Qərbin ikili standartı: Ermənistanda siyasi məhbusun aclıqdan ölməsini görməmək və... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Qərbin ikili standartı: Ermənistanda siyasi məhbusun aclıqdan ölməsini görməmək və... - ŞƏRH

“Azərbaycanda qanun pozuntusu kontekstindəki Mehman Hüseynov məsələsinin Qərb, o cümlədən, Avropa Parlamenti tərəfindən necə istismara məruz qaldığını, necə siyasi təzyiq mexanizminə çevrildiyini gördük. Halbuki, məsələnin kökündə sırf hüquqi amillər vardı. Bu hüquq kontekstində də yaranmış problem həll olundu. Ancaq Avropa siyasi institutlarının yaratdığı ajiotaj Azərbaycanın ətrafında böyük manipulyasiyaya çevrildi. Az qala, Azərbaycana hücum şəklində təşkil olundu”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu İrəvanın “Nubaraşen” təcridxanasında saxlanılan Erməni qartalları: Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryanın aclıq aksiyası nəticəsində ölməsi və Qərb dairələrinin bu məsələyə biganə yanaşması ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili bildirib ki, Qərbin bir sıra beynəlxalq və insan hüquqları təşkilatları daim dünyada baş verən hadisələrə ikili standartla yanaşırlar:

“Beləliklə də, həm beynəlxalq hüququn tələblərini pozur, həm də universal dəyərlər adlandırdığımız qlobal dəyərlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər dəyərlər, doğrudan da, qlobal və universaldırsa, o zaman bu yanaşma dünyanın hər yerində eyni olmalıdır. Təəssüf ki, biz uzun illərdir müşahidə etdiyimiz ikili standartlar siyasətini postsovet məkanında baş verən hadisələr kontekstində də müşahidə edirik. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərdə bunun şahidi oluruq. Son olaraq, daim əsas prioritet kimi qələmə verilən insan hüquqları məsələləri, söz azadlığı, vicdan azadlığı məsələlərində Qərbin insan hüquqları üzrə ixtisaslaşmış institutlarının ikili standartlar yürütdüyünü gördük. Azərbaycanda qanun pozuntusu kontekstindəki Mehman Hüseynov məsələsinin Qərb, o cümlədən, Avropa Parlamenti tərəfindən necə istismara məruz qaldığını, necə siyasi təzyiq mexanizminə çevrildiyini gördük. Halbuki, məsələnin kökündə sırf hüquqi amillər vardı. Bu hüquq kontekstində də yaranmış problem həll olundu. Ancaq Avropa siyasi institutlarının yaratdığı ajiotaj Azərbaycanın ətrafında böyük manipulyasiyaya çevrildi. Az qala, Azərbaycana hücum şəklində təşkil olundu.

Bu günlərdə Ermənistanın nüfuzlu siyasi partiyalarından birinin sədr müavini olan Mqer Yeqiazaryanın aclıq aksiyası keçirib ölməsi nədənsə, Qərbin heç bir insan hüquqları təşkilatının diqqətini çəkmədi. Heç kim buna qiymət vermədi. O cümlədən, Avropa Parlamenti Mehman Hüseynovun aclıq aksiyasını şişirtdiyi halda, Ermənistandakı hadisəni, ümumiyyətlə, görməzdən gəldi. Bu, bir daha sübut edir ki, Qərbdə yanaşma doğru, obyektiv deyil və ikili standartlara söykənir. Düşünürəm ki, bu məsələnin bu şəkildə baş verməsi bir mənada yenidən Avropa təşkilatlarının özünüifşası kimi təqdim edilməlidir. Olmayan məsələnin şişirdilməsi, olan məsələnin isə gözardı edilməsi onların hansı siyasətə xidmət etdiklərinin bariz göstəricisidir. Azərbaycan cəmiyyəti də bunu müşahidə edir, görür. Ona görə də Azərbaycanın milli maraqlarına zərbə vuran qrupların Azərbaycanı manipulyasiya etməsinə yol verilmir. Bu məqamda həmin təşkilatların diqqətinə müxtəlif səviyyələrdə çatdırılmalıdır ki, sizin insan hüquqları, demokratik azadlıqlarla bağlı həyata keçirdiyiniz siyasət obyektiv deyil, şantaj xarakterlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm