• USD 1,7000 0,00% EUR 1,9142 +0,21%
    • GBP 2,1315 +0,80% RUB 0,0271 +0,37%

Müsavatda satqın davası: Sadıqlının Arif Hacılı ilə bağlı ilk dəfə ortaya çıxardığı FAKTLAR

Müsavatda satqın davası: Sadıqlının Arif Hacılı ilə bağlı ilk dəfə ortaya çıxardığı FAKTLAR

Müsavat Partiyasının qapalı qruplarında gedən qızğın qarşıdurma böyüyərək açıq mübarizəyə keçib. Son məlumatlara görə, partiya rəhbərliyi “mühacir biznesi”nə qarşı çıxan Yadigar Sadıqlının “qələmini qırıb”.

Y.Sadıqlı “Facebook” səhifəsində yazıb ki, Arif Hacılı onun “satqın” çıxarılması əmrini verib.

“Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”, - deyə Sadıqlı qeyd edir.

Məlumatlara görə, A.Hacılı Sadıqlının “mühacir biznesi”nə qarşı çıxmasını həzm edə bilməyib, “vurulma” əmri də bundan sonra verilib.

Sadıqlı Müsavat üzvü olan Ceyhun Məmmədlinin onun haqqında dediklərini də paylaşıb. C.Məmmədli Sadıqlını “öyrədilmiş, kinli, Müsavatı parçalayan” kimi təqdim edir.

Bundan sonra məlum olub ki, Müsavatda rəhbərlik tərəfindən xüsusi qapalı qrup yaradılıb və bu qrupda bütün üzvlər yoxdur. Partiya üzvü Vüsal Süleymanın “mən niyə o qrupda yoxam” sualına cavab olaraq Müsavatda ayrı-seçkiliyə məruz qalanlar “Çünki sən İsa bəyin klanında yer almırsan” cavabını verib.

Müzakirələr zamanı ortaya çıxan faktlar Müsavat daxilində İsa Qəmbər-Arif Hacılı cütlüyünün komandası ilə Tofiq Yaqublu, Yadigar Sadıqov kimi funksionerləri lider görmək istəyənlər arasında ciddi mübarizənin getdiyini təsdiqləyir.

Ən diqqətçəkən məqam isə Müsavat fəalı Fərəc Kərimlinin Yadigar Sadıqlıya etirazı zamanı ortaya çıxan faktlardır.

F.Kərimli etiraz olaraq bildirib ki, “Yadigar Sadıqlı, siz Məclisin son iclasında davranışınıza görə və qapalı qrupda özünüzün başlatdığınız əsassız polemikada irəli sürdüyünüz ittihamlara görə bir sıra üzvlər tərəfindən qınanmısınız. Heç bir göstəriş yoxdur, göstərişə ehtiyac da yoxdur. Müsavat Məclisində ilk dəfə olaraq müsavatçılar kiməsə “əə” deyə müraciət edildiyini sizdən eşitdi. Ardını yazmıram...”.

Yadigar Sadıqlı isə açıqlayıb ki, “Müsavat qərargahının divarlarının hansı söyüşlər eşitdiyini bir dəfə siz danışa bilərəm. Özü də bu gün məni qınayanlar tərəfindən səslənilən söyüşlər”.

Bu söz atışması Müsavat Partiyasının qapalı toplantılarında təhqirli, söyüşlü mübahisələrin olduğunu ortaya çıxarıb.

Bundan başqa, Müsavat Partiyasının “çoxminli tərəfdar” iddialarının da təbliğatdan başqa bir şey olmadığını elə Yadigar Sadıqlı etiraf edib.

“Özünüzü aldatmaqda davam edirsiniz. Müsavatın gücünü çoxdan bitirmisiniz, partiyanın nüfuzu darmadağın olub. Bu gün “Müsavat güclənir” deməklə deyil. Novxanıdakı tədbirə Frankfurtdakından az adam gəlir. Reallığa qayıdın”, - Sadıqlı Fərəc Kərimliyə cavabında yazıb.

Fərəc Kərimli Müsavatın gücünün tükəndiyi məsələsinə etiraz etsə də, təqdim olunan fakta münasibət bildirməyib.

Y.Sadıqlını müdafiə edənlər Müsavatın Göyçay rayon təşkilatının keçirdiyi iclasla bağlı qapalı qrupa göndərdiyi məlumatı paylaşıblar. Məlum olub ki, “Müsavatın Nəzarət Təftiş Komissiyasının Göyçayda keçirilən genişləndirilmiş şura toplantısı” cəmi 3 nəfərlə keçirilib.

“Dünən Göyçayda Müsavat partiyasının NTK-nın 3 üzvünün iştirakı ilə genişləndirilmiş şura toplantısı keçirilib. Toplantıda ölkədə, dünyada gedən proseslərlə yanaşı, partiya daxili nizam-intizam da müzakirə mövzusu olmuşdur. Partiya üzvü Taleh Xasməmmədov partiyanın dəsti-xəttinə uyğun hərəkət etmədiyinə görə dəfələrlə xəbərdarlıq almasına baxmayaraq öz bildiyini etmişdir. FB-də partiya əleyhinə böhtan xarakterli statuslar paylaşmışdır, çağırdığımız iclaslara gəlməmişdir və partiya nizamnaməsinə uyğun hərəkət etmədiyinə görə gizli səsvermə yolu ilə partiya sıralarından xaric olunmuşdur”, - məlumatda bildirilir.

3 nəfərlik genişləndirilmiş şura toplantısı, ölkədə və dünyada baş verən proseslərin müzakirəsi, gizli səsvermələrin keçirilməsi və Müsavatın real üzü...

Bu fakt Müsavatdakı proseslərlə bağlı iki məqamı üzə çıxarır: sosial baza sıfırın altına düşüb, bu siyasi məhvolmanı “3 nəfərlik genişləndirilmiş şura iclası”n dan yaxşı heç nə ifadə edə bilməz; ikincisi, partiya avtoritar sistemlə idarə olunur, demokratiya, söz azadlığı şüarlarına bürünənlər tərəfdarları üzərində diktatura yaradıb;

Bu da Müsavat, “Gah meydana, gah zindana girdi” deyənlərin bir günü...

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR