Cənubi Qafqazda casus savaşı başladı: İrəvan Londonla əlaqə qurmaq istədi, Paris...
Bizi izləyin

Nida Təhlil

Cənubi Qafqazda casus savaşı başladı: İrəvan Londonla əlaqə qurmaq istədi, Paris...

Fransa hərbi kəşfiyyatına bağlı olan “Intelligence Online” agentliyinin məlumatına görə, Ermənistan hökuməti Britaniya müdafiə şirkətləri ilə əlaqə qurmağa çalışır. Belə ki, Ermənistan hökuməti Britaniyanın müdafiə sənayesində əlaqələr tapmaq üçün “Sanctuary Counsel” konsaltinq firmasına müraciət edib.

Bəs fransızların Ermənistan və Britaniya arasında qeyri-rəsmi diplomatiyanı üzə çıxarmaqda məqsədləri nədir?

Ermənistanla Britaniya arasında əlaqələr uzun illər problemli olub. Bu daha çox ingilis şirkətlərinin, xüsusən bp-nin Azərbaycandakı fəaliyyəti, Britaniyanın Cənubi Qafqazda məhz Azərbaycanı əsas tərəfdaş kimi görməsi ilə bağlı idi.

Lakin 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”dan sonra London-İrəvan əlaqələrində yaxınlaşma meyilləri güclənib. Bu yaxınlaşmada məxməri inqilabdan sonra 2022-ci ilin fevralınadək Ermənistan prezidenti olmuş Armen Sarksiyanın xüsusi rol oynayıb. A.Sarksiyan əvvəllər Britaniyada səfir idi, kral ailəsi və Britaniya elitasına yaxın şəxs kimi təqdim olunurdu.

Afrikada Fransa əsas oyunçu kimi mövqeyini itirib. Mali, Çad, Qvineya, Burkina-Faso, Niger və Qabon kimi Fransanın keçmiş müstəmləkələrində baş verən hərbi çevrilişlər bu ölkənin bölgəyə nəzarətinin azalmasından xəbər verir. Rusiyanın bu ölkələrdə artan hərbi və Çinin iqtisadi mövcudluğu Fransanı Mərkəzi Asiya və Cənubi Qafqazda daha çox təşəbbüslərə sövq edir.

Afrikadakı uğursuzluqlardan sonra Ermənistan Fransanın xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bunun tarixi kökləri də var, hazırda Rusiya və ABŞ-dan sonra ən çoxsaylı erməni diasporu Fransadadır. İstər I, istərsə də II Qarabağ müharibəsi zamanı Ermənistana ən çox diplomatik yardım edən ölkə Fransa idi. Fransa siyasətçiləri seçkiqabağı təbliğat kampaniyaları çərçivəsində belə İrəvan və Xankəndiyə səfər edirdilər. Son zamanlar Ermənistana böyük miqdarda silah satışı həyata keçirildiyi də bildirilir. Paris açıq şəkildə 2020-ci ildən sonra Cənubi Qafqazda birtərəfli qaydada möhkəmlənməyə çalışırdı. Bu vəziyyət Azərbaycan və Fransa arasında diplomatik və siyasi münasibətlərə dərindən təsir edir.

Fransızlar çətin ki, ingilislərin Ermənistanla əlaqələrinə aktiv mane ola bilsinlər, lakin onlara ərazidə olduqlarını xatırlada bilərlər. Fransız kəşfiyyatına bağlı nəşrin Britaniyanı “ifşa” etməsi isə yeni bir istiqamətdir-Cənubi Qafqaz uğrunda sadəcə diplomatik, iqtisadi mübarizə getmir, artıq kəşfiyyat savaşları da başlayıb. Fransız kəşfiyyatının Cənubi Qafqaza müdaxilə təşəbbüsləri, siyasi mühacirət vasitəsilə Azərbaycan siyasətinə də təsir cəhdləri haqda əvvəlki yazılarda məlumat vermişdik. İndi bu kəşfiyyat fəaliyyəti qərbli müttəfiqləri də hədəfə alıb.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm