Türkiyə haqlı olaraq Rusiyanı sabitliyi pozmaqda ittiham edir - Şərh
Bizi izləyin

Nida Təhlil

Türkiyə haqlı olaraq Rusiyanı sabitliyi pozmaqda ittiham edir - Şərh

“Türkiyə və Rusiya arasında olan razılaşmalar taktiki xarakter daşıyır”.

Bunu Publika.az-a açıqlamasında Suriyanın İdlib bölgəsində yaratdığı gərginliyi təhlil edən politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.



Politoloq İdlibdə baş verən hadisələrin aparıcı ölkələrin maraqları çərçivəsində inkişaf etdiyini qeyd edib: “Əlbəttə ki, orada həm Türkiyənin, Rusiyanın, həm də ABŞ-la İranın maraqları var. Türkiyə-Rusiya münasibətləri strateji xarakter daşıya bilməz. Türkiyə haqlı olaraq Rusiyanı həmin bölgədə sabitliyi pozmaqda ittiham edir. Çünki Rusiyanın muzdluları orada açıq şəkildə fəaliyyət göstərir. Bu, əlbəttə ki, birmənalı şəkildə qəbulolunmaz bir faktdır. Hesab etmirəm ki, Rusiya və Türkiyə arasında ciddi münaqişələr baş verəcək. Amma hər halda, Suriya ərazisində iki tərəf də bir-birinin maraqlarını nəzərə almalıdır. Bu da bir reallıqdır ki, faktiki olaraq Suriya bölünüb. Vahid ölkə yoxdur. Ona görə, bunu sivil şəkildə bir-birinin maraqlarına zidd olmayan addımlarla həll etmək lazımdır. Zənnimcə, gec-tez tərəflər müəyyən razılığa gələcək”.

Tərəflərin məqsədlərindən söz açan Fikrət Sadıqov sözlərinə belə davam edib: “Rusiya Bəşər Əsədi dəstəkləyir. İŞİD-ə qarşı mübarizə şüarları altında öz maraqlarını güdür. Suriya ərazisində öz maraqlarını genişləndirmək istəyir. Türkiyə isə müxalif qrupları dəstəkləyir. Yəni, Bəşər Əsədə qarşı vuruşan dəstələrin həm siyasi, həm də hərbi müstəvidə tərəfindədir. İdliblə bağlı danışıqlar artıq mövcuddur. Türkiyə istəyir ki, maraqların bölünməsi tam nəzarət altında olsun və proseslər danışıqlara tam cavab versin”.

Politoloq Bəşər Əsəd rejimi ünsürlərinin Türkiyə ordusuna son hücumu ilə bağlı maraqlı yanaşma irəli sürüb: “Düşünmürəm ki, Rusiya Bəşər Əsədə belə bir təlimat versin. Amma yenə də Rusiyanın müəyyən təsirləri və bölgədə mövcudluğu gərginliyə gətirib çıxarır. Bəşər Əsəd ilk növbədə özünü qoruyur. Öz rejimini müdafiə edir. Amma bu, heç də o demək deyil ki, onlar türk qoşunlarına qarşı bundan sonra sərt addımlar atacaq. Vəziyyət daha da gərginləşə bilər. Bu, Bəşər Əsəd rejiminin maraqlarına cavab verməyə bilər. Türkiyə tərəfi isə öz maraqlarını qoruya bilən bir dövlətdir. Məharətlə və peşəkarlıqla həmişə bunu bacarıb. İdlibdəki oyunçular bu oyundan çıxmaq istəyirlərsə, mütləq ki, bir razılığa gəlməlidirlər. Münaqişə alovlana da bilər. Bu alovlanmanın qarşısını almaq üçün Rusiya ilə danışıqlar aparılmalıdır, yenidən bir araya gəlinməlidir. Çünki Bəşər Əsəd rejimi ilə danışmağa ehtiyac yoxdur. O, bir çox ərazilərə nəzarət edir. Əgər Rusiya və Türkiyə əvvəlcədən danışıqlar əsasında bir razılığa gəliblərsə, deməli yenidən bu addımı ata bilərlər”.

Sonrakı prosesləri proqnozlaşdıran Fikrət Sadıqov Suriya ərazisində uzun müddət gərginliyin olacağını bildirib: “Səbəb Suriyada bir çox oyunçunun maraqlarının olmasıdır. Bu maraqlar müəyyən mərhələdə toqquşa da bilər. Həmin toqquşmalar qeyd etdiyim məlum güclərin maraqlarına cavab verməyəcək. Ona görə də tərəflər İdlibdə öz mövcudluğunu saxlamaq və müəyyən ərazilərə nəzarət etmək istəyirlərsə, onların müəyyən razılığa gəlmələri şərtdir. İnanmıram ki, yaxın gələcəkdə Suriyada sülh və əmin-amanlıq olsun”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm