Prezident Mikayıl Cabbarovu niyə İqtisadiyyat naziri təyin etdi? - Sədr müavinindən AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Prezident Mikayıl Cabbarovu niyə İqtisadiyyat naziri təyin etdi? - Sədr müavinindən AÇIQLAMA

“Son günlər ali hakimiyyət orqanlarında aparılan kadr islahatları və dəyişikliklər Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı böyük planların həyata keçirilməsindən xəbər verir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Cənab Prezident hər zaman apardığı daxili siyasətdə iqtisadi göstəricilərin yaxşılaşması, əhalinin sosial vəziyyətinin yüksəlməsi məsələlərinə böyük diqqət yetirir: “Yeni zaman gəlir. Yeni tələblər gəlir. Bu problemlərin həlli üçün yeni simalar və yeni yanaşmalar lazımdır. Son günlərdə İqtisadiyyat nazirinin Baş nazirin müavini təyin edilməsi, vergi sahəsində böyük islahatları ilə cəmiyyətdə nüfuz qazanmış Vergilər naziri Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin olunması Cənab Prezidentin iqtisadiyyatın artma tempini daha da sürətləndirmək istəyindən xəbər verir. Təyin edilən kadrları bu vəzifələrə kifayət qədər hazır insanlar hesab edirəm. Heş bir şübhəm yoxdur ki, onlar Prezidentin yüksək etimadını doğruldacaq”.

Deputatın sözlərinə görə, Cənab Prezident qarşıda duran məsələləri həm Şahin Mustafayevlə, həm Mikayıl Cabbarovla qəbulda kifayət qədər aydın müəyyələşdirdi: “Bu, qeyri-neft sektorunun inkişafı, aqrar sektorun potensialının artırılması, sahibkarlığa dəstək, vergi siyasətinin təkmilləşdirilməsi, Azərbaycanın ixracat potensialının artırılması, Azərbaycan məhsullarının dünya bazarına daha çox tanıdılması məsələləri, Azərbaycan sahibkarlarının fəaliyyətinə dövlət tərəfindən diqqət və qayğının artırılması məsələləri idi. Bu istiqamətdə işlər görülür. Təcrübələr var. Bu məsələlərdə sahibkarlarla dövlət strukturları arasında sıx münasibətlər mövcuddur. Ancaq yeni zaman gəlir və bu yeni zamanda yeni yanaşmalar tələb olunur. Hesab edirəm ki, Cənab Prezidentin yeni təyin etdiyi şəxslər qarşısında qoyduğu məsələlər həll edilməsi mümkün olan məsələlərdir və onlar bunun həlli üçün maksimum səy göstərəcəklər. Azərbaycan modernləşən iqtisadiyyat modeli ortaya qoyub. 1993-cü ildən bəri büdcənin neft gəlirlərindən asılılığını azalda bilib və bu proses ildən-ilə azalmaqda davam edir. Dotasiyasız pul büdcəsini formalaşdıran şəhər və rayonlarımızın sayı günü-gündən artmaqdadır. Bu gün inkişafın artım mərkəzi artıq çoxdan Bakıdan regionlara keçib. Regionlar təkcə aqrar potensialı ilə deyil, eyni zamanda, iqtisadi və sənaye potensialı ilə də tanınmağa başlayıb. Azərbaycan cəmiyyəti, ümumilikdə, bu yeniliklərə, inkişaf perspektivlərinə hazırdır. Azərbaycanın bu gün təbii potensialı var. Azərbaycan tələb olunan praktikaya malikdir. Ən əsası isə bu məsələlərin həll edilməsinə dair Cənab Prezidentin siyasi iradəsi var ki, bu da cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm