Paşinyan, Həsənli və İbrahimi – Azərbaycana qarşı ŞƏR ÜÇBUCAĞI
Bizi izləyin

Nida Təhlil

Paşinyan, Həsənli və İbrahimi – Azərbaycana qarşı ŞƏR ÜÇBUCAĞI

Prezident İlham Əliyevin Ermənistan hakimiyyətini tənqid etməsi İrəvanda oturanları narahat etdiyi kimi, Bakıda əyləşənlərin də rahatlığını pozdu. Azərbaycan Prezidentinin tənqidlərinə Ermənistanın yerinə cavab verən, özünü ermənidən çox erməni kimi aparan azərbaycanlıların (?) olması cəmiyyət olaraq bizi acınacaqlı reallıqla üz-üzə qoydu.

Prezident iyunun 26-da - Silahlı Qüvvələrimizin 102-ci ildönümündə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açlışında işğalçı Ermənistanla bağlı arqumentlərə əsaslanan tənqidlər səsləndirdi.

- Ermənistanda diktatura hökm sürür: Nikol Paşinyanın siyasi rəqiblərinə qarşı repressiyası, son olaraq da onu istefaya çağıran “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın deputatlıq toxunulmazlığının ləğvi və həbs edilməsi istiqamətində atılan addımlar, ölkə konstitusiyasını öz maraqları çərçivəsində dəyişdirmək cəhdləri, bu dəyişikliyə qarşı çıxan Konstitusiya Məhkəməsinin üç hakiminin istefaya göndərilməsi məqsədilə “Konstitusiya məhkəməsi haqqında” qanunu dəyişdirmək istəyi, müxalif mediaya qarşı təzyiqlər və son iki ildə repressiyaların artması və s. Ermənistanda totalitar rejimin çiçəkləndiyini göstərir;

- Nikol Paşinyanın ailəsi və qohumları tütün, brilyant və silah qaçaqmalçılığını həyata keçirir: keçmiş səfir Mikayel Minasyanın baş naziri ifşa edən açıqlamaları region ölkələrinin mediasında əsas gündəm mövzularından biridir;

- Baş nazirin korrupsiyaya bulaşdığı, vəzifə təyinatlarında qohumbazlığın əsas amil olduğu Ermənistan mediasında demək olar ki, hər gün yazılır;

- 1998-2018-ci illərdə Ermənistana rəhbərlik etmiş şəxslərin – Robert Koçaryan və Serj Sarkisyan (hər iki şəxs azərbaycanlılara qarşı soyqırımı aktlarına rəhbərlik edib), ordu generallarının quldur və oğru olduğunu Nikol Paşinyan hakimiyyəti dilə gətirir və bu şəxslərin bir neçəsi həbs olunub, bir neçəsinə qarşı cinayət işi açılıb;

Prezident İlham Əliyev bütün bu məsələləri gündəmə gətirdi və işğalçı ölkənin gerçək mahiyyətini göstərdi. Bu çıxış həm də Ermənistanın daxili siyasətinə hesablanmış strateji addım idi. Dövlət başçısının tənqidlərindən sonra Ermənistanda keçmiş və mövcud hakimiyyətin bir-birini itiham etməsi də Azərbaycan liderinin strategiyasının nəticə verdiyini təsdiqləyir.

Azərbaycan lideri bir çıxışla torpaqlarımızı işğal edən Ermənistanın daxilində siyasi qarşıdurma yaradır, Azərbaycanda milli adına iddia edənlərsə Paşinyanın müdafiəsinə qalxır. Azərbaycanlı adını daşıyan şəxs(lər)i buna nə vadar edir, bu ölkənin torpaqlarını işğal etmiş ölkəni müdafiə etmək hansı psixoloji vəziyyətin təzahürüdür, siyasi ambisiya və ya hansısa dairələrin sifarişləri öz xalqından və ölkəndən bu qədərmi üstündür?!

Üstün hesab edənlər var. Adına milli sözünü yapışdıran Şuranın sədri, bir müddət öncə ABŞ-a gedən və geri qayıtmayan Cəmil Həsənli bunu təsdiqləyir.

Həsənli dərhal reaksiya verərək, Azərbaycan Prezidentinin tənqidləri qarşısında Paşinyanı müdafiə etdi, “Ermənistanın baş naziri təmiz insandır” deyə bildirdi və Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyanın sözlərini təkrarladı. Qevorkyan Azərbaycan Prezidentinin tənqidlərinə “deyilənlər Azərbaycana aiddir” tipli cavab vermişdi, Cəmil Həsənli də “bütün deyilənlər əslində Azərbaycana aiddir, Ermənistana yox” deyə bildirdi. Ermənistan hakimiyyəti ilə sinxorin açıqlamaları Avropada yaşayan keçmiş səfir Arif Məmmədov və Milli Şuranın digər fəalları da irəli sürdülər.

İrəvanda və Bakıda – Azərbaycanın ermənilər tərəfindən zəbt edilmiş qədim şəhərində və paytaxtımızda sinxron fəaliyyət açıq şəkildə görünür. Maraqlıdır, alayarımçıq tarixçi Cəmil Həsənli İrəvanın qədim torpağımız olması faktından eşqə gələrək, şəhərimizi zəbt etmiş ermənilərin dili olmağı seçib, yaxud niyə Paşinyana bel bağlayır?

Həsənli və onun şurasının Paşinyanın müdafiəsinə qalxmasının arxasında yatan nəsnələr o qədər də gizli deyil.

Mənim düşmənimin düşməni dostumdur”. İlk və məlum səbəb bu prinsipdir. Cəmil Həsənli, onu idarə edən Əli Kərimli və ətrafı Azərbaycan xalqının düşmənini dost hesab edirlər, çünki ermənilər onların özünə düşmən hesab etdiyi İlham Əliyevin də düşmənidir.

Milli adına iddia edən bu qüvvələrin bir dərdi var: hakimiyyətə gəlmək. Onların prinsipinə görə, mövcud hakimiyyətə qarşı mübarizədə hər şey mübahdır. Şuranın “zoom konfransları”ndan birində səslənən etiraflar da bunu təsdiqləyir. Konfransda Qənimət Zahidin Azərbaycanda devalvasiyasının vaxtını səhv salması müzakirə olunarkən, Q.Zahid deyir: “Bizim işimiz hökuməti şərləməkdir”.

Və onlar hökuməti şərləmək üçün Ermənistanı açıq şəkildə müdafiə etməkdən də çəkinmirlər. Bu fakt növbəti dəfə sübut edir ki:

- Milli Şura adı altında toplşanlar siyasi ambisiyaları naminə bu xalqın düşməni ilə də əlbir olmağa hazırdır;

- Hakimiyyət sevdası onların milli heysiyyatını deqredasiyaya uğradıb;

- Hakimiyyətə qarşı mübarizə adı altında faktiki dövlətə qarşı mübarizə aparırlar;

- Siyasi məqsədləri naminə - hökuməti şərləmək üçün öz vətənlərini ləkələməkdən çəkinmirlər;


Lakin Bakıda oturanların Ermənistanla sinxron fəaliyyəti təkcə “hökuməti şərləmək” prinsipindən irəli gəlmir. Müşahidələr proseslərin idarə olunduğunu deməyə əsas verir. Bunun üçün detallara diqqət etmək lazımdır.

Azərbaycan liderinin Ermənistan hakimiyyətini tənqid etməsinə üç istiqamətdə cavab gəldi.

Birincisi, Paşinyanın mətbuat xidmətinin rəhbəri, yəni Ermənistan hökuməti;

İkincisi, Cəmil Həsənli və Milli Şuranın digər fəalları;

Üçüncüsü, mütəmadi olaraq Ermənistana səfər edən, ermənilərin Azərbaycanı parçalamaq planlarında yer alan separatçılar;


Hər üç cavab eyni tesizdən ibarətdir: Ermənistan haqqına deyilənlər Azərbaycanın özünə aiddir.

Ermənistan hakimiyyətinin rəsmi cavabında yer alan bu ifadələri Cəmil Həsənli, Arif Məmmədov və digərləri inkişaf etdirdi.

Və Zahirəddin İbrahimi “Realist” informasiya agentliyində məqalə yayımladı: “Əliyev Ermənistan hakimiyyətini tənqid edir, amma dedikləri onun hakimiyyətinə aiddir”.

Zahirəddin İbrahimi kimdir?: Bu şəxs Azərbaycana qarşı əsasən Ermənistan mediasından tribuna olaraq istifadə edir. Özünü “politoloq” kimi təqdim edən İbrahimi digər separatçı Əlikram Hümbətov tərəfindən ermənilərlə birlikdə işğal altındakı Şuşa şəhərində yaradılan qondarma radioda çıxışlar edir, Azərbaycana qarşı təxribat fikirləri səsləndirir. Son dövrlər Z.İbrahiminin Azərbaycana qarşı təxribatçı məqalələri Rusiyada fəaliyyət göstərən “Realist” informasiya agentliyində yayımlanır. Bu agentliyin – realtribune.ru – ofisi Moskvada Varşava şosesində yerləşir, baş redaktoru Sarkis Saturyandır. Z.İbrahimi Nikol Paşinyanın “Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakı” tezisini də müdafiə edir, Azərbaycan torpaqlarında ermənilər tərəfindən yaradılmış separatçı rejimin “müstəqil” olması fikrini irəli sürür. Onun erməni xüsusi xidmət orqanları ilə işlədiyi şübhəsizdir və mütəmadi olaraq, İrəvana səfərlər edir.

Z.İbrahiminin məqaləsində yer alan fikirlər və məqalənin dərc olunduğu informasiya resursu bunun Ermənistan tərəfindən sifariş edildiyini təsdiqləyir. Eyni tezisləri Cəmil Həsənli və Milli Şuranın digər fəalları da irəli sürürlər. Sual yaranır: separatçılara gələn tapşırıq Həsənli və komandasına da gəlib?

Şübhəsiz ki, Milli Şura, AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru dayanır.

Azərbaycana qarşı şər uçbucağı – Ermənistan, radikal müxalifət və separatçılar – dolayısı ilə eyni “qazanın içində qaynamaqdadır”.

Burada diqqət çəkən detallardan biri də Cəmil Həsənlinin ABŞ-a ikitərəfli bilet alaraq səfər etməsi və geri qayıtmamasıdır. Milli Şuranın sədri okeanın o tayına “mühazirə oxumaq” üçün getdiyini bildirmişdi, lakin onun Vaşonqtonda keçirdiyi görüşlər şübhələrə yol açırdı. Ən şübhəli məqam isə Həsənlinin Ramis Yunusla bir araya gəlməsi və Azərbaycana qarşı fəaliyyətin koordinasiya edilməsi idi. Arif və Ramis Yunusun ermənilərlə qan bağlılığının olduğu, hələ AXC-Müsavat hakimiyyəti dövründə vəzifələrdə çalışarkən dövlət əhəmiyyətli informasiyaları Ermənistana ötürdüyü, sonrakı siyasi fəaliyyətlərində də ermənilərlə birgə layihələr həyata keçirdiyi, Azərbaycana qarşı birgə mübarizə apardıqlarına dair kifayət qədər informasiyalar var. Bu iformasiyalar fonunda Həsənlinin Ramis Yunusun dəstəyi ilə ABŞ-da yaşamağa başlaması və nəhayət açıq şəkildə Paşinyanın müdafiəsinə qalxması tapşırığın haradan gəldiyinə dair təsəvvür formalaşdırır.

Görünən budur ki, milli olmayanlar Azərbaycanın milli qüvvələrinə qarşı bu ölkənin düşmənləri ilə “yallı” gedir və çıxardıqları oyunlara “xalqımız naminə” yarlığı yapşdırırlar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm