhhabilər fəaliyyətlərini yer altında davam
etdirirlər” deyə yazan saytın əslində birinci iddiada nə demək
istədiyi aydınlaşır.
Bu iddialara 6 məqalə həsr etmək zəhmətinə qatlaşan İrandakı
anti-Azərbaycan dairələrin mirzələri Q.Süleymanovun və
tərəfdarlarının sələfi olduğunu və radikal çağırışlar etmədiyinin
üzərindən səssiz keçirlər. Yəni Azərbaycanda dini radikalizmi
özündə ehtiva etməyən bütün ənənəvi və qeyri-ənənəvi dinlər üçün
azad mühit mövcuddur, sələfi camaatı da bu mühitdə öz etiqad
azadlıqlarından istifadə edə bilirlər. Özünü bu icmanın üzvü kimi
təqdim edən, lakin radikal çağırış edənlərin qanun qarşısında cavab
verdiyi və cəzalandırıldığı məlumdur.
Üçüncü iddia: “Azərbaycanda şiə məscidləri vəhhabi
məscidlərinə çevrilir”.
Azərbaycanda mövcud olan 2246 məscidin əksəriyyəti şiə məscididir.
Ölkə əhalisinin əsas kəsiminin inancı olan şiə məzhəbinin bütün
müqəddəs məkanları dövlət tərəfindən qorunur, bərpa edilir və
ibadət üçün istifadəyə verilir. Bu yaxınlarda dövlətin ali
şəxslərinin iştirakı ilə açılmış İmam Hüseyn, Hacı Cavad
məscidləri, Naxçıvanda istifadəyə verilən məscid və mədrəsə şiə
məbədləridir, Prezidentin şəxsi vəsaiti hesabına tikintisinə
başlanan “Fatimey-Zəhra” məscidinin adı da deyilən ittihamlara
tutarlı cavab ola bilər. “Parstoday”ın “Məscidlərin vəhhabilərə
verilməsi” iddiasının arxasında Azərbaycanda şiə məzhəbinə məxsus
inanclı kəsimin həssas məqamlarından istifadə etmək, ölkədə məzhəb
qarşıdurması yaratmaq və dini kəsimi dövlətə qarşı qaldırmaq planı
dayanır. Bunun üçün faktlar təhrif olunur və ictimai rəyə yanlış
informasiyalar ötürülür.
Birinci yanlış: sayt iddia edir ki, “Azərbaycanda
radikalizmlə mübarizə bəhanəsi altına vəhhabilərin yerinə şiə
qruplara hücumlar edildi”.
Burada İranın dini dairələrinin öz maraqlarını şiə inancı üzərindən
yeridilməsi siyasətinin elementləri açıq şəkildə görünür. Və
əslində “şiə qruplar” deyiləndə Nardaranda terror aktı həyata
keçirən Tale Bağırzadə və qruplaşması nəzərdə tutulur. İranda
müəyyən dairələrə bağlı olan bu qruplaşma da məhz şiəlik pərdəsinə
bürünərək, Azərbaycan dövlətinin suverenliyinə hücum etmişdi.
Dövlət öz suverenliyini təhdid gördüyü terrorçuları sıradan
çıxardı. Görünür, hər il Nardaran hadisəsini təntənə ilə qeyd edən,
orada məhv edilən terrorçuları “şəhid” adlandıranlar Azərbaycana
qarşı planlarından əl çəkməyiblər. Azərbaycana dövlətinə qarşı
sui-qəsdə cəhd edən terrorçularla mübarizənin “şiə qruplara hücum”
olaraq təqdim edilməsinin altında da təhlükəli oyunun elementləri
boy göstərir.Yeri gəlmişkən, İranda Bəlucistanda sünni azlığın
hüquqlarını, Xuzistanda ərəbdilli etnik icmanın hüquqlarını müdafiə
edənlər “terrorçu” damğası ilə sorğusuz-məhkəməsiz qətlə yetirilir,
üstəlik, elə “Parstoday” agentliyi tez-tez ərəbdilli icmanın
fəallarına qarşı xaricdə aparılan əcinnə ovunun növbəti qurbanı
haqda öz oxucularına “müjdələr” verməyə tələsir.
İkinci yanlış: Bakının ərəb ölkələri ilə
münasibətlərini pozmağa çalışan İran KİV-ləri Azərbaycan xalqının
həssas nöqtəsi olan Dağlıq Qarabağ məsələsi üzərindən də
manipulyasiya edir. İddia olunur ki, “Səudiyyə Ərəbistanı, Kuveyt
və Birləşmiş Ərəb Əmirliklərinin xeyriyyə təşkilatları Qarabağ
müharibəsində qaçqın düşənlərin problemlərindən Azərbaycana nüfuz
etmək üçün istifadə etdilər”.
Qarabağ bizim ən həssas nöqtələrimizdəndir, ona görə də bu
iddiaların müəlliflərinə Qarabağ müharibəsində “Azərbaycana soğan
və saqqız, Ermənistana silah” verən ölkənin kim olduğunu
xatırlatmaq lazımdır. Hərçənd, onların bunu unutmaqdıqları
şübhəsizdir. Bu gün də Azərbaycan torpaqlarını işğal edən
Ermənistanın ayaqda qalmasında başlıca rollardan birini kimin
oynadığı fonunda bunu unutmaq mümkündürmü?!
Dağlıq Qarabağ münaqişəsində Azərbaycana ən böyük dəstək verənlərin
ərəb ölkələri, xüsusilə Səudiyyə olduğu da unudulmamalıdır.
Səudiyyə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla indiyə
qədər heç bir diplomatik əlaqə qurmayıb və bütün platformalarda
Bakını açıq şəkildə dəstəkləyir. Bu iki fakt kimin Dağlıq Qarabağ
məsələsinə münasibətdə necə mövqe tutduğunu ifadə edir.
“Parstoday”ın yanlış və qərəzli iddialar sərgiləndiyi məqalələri
absurd yanaşmalarla da zəngindir. İddia olunur ki, “Ər-Riyadın
Ermənistanla diplomatik əlaqələr qurmamasına səbəb Qarabağın işğalı
ilə bağlı deyil, məqsəd sırf Bakının dəstəyini qazanmaq və
Azərbaycanda vəhhabiliyin yayılmasıdır”.
Dağlıq Qarabağın işğalından 24 il keçir, Azərbaycanda vəhhabiliyin
yayılması baş tutmayıb, əksinə belə cəhdlər tamamilə sıradan çıxıb,
iddiaya inansaq, o zaman “Azərbaycanda vəhhabi ideologiyasının
yayılması üçün Ermənistanla diplomatik münasibətlər qurmayan
Səudiyyə” 24 ildə bu siyasətindən çoxdan əl çəkməli idi. Bu
olmayıb, deməli, belə bir fikri irəli sürmək ya axmaqlıqdır, ya da
məqsəd Azərbaycan xalqının gözündə Səudiyyəni qaralamaq məqsədinə
xidmət edir. İkinci versiya daha real görünür.
Məqalənin müəllifləri absurd fikirlərini bir az da inkişaf
etdirərək, özlərini gülünc vəziyyətinə salırlar. İddia edirlər ki,
“Azərbaycan Səudiyyə ilə əlaqələri köklü göstərmək məqsədilə bir
çox azərbaycanlı şairin ərəbcə şeirlər yazdığını və bunun iki
ölkənin ortaq mədəniyyəti olduğu fikrini irəli sürür. Halbuki
ərəbcə yazan azərbaycanlı şairlər ümumilikdə Əhli-beyti mədh
ediblər, Səudiyyə isə əsasən Əhli-beytə qarşıdır”.
Bu fikrin İrandakı bəlli dairələrin Əhli-beyti monopoliyaya almaq
və öz maraqlarını şiə müqəddəsləri üzərindən yeritmək düşüncəsinin
uzantısı olduğu məlumdur. Bu bölgədə Ərəb xilafətinin hökmranlığı
dövründə ədəbiyyatda ərəb dili hakim mövqeyə yüksəlmişdi və
Azərbaycanın Musa Şəhavat, İsmayil Yəsar, sonrakı mərhələdə Nəsimi
və Məhəmməd Füzuli kimi nəhəng şairləri ərəb dilində də şeirlər
yazırdılar. İlk iki şəxs ümumən dini şair deyillər, daha çox nəğmə
müəllifləri kimi tanınırlar, üstəlik, Əməvi sülaləsi ilə
problemləri barədə də hər hansı məlumat yoxdur. Erkən İslam
dövründə azərbaycanlılar məvali-ərəb (bənu Sasan-bənu Qəhtan)
ziddiyyətlərinə, bu ziddiyyətlərdə birincilərin məkrlə Əhli- beyt
üzərindən oyunlar qurmasında iştirak etməmişlər. İslamın sonrakı
dövrlərində isə bu ziddiyyətlər arxa plana keçib, İran-Turan
mövzusu aktuallşımışdı. Azərbaycanlılar hansı məzhəbə, ideologiyaya
yaxın olmalarından asılı olmayaraq Peyğəmbər nəslinə, Əhli-beytə
xüsusi sayğı ilə yanaşmış, Azərbaycan poeziyasında da Əhli-beyt
sevgisi öz əksini tapır. Son iki söz ustadının əsərlərində
ümumilikdə İslamın tərənnümü öz əksini tapır. Təbii ki, onlar biri
dini baxışlarına görə hürufi, digəri cəfəri olduğundan Əhli-beytə
də əsərlər həsr ediblər, həm də bu əsərləri ana dilində və
farsrcadır, ərəbcə olsaydı belə görəsən 6-8 əsr əvvəl, və ya 13
əsər əvvəl yazılmış o əsərlərin o zaman heç İran adı daşımayan
indiki ölkə ilə Səudiyyə arasındakı qovğalara nə dəxli var?!
Göründüyü kimi, İranda Azərbaycan və Körfəz ölkələri arasındakı
artan xətlə inkişaf edən münasibətləri qaralamaq üçün hər cür
vasitəyə əl atan dairələr aktivləşib. Hətta bunun üçün Azərbaycana
gələn ərəb turistlərin azərbaycanlıların gözündən salma kampaniyası
da aparılır. “Parstoday”da yayımlanan məqalə bu faktı da ortaya
çıxartdı. Məqalədə Azərbaycana gələn ərəb turistərinin yerli
mədəniyyətə təsir etdiyi, yerli əhalinin onların gəlişinə qarşı
olduğu deyilir və sosial şəbəkələrdə müəyyən istifadəçilərin
yazdıqlarından bu istiqamətdə “fakt” olaraq istifadə olunur.
Son illər Azərbaycanın turizm sektoru ərəb turistlərin axını ilə
canlanıb. Onların gəlişi Azərbaycan iqtisadiyyatına kapital axınını
da sürətləndirdi. Turizmin dünyada ən çox gəlir gətirən
sektorlardan olduğunu nəzərə alanda, bu inkişaf ölkəmiz üçün
olduqca müsbət prosesdir. Amma ərəb turistlərinin Azərbaycana axını
həm iqtisadi inkişaf, həm də Azərbaycanla ərəb ölkələrinin
münasibətlərində müsbət tendensiya olması baxımından İranda təşviş
yaradır. Araşdırmalar təsdiq edir ki, Azərbaycanda ərəb turistləri
haqqında mənfi xəbərlərin peyda olması, onların gözdən salınması
kampaniyasının arxasında məhz İrandakı bu dairələr dayanır. Onlar
əvvəlcə sosial şəbəkələrdə müxtəlif adlar altında ərəb turistləri
haqqında mənfi rəylər yayır, sonra həmin rəyləri informasiyaya
çevirərək, ictimai rəyə təsir göstərməyə çalışırlar.
“Parstoday”in fəaliyyətini və məqsədini araşdıranda Azərbaycana
qarşı bu oyunların hədəfi də aydın olur: etnik separatçılığın
təşviqi.
İslam inqilabının əsas təbliğatçısı olduğunu iddia edən bir KİV-in
rebrendinqə gedib “Pars” sözündən istifadə etməsi özü qəribə
deyilmi? Xatırladaq ki, “pars” müsəlmanlığı qəbul etməyib,
Hindistan mühacirət etmiş və orda qucaratilərlə qaynayıb qarışıb,
onların etnokonfessional icmasına çevrilmiş zındıqların daşıdığı
addır. Zindıqlıq hara İslami təbliğatçılıq hara?
“Parstoday” müxtəlif dillərdə yayımlanır, Azərbaycanla bağlı
informasiyaları isə əksər hallarda mənfi yüklüdür. “Parstoday”
Azərbaycan dilini öz yayım dillərinə daxil etməyib, Azərbaycan
haqda məlumatlar talışca, Türkiyə türkcəsində və... ermənicə
yayımlanır. Azərbaycan dilində məlumatların yayılmamasının səbəbi
İrandakı azərbaycanlılardır. Çünki Azərbaycan dilində xəbərlər
yayılsa əsas oxucu kütləsi Cənubi Azərbaycandakı soydaşlarımız
olacaq və bunu zındıq sayt istəmir. Əvəzində sayt erməni və talış
dillərində daha fəaldır.
Bu dəst-xətt tanış deyilmi? Axı erməni təbliğat maşını və onların
əlində alət olan separatçı nəşrlər də iddia edir ki, Azərbaycan
dili və dövləti türkiyəlilər tərəfindən süni şəkildə yaradılıb,
Azərbaycanın yerli əhalisi isə irandillillərdir.
Maraqlıdır ki, zındıq adlı KİV talış dilində əski əlifba ilə yox,
latın əlifbası ilə yayımlanır. Buna səbəb İranda yaşayan gilək
qrupu xalqların assimilyasiyasına mane olmamaqdır. İranda gilək
qrupu xalqlarının sürətli assimiliyasiyası-farslaşması gedir, əski
əlifba ilə talış dilində məlumatların yayılması isə onların öz
dillərini unutmamasına yardımçı ola bilər. Saytın latın əlifbası
ilə talış dilində fəaliyyətinin əsas səbəbi hədəf auditoriyasının
məhz Azərbaycanda yaşayan talışmənşəli vətəndaşlarımızın
seçilməsidir. Azərbaycan vətəndaşı olan talışlar üçün hətta xüsusi
terminologiyadan da istifadə olunur. Misal üçün, nazir- vəzir, baş
nazir sər-vəzir və s. Bu terminologiyadan separatçı Əlikram
Hümbətovun qondarma təşkilatı da geniş şəkildə istifadə edir.
Göründüyü kimi, İRİB-i “Pars”a çevirən zındıqlar hələ də
Sasanilərin Qadisiyyədəki biabırçı məğlubiyyətinin ədavətini
apararaq bütün ərəblərə və ərəb ölkələri ilə əməkdaşlıqda maraqlı
olan Azərbaycana nifrət saçır, bu nifrət isə onları Azərbaycanda
etnik separatizmi körükləməyə təhrik edir.
Asif Nərimanlı
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO