Azərbaycanın izzəti-nəfsinə zülm edənlər...
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın izzəti-nəfsinə zülm edənlər...

"Nə idin? Şimdi nerdəsin? Bu nə yəs?
Əcaba, yoqmu səndə izzəti-nəfs?".


Son günlər öz izzəti-nəfslərindən dəm vuran, mövcud hakimiyyətə müxalifət olmağın "izzəti-nəfs"lərinə zülm olduğunu deyən Əli Kərimli və ətrafının müştəbehliyi Hüseyn Cavidin bu misralarını yada salır. Cavidin təbirincə desək, "Əli Kərimli, nə idiniz, indi hardasınız, bu nə məyusluq?".

Dövlət katibi olduğun hakimiyyətin dövründə özünüzün də etiraf etdiyi kimi, quldurluq, rüşvətxorluq, soyğunçuluq ölkədə tüğyan edirdi. Prezident Əbülfəz Elçibəyin siz məmurlara üz tutaraq "Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa 100 minlərlə al...Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir" deməkdən başqa çarəsi qalmamışdı. Siz nə edirdiniz? Cəbhədə işğalçıyla döyüşən ordunu Bakını işğal etmək üçün geri çağırır, Silahlı Qüvvələrin hərbi arsenalını öz izzəti-nəfsinizin müdafiəsinə həsr edirdiniz. Sizlərin izzəti-nəfsi yalnız bu ölkənin torpaqlarının işğalı ilə təmin edildi. İndi Şuşanın, Xankəndinin, Xocalının, Əsgəranın, Xocavəndin, Ağdərənin, Hadrutun işğalı ilə bəzədiyiniz izzəti-nəfsinizdən danışırsınız?!
Ya Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın düşmən tapdağında qalmasına səbəb olan o "əziz" izzəti-nəfsiniz indimi yadınıza düşdü?!


Axı sizlər nə idiniz? Bu ölkəyə ərazi itkisindən, xarbalığa çevirdiyiniz küçələrdən, dağıtdığınız sosial-iqtisadi sistemdən, bölünmək və məhv olmaq qorxusundan başqa hansı mirası qoydunuz?!

İndi hardasınız və gah mollaların, gah çarların, gah lordların önündə tir-tir əsən izzəti-nəfsinizdən necə dəm vura bilirsiniz? Məşhur məktubda deyildiyi kimi, "Moskva tikiş fabrikində tikilən tünd göy rəngli, zolaqlı kostyumdakı insanı gör nə hala sala, nə dərəcədə miskin vəziyyətə, nə dərəcədə mənəvi düşkünlüyə gətirib çıxara bilərmişlər!"

Gör hakimiyyət sevdası, şəxsi eqo və siyasi ehtiras insanı nə dərəcədə miskin vəziyyətə, nə dərəcədə mənəvi düşkünlüyə gətirib çıxara bilərmiş ki, öz liderini satmağı, restoran mətbəxlərində gizli sövdələşmələrə getməyi, başqalarının övladlarının həbsinə zəmin yaratmaqla "partiya sədrliyinin" ömürünü uzatmağı, Qərbdə ultra-liberal libasına, Şərqdə əmmaməyə bürünməyi, bu ölkəni ələ keçirmək, diz çökdürmək istəyənlərin planlarında yer almağı bacara biləsən!

Gör bir insan necə bir miskin vəziyyətə, necə bir mənəvi düşkünlüyə mübtəla ola bilərmiş ki, bu ölkənin torpaqlarını işğal edənlərlə eyni salonlarda Vətəninə qarşı çıxsın, öz oğlunu Dağlıq Qarabağda separatçı rejimin "rəhbəri" Bako Saakyanın oğlu ilə eyni tədbirə göndərsin və Azərbaycana qarşı işğalçı ilə eyni leksikonda danışsın, sonra da heç nə olmamış kimi bu xalqa gələcək vədləri versin!

Əli Kərimli, bu nə məyusluq, bu nə yəs, əcaba yoxmu səndə izzəti-nəfs?!

Gör bu insan... nə deyək ki, bu adamı düzgün ifadə etsin, Azərbaycan dilində onun əməllərini tam ifadə edəcək söz hələ icad olunmayıb, çünki Azərbaycan dili bu xalqın, bu dövlətin dilidir və bizim kitabımızda Vətənə xəyanət kəlməsi yazılmayıb.

Və illərdir Azərbaycan xalqının izzəti-nəfsi Əli Kərimli kimilərin zülmünə məruz qalır!

İllərdir bu dövlət öz izzəti-nəfsini sizin kimilərdən qorumağa çalışır!


İndi sizlər hansı izzəti-nəfsdən danışırsınız, franklinlərin önündə tir-tir əsərkən arxa cibinizdə gizlətdiyiniz, yoxsa işğalçıyla eyni tribunaya dırmaşarkən evdə qoyub getdiyinizdənmi?!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm