Vətəndaşın evinə qədər gələn dövlət dəstəyi - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Vətəndaşın evinə qədər gələn dövlət dəstəyi - TƏHLİL

COVİD-19 pandemiyası planetə təkcə xəstəlik və ölüm deyil, həm də sosial çətinliklər, işsizlik və aclıq da gətirdi. Epidemiyanın yayılmasını minimallaşdırmağın yeganə yolu olan karantin strategiyasının tətbiqi sosial-iqtisadi çətinlikləri dünyanın bir nömrəli probleminə çevirib.

“Evdə qal” planetin əsas devizidir, amma Uzaq Şərqdən Qərbə qədər dünyanın müxtəlif ölkələrində evdə qalan insanların işlərini itirməsi, aclıqla sınağa çəkilməsi faktı hər keçən gün epidemiyaya yoluxma və verilən itkilərə paralel olaraq artır. Bu kədərli mənzərə fonunda Azərbaycanın “Evdə qal” devizinin davamı olaraq, “dövlət dəstəyi evinizə qədər gəlir” siyasəti koronavirusun yaratdığı “qara dünya” tablosunda qlobal nümunə olaraq seçilir.

Evdə qal, dövlət sosial təminatını evinə qədər gətirir”.

Azərbaycanda dövlətin epidemiya ilə mübarizədə həyata keçirdiyi sosial-iqtisadi siyasətin sadə dillə ifadəsi budur. Vətəndaşın sağlamlığı üçün “Evdə qal” strategiyasını tətbiq etməklə yanaşı, vətəndaşın ehtiyacları da təmin olunur. Burada Prezident İlham Əliyevin “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin real addımlarda öz əksini tapması xüsusi diqqət çəkir.

Pandemiyanın yayılma arealı genişlənməyə başlayanda dövlət başçısı vətəndaşların sağlamlığının qorunması məqsədilə ən effektli strategiyanın – karantin rejiminin tətbiq edilməsi siyasətini izlədi və buna paralel olaraq, digər ölkələrdəki “işsizlik və yoxsulluğun yaranmasından sonra hərəkətə keçmək” təcrübəsinin yaşanmaması üçün sosial-iqtisadi paketin hazırlanması göstərişini verdi.

Digər ölkələrin təcrübəsi göstərir ki, insanlar işini itirəndən, sosial çətinliklə üzləşəndən sonra hökumətlər hərəkətə keçir, yaxud hansısa addımlar atmağa çalışır. Azərbaycan isə tam fərqli siyasət yürütdü: dövlət özəl sektorda çalışanların əmək haqlarının böyük hissəsinin ödənməsini üzərinə götürdü, pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə hərtərəfli dəstək verildi, dövlət sektorunda işləyənlərin əmək haqları saxlanılmaqla məşğulluğu təmin olundu, vətəndaşlara birdəfəlik ödənişlər edildi və bütün bunların fonunda həm də işsizlər üçün yeni iş yerlərinin yaradılmasına başlanıldı.

“Qara dünya” tablosunda Azərbaycan fərqi necə yarandı? Bu sualın cavabı real faktlarda əksini tapır.

Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Aprelin 17-də isə dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı.

İşsizliyin qarşısı alındı: pandemiyadan əziyyət çəkən dünyanın ən ciddi problemi məhz işsizliyin sürətlə artmasıdır. Prezident İlham Əliyev həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri isə Azərbaycanda bu problemin yaşanmamasıdır.

Karantin rejimi tətbiq edilməyə başlananda dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması istiqamətində addımlar atıldı. Dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min (ümumilikdə 1 milyon 629 min) işçinin iş yerini və əmək haqqını itirməməsinin qarşısını almaq məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Bu nəzarət təkcə mövcud iş yerlərinin qorunması ilə yox, həm də əmək müqavilələrinin sayının artması ilə nəticələndi: 1 aprel - 17 aprel: 55 min artım; 1 yanvar - 17 aprel: 77 min artım; Dövlət işçinin işəgötürən qarşısında hüququnu tam şəkildə qoruyur.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, pandemiyanın əsas zərbəsi muzdlu işçilərə dəyir. Çünki onlar həm gündəlik gəlirlərindən məhrum olur, həm də hüquqlarının müdafiəsində çətinlik çəkirlər. Azərbaycanda dövlət pandemiya dövründə ilk dəstəyi onlara verdi: 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Yeni iş yerləri:
pandemiya dövründə Azərbaycanda insanlar iş yerlərini itirmir, əksinə işsizlər işlə təmin olunur. Çünki dövlət məşğulluq orqanlarının fəaliyyətini gücləndirir: DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib; Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər;

Bununla yanaşı, qarşıdakı dövrdə iş yerlərinin yaradılması prosesi sürələndiriləcək. Artıq bu il ərzində 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. Dünya Bankı ilə layihəyə başlanır və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

İşsizlərə dövlət dəstəyi: Karantin rejiminə görə işini itirən, qeyri-formal işləyən, eləcə də işsizlər üçün pandemiya dövründə minimum yaşayış səviyyəsində birdəfəlik ödəmə (aylıq 190 manat) edilməsinə başlanıb. Prezident İlham Əliyevin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə veriləcək. Bu barədə danışan dövlət başçısı bildirib ki, birdəfəlik ödəmə almaq üçün müraciət edənlərin sayı kifayət qədər artıb və indi bu təkliflər, sifarişlər geniş təhlil edilir: “Maksimum səviyyədə şəffaflıq təmin edilməlidir. aztəminatlı ailələrin problemləri daha geniş şəkildə həll edilməlidir. Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.

Beləliklə, aprel-may aylarında 600 min insan birdəfəlik ödəmə alacaq. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.

Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, aprel ayının sonu, may ayının əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala biləcək.

Lakin dövlət bununla kifayətlənmir. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi də genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb.

Xüsusi həssas təbəqələrə dəstək:

- Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq;

- Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır;

- Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur;

- 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb;

- Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində): 40 milyon manatdır;

- Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır;

Bu siyasət ən çətin məqamda dövlətin vətəndaşa xidmət nümunəsidir. Bura Azərbaycandır və Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”. Tezlikə pandemiyaya da qalib gələcəyik, çünki bu ölkədə vətəndaşın arxasında dövlət, dövlətin arxasında vətəndaş dayanır və “Biz birlikdə güclüyük!”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm