Ermənistan təxribat cəbhəsini dəyişir: sərhəd hücumlarının hədəfi - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ermənistan təxribat cəbhəsini dəyişir: sərhəd hücumlarının hədəfi - TƏHLİL

İyulun 27-də işğalçı ölkə Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində atəşkəs rejimini pozdu. Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi məlumatında deyilir ki, düşmən snayperinin atəş nöqtəsi cavab atəşi ilə susdurulub. Ermənistan Müdafiə Nazirliyi hadisə nəticəsində bir müqaviləli erməni hərbi qulluqçunun güllə yarası aldığı haqda məlumat yaydı. Təxminən 10 gün öncə - iyulun 18-də işğalçı ölkə yenə sərhəddə təxribat hücumuna cəhd etmişdi. Nəticədə “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgərlərimizdən biri yaralanmışdı. Hadisə yerinə DSX sədri getdi və sərhəd xidməti gücləndirildi, 10 gün sonra Ermənistan ikinci təxribata əl atdı və bu dəfə ciddi zərbə aldı.

Hadisələrin inkişafı göstərir ki, işğalçı ölkə təxribat hücumunu Qarabağdan sərhədə köçürür və bu təxribatlar Azərbaycan-Gürcüstan sərhədində baş verənlərin davamı hesab oluna bilər.

İyulun 14-də bir qrup Gürcüstan vətəndaşı “Keşikçi dağı” məbədi ərazisində Azərbaycan sərhədçilərinə qarşı insident törətdi. Hadisənin arxasında regiondakı bəlli qüvvələrin Bakı-Tbilisi münasibətlərinin pozulmasına və bölgədə təsir rıçaqlarını genişləndirməyə hesablanmış planları aydın görünür. (Oxu: Geosiyasi təxribatın daxili cəbhəsi və rəsmi Bakının oyunları pozan STRATEJİ ADDIMI). Gürcüstandakı erməni fəalları və gürcüləşmiş ermənilərlə, o cümlədən, informasiya vasitələri ilə insidentin ən aktiv iştirakçılarından olan Ermənistanın əsas hədəfi isə Azərbaycana qarşı Gürcüstan sərhədindən yeni cəbhə açmaq, Dağlıq Qarabağ cəbhəsində möhkəmlənək üçün yeni imkanlar əldə etməkdir.

Gürcüstan sərhədindəki insidentdən 4 gün sonra – iyulun 18-də işğalçı ölkə Azərbaycan-Ermənistan sərhədində təxribat törətdi. 10 gün sonra ikinci təxribata əl atdılar.

Burada siyasi və hərbi cəbhədə təxribatlara əl atan işğalçı ölkənin Azərbaycana qarşı “sərhəd planı”nın mövcud olduğu aydın görünür.

Cari plan - təxribat cəbhəsi dəyişdirilir: bu planda hədəf diqqəti Qarabağ cəbhəsindən yayındırmaqdır.

a) Azərbaycan Ordusunun cəbhə boyu ərazilərə nəzarət etməsi, xüsusilə “aprel müharibəsi”ndən sonra vəziyyəti tam ələ alması işğalçı ölkənin hərbi birləşmələrini çətin vəziyyətə saldı. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “hərbi-siyasi rəhbərliyi” tez-tez təmas xəttində Azərbaycan tərəfinin hərbi-mühəndislik işləri həyata keçirdiyindən, mövqelərini addım-addım irəli çəkdiyindən şikayətlənir. İşğalçı ölkənin planına görə, döyüş cəbhəsinin Azərbaycan-Ermənistan sərhədinə köçürülməsi Bakının diqqətinin Qarabağ cəbhəsindən yayınmasına və ən yaxşı halda erməni hərbi birləşmələrinin mövqelərini yenidən gücləndirməyə, ən pis halda Azərbaycan Ordusunun “səssiz irəliləməsi”ni dayandıra bilər.

b) Təxribatların sərhədə köçürülməsi 2020-ci ildə Qarabağda separatçı rejimə keçiriləcək “parlament və prezident” seçkilərinə də hesablanıb. Nikol Paşinyan “Qarabağ klanı”nın uzantısı olan separatçı rejimi öz təsiri altına almaq istəyir, “Qarabağ klanı” isə “son qalası” hesab etdiyi bu rejimi vermək niyyətində deyil. Gözləntilərə görə, “seçkilərə” yaxın separatçı rejim təmas xəttində Paşinyanın iradəsindən kənar təxribatlar törədə, hərbi gərginliyi artıra və “xarici düşmən” obrazı ilə “son qala” qoruna bilər. Mümkündür ki, Paşinyan rejimi hərbi gərginliyi sərhədə köçürməklə Qarabağdakı təmas xəttində stabilliyi təmin etmək və “Qarabağ klanı”nın hərbi planlarına şərait yaratmamaq istəyir.

c) “Sərhəd planı” həm də Ermənistanın Qarabağda gələcək müharibəyə hazırlaşmasından da irəli gələ bilər. Son məlumata görə, İrəvan Ermənistan Qafan şəhərini işğal altındakı Xocavənd rayonuna birləşdirəcək 150 kilometrlik magistral yol çəkmək niyyətindədir. Bu yolun çəkilişi “iqtisadi perspektiv”lərlə əlaqələndirilsə də, mümkün müharibə zamanı hərbi texnikanın daha asan və sürətli köçürülməsinə xidmət edəcək. Paşinyan rejimi Qarabağda genişmiqyaslı hərbi təxribata əl atarsa, bunu yalnız separatçı rejimdə “seçkilər”dən, yəni “Qarabağ klanı”nının “son qalası”nı aldıqda sonra edə bilər. Həmin vaxta qədər işğalçı ölkəyə həm “seçkiləri” keçirmək, həm də hərbi planlarını tamamlamaq üçün Qarabağ cəbhəsində sakitlik lazımdır. Münaqişənin həlli ilə bağlı danışıqların vəziyyəti belə bir sakitliyi vəd etmir, bu baxımdan, Ermənistanın hərbi gərginliyi Qarabağdan sərhədə köçürmək planları önə çıxır.

ç) Və mümkündür ki, Qarabağ cəbhəsində güclü Azərbaycan Ordusunun önündə dayana bilməyən və verdiyi itkilərə görə daxili ictimai rəydə atəşə məruz qalan Ermənistan rejimi “Azərbaycanın sərhəd qoşunları milli ordu ilə müqayisədə daha təcrübəsizdir və onlar üzərində “qələbə” qazanmaq mümkündür” xülyası ilə sərhəd təxribatlarına əl atır. Paşinyan bununla daxili rəydə “qalib” imici formalaşdırmaq niyyətindədir. Hərçənd, son 10 gündə baş verən iki təxribat və sərhədçilərimizin cavabı düşmənin bu xülyasını alt-üst etdi. Hazırda DSX bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

Perspektiv plan – İrəvan “müttəfiqləri”ni Bakıya qarşı qaldırır: bu planda hədəf Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) fakt qarşısında qoymaq və Azərbaycana qarşı istifadə etməkdir.

İndiyə qədər KTMT Bakı və İrəvan arasında seçim məsələsində həmişə Azərbaycanın mövqeyini müdafiə edib. Buna səbəb rəsmi Bakının ağıllı manevrləri, xüsusilə Azərbaycan liderinin KTMT-yə üzv dövlətlərlə qurduğu diplomatik münasibətlərdir. İrəvan Qarabağ cəbhəsində hərbi toqquşmalar zamanı KTMT-nin dəstəyinə bel bağlasa da, təşkilatın nizamnaməsi də buna imkan vermir. Nizamnaməyə görə, yalnız Ermənistanın dövlət sərhədinə təhlükə yaranarsa, təşkilat hərəkətə keçə bilər. Dağlıq Qarabağ isə Azərbaycan torpağıdır və KTMT üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə bir situasiyada KTMT-ni fakt qarşısında qoymaq və dəstəyini almaq üçün Ermənistana Azərbaycanla sərhəddə hərbi gərginlik lazımdır. “Sərhəd planı” buna hesablanıb.

Lakin sərhəd təxribatlarının məhz indi baş verməsi təsadüfi deyil və burada bir neçə ehtimal var.

Birincisi: Qazaxıstanda Nursultan Nazarbayev prezident postundan getdi. KTMT-də xüsusi ağırlığı olan Nazarbayev Azərbaycanın maraqlarını açıq şəkildə müdafiə edirdi. Ermənistan hesab edir ki, Nazarbayevin prezident postundan getməsi sərhəddə baş verə biləcək hərbi toqquşmada KTMT-nin aktiv müdaxiləsinə ciddi maneənin aradan qaldırılması deməkdir. Əslində bir neçə ay öncə “Qolos Armenii” saytının yeni prezident Kasım-Jomart Tokayevin adından “Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” fikirlərini yayması da buna hesablanmışdı: Hədəf Qazaxıstanla Azərbaycanın münasibətlərinin pisləşməsi və KTMT-də post-Nazarbayev dövrünün “yeni reallığı”nı yaratmaq idi. (Oxu: Ermənistanın Gədəbəydən Cavaxetiyaya qədər uzanan hücum ssenariləri). Hərçənd, bu informasiya təxribatı işləmədi, lakin işğalçı ölkənin sərhəd təxribatları KTMT-da yaranmış hesab etdikləri “yeni reallıq”dan bəhrələnmək cəhdi kimi görünür.

İkincisi: ruslara qarşı “demarş”. Paşinyan hakimiyyətinin “1 mart” işi ilə bağlı cinayət işi açması və Moskvanın İrəvandakı adamlarını “vurması”, o cümlədən, KTMT-nin keçmiş erməni baş naziri Yuri Xaçaturovu bu prosesə daxil etməsi Kremlin ciddi qəzəbinə səbəb oldu. Nəticədə, Ermənistanın KTMT-də “erməni baş katib” üstünlüyü vaxtından əvvəl bitdi. Ermənistanın baş katiblik üstünlüyünün sıradan çıxmasında rəsmi Bakının KTMT-yə üzv dövlətlərlə yaxın münasibəti və yaranmış vəziyyətdə etdiyi manevrlər də az rol oynamadı. Görünür, işğalçı ölkə sərhəddə hərbi gərginliyi yaratmaq və KTMT-ni nizamnaməsinə uyğun olaraq, Rusiyanı və təşkilatın digər üzvlərini dilemma qarşısında qoymaq istəyir. Sərhəddə hərbi gərginlik olarsa, KTMT-nin müdaxiləsi, xüsusilə Rusiya, Belarus və Qazaxıstanın Azərbaycanla münasibətlərinə xələl gətirə bilər. Təşkilat müdaxilə etməsə, Ermənistana bu ölkələri ittiham etmək, KTMT-dən çıxmaq, yaxud ən azı verilməyən dəstəyin əvəzini başqa formada almaq imkanı qazandıra bilər. İrəvan ikili oynamağa cəhd edir.

Üçüncüsü: sərhəd hücumu ilə 2020-ci ilə qədər KTMT-ni müdaxiləyə məcbur etmək. Təşkilatda erməni baş katibi Belarus nümayəndəsi Stanislav Zas əvəzlədi. Lakin o, vəzifə səlahiyyətlərinə 2020-ci ilin 1 yanvar tarixindən başlayacaq, hazırda baş katib səlahiyyətlərini müvəqqəti olaraq, Rusiya nümayəndəsi icra edir. Zasın bu postda fəaliyyətə başlaması Ermənistanın üçün yaxşı perspektiv vəd etmir. Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT-nin baş katiblik məsələsini Azərbaycanın Minskdəki səfiri ilə müzakirə etməsi və həmin ərəfədə Azərbaycan lideri ilə apardığı danışıqlar da təşkilatda proseslərin rəsmi Bakının maraqlarına uyğun cərəyan etdiyini təsdiqləyir. S.Zasın Bakıya olan xüsusi münasibəti də Azərbaycanın əlini gücləndirən amillərdəndir. Bu məsələlər İrəvanla Minsk arasında diplomatik qalmaqala çevrildi, lakin işğalçı ölkə danışmaqdan başqa heç nə edə bilmədi. Sərhəd təxribatını məhz bu amillər fonunda analiz etdikdə, İrəvanın niyyəti aydın görünür. Ermənistan yeni baş katibin vəzifəsinin icrasına başlayacağı tarixə qədər KTMT-nin Azərbaycana qarşı hərəkətə keçməsinə nail olmaq istəyir. 10 gün içində iki dəfə təxribata əl atmaları bu ehtimalı gücləndirir.

Və böyük ehtimalla, işğalçı ölkənin sərhədin təmas xəttində təxribatları davam edəcək. Lakin plan baş tutacaqmı?: rəsmi Bakı çoxvektorlu təxribat olan “Keşikçi dağı” böhranının qarşısını aldı və bundan sonra baş verə biləcəklərinə qarşı hazırlığı var; sərhədçilərimiz hər iki cəbhədə - “Keşikçi dağı” və Azərbaycan-Ermənistan sərhədi – vəziyyətə tam nəzarət edir; Azərbaycanın Ermənistan istisna olmaqla KTMT-yə üzv ölkələrin hər biri ilə yüksək səviyyədə münasibəti mövcuddur və bu dövlətlər İrəvanın qarşısında Bakını seçirlər; Moskva Paşinyan hakimiyyətinə etimad etmir və Ermənistanla hazırkı münasibətlər kəskindir; bütün bunlar, işğalçı ölkənin “sərhəd planı”nın perspektivsiz olduğunu göstərir.

Və hər şeydən öncə işğalçı ölkəni istənilən hərbi platformada güclü Azərbaycan Ordusu qarşılayacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm