Azərbaycanda koronavirusu yayan onlardır
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda koronavirusu yayan onlardır

Dünyanın problemi budur ki, ağıllılar həmişə şübhə içində olur, axmaqlarsa daim özlərindən razıdırlar”.

Bertran Rasselin bu sözlərini, nə qədər kobud səslənsə də, koronavirus pandemiyasını “saymayan” və gündəlik həyatına rahat şəkildə davam edən insanlara aid etmək olar. Onlar hər yerdədir.

İtaliyada onlar virusu ciddiyə almadılar, ölüm sayı 10 minə yaxınlaşır, son 24 saatda 919 insan həyatını itirib;

İspaniyada onların sayəsində koronavirusun qurbanları 4 mini keçdi;

Fransada ölüm sayı bir gecədə 299 nəfər artaraq, 1995-ə çatdı;

ABŞ-da virusa yoluxanların sayı Çini keçdi: 100037;

Türkiyədə bir gündə 2 min 69 nəfər yoluxub, 17 insan vəfat edib;

(Bunlar dünən açıqlanan son rəqəmlərdir və bu gün daha çox olacağı şübhəsizdir).

Virusun sürətlə yayılmasının başlıca səbəblərindən biri insanların bunu ciddiyə almaması, “evdə qal” çağırışlarını qulaqardına vurmasıdır. Koronavirusun meydana gəlməsi, yayılması və dünyanı baş-ayaq vəziyyətə salması haqda kifayət qədər konspriloji fərziyyələr irəli sürmək olar: yeni dünya nizamının qurulması, iqtisadi formasiyaların dəyişməsi, yeni sistemlərin meydana gəlməsi və sair və ilaxır... Amma nə bu fərziyyələr, nə də proqnozlar virusun insan həyatı üçün təhlükəli olduğu gerçəyini dəyişmir. Və mövcud vəziyyətdə virusun yayılmasının səbəbkarı nə dərman tapa bilməyən həkimlər, nə bu bəlanın qarşısını ala bilməyən hökumətlər deyil, “evdə qal” çağırışını qulaqardına vuran, təhsil müəssisələrinin bağlanmasını tətil hesab edib, uşaqlarını gəzməyə aparan, “mənə heç nə olmaz” deyib şəhər turuna çıxanlardır, İtaliyada bələdiyyə sədri Qualdo Tadinonun təbirincə desək, “Möhtəşəm axmaqlar”... İtaliyada “möhtəşəm axmaqların” hesabına 10 minə yaxın insan öldü və bu rəqəm hər gün sürətlə böyüyür. Onların laqeydliyi bütün Avropada tabut qıtlığı yaradıb...

Onlar “virusun nə qədər təhlükəli olduğunu anlamayacaq qədər ağılsız, həm də bu xəstəliyə yoluxmayacağını düşənəcək qədər özlərindən razıdırlar”. Psixologiyada bu, Danninq-Kryuger sindromudur.

Ətrafımızda bu sindromdan əziyyət çəkən nə qədər insan varmış...

Türkiyədə “Gezici” araşdırma şirkətinin keçirdiyi bir sorğu var. “Evdə qal” çağırşını dinləməyən və virusa yoluxmamaq üçün heç bir tədbir görməyən (qoruyucu maskalardan istifadə etməyən) respondentlərin bir qismi “Yaxın günlərdə məsələ həll olunacaq”, digər qismi isə “mənə heç nə olmaz” cavabını verib. 27 mart tarixli statistikaya görə, qardaş ölkədə yoluxma sayı 5 min 698, ölüm sayı 92 idi.

Eyni sorğunu bu gün Azərbaycanda keçirin, ətrafımızda eyni cavabı verən yüzlərlə insanın olduğunu görəcəksiniz: Bakı küçələrində özünü qorumayan və təkcə özünü yox, həm də hər kəsi təhlükəyə atan yüzlərlə insanla qarşılaşa, “Virus yoxdur, hər şey dünyanı idarə edən güclərin yalanlarıdır” şərhlərini, “mən virusun qarşısında əyilən oğlan deyiləm” cavablarını eşidə bilərsiniz.

Azərbaycanda dünən açıqlanan rəsmi rəqəmlər bir gündə 47 nəfərin virusa yoluxduğunu göstərir. Getdikcə yoluxma sayı artır və artıq yoluxma ölkə daxilində birindən digərinə keçmə yolu ilə baş verir. Digər ölkələrdə olduğu kimi, bizdə də rəqəmlərin hər keçən gün artmasının səbəbkarı “evdə qal” çağırışını qulaqardına vuranlardır.

“Möhtəşəm axmağın” ölkəsi olmur, axmaq elə axmaqdır.

Və onlar hələ də anlamıralar ki, hökumətin bütün tədbirləri bu virusun yayılmasının qarşısını almaq, vətəndaşın xəstələnməməsi, bir xəstəxana otağında ağzında süni tənnəfüs aparatı ilə ailəsindən, doğmalarından uzaq ölməməsi üçündür.

Anlamırlar ki, hökumət nə qədər sərt qaydalar tətbiq etsə də, insanı ilk növbədə özü qoruya bilər və bunun yeganə yolu evdə qalmaqdır.

“Möhtəşəm” ol, “axmaq” olma, bu sayın artmaması, insanların ölməməsi üçün Evdə qal!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm