COVID-19-la mübarizə, qlobal böhranın həlli və Bakının “yumşaq güc” strategiyası - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

COVID-19-la mübarizə, qlobal böhranın həlli və Bakının “yumşaq güc” strategiyası - TƏHLİL

Beynəlxalq münasibətlərdə ən həlledici amillərdən biri “yumşaq güc” diplomatiyasıdır. Zaman-zaman gündəmə gələn bu siyasi alət son dövrlər arxa plana keçmişdi, xüsusilə lokal müharibələr fonunda sərt siyasət əsas seçim idi. Lakin beynəlxalq münasibətlərdə ciddi korrektlər yaradan COVİD-19 pandemiyası “yumşaq güc” diplomatiyasını yenidən ön plana çıxarır, artıq mütəxəssislər post-pandemiya dövrünün beynəlxalq münasibətlərində belə diplomatiyanın həlledici rolunun artacağını proqnozlaşdırırlar.

“Yumşaq güc” (Soft Power) nəzəriyyəsinin müəllifi Cozef Nay bildirirdi ki, “Beynəlxalq münasibətlərdə istənilən məsələni, hətta mümkünsüz görünənləri belə reallaşdırmağın 3 yolu var. Birincisi, “qarşı tərəfi güc və müharibə ilə təhdid etmək”, ikincisi, “qarşı tərəfi müxtəlif formalarda satın almaq”, üçüncüsü isə “yumşaq güc”dən istifadə edərək qarşı tərəfi razı salmaq”. Üçüncü yol müasir dünyada ən unikal variantdır.

Mədəniyyətdən tutmuş, turistlər üçün maraqlı olmasına, idmanda qazandığı uğurlardan tutmuş imza atdığı humanitar aksiyalara qədər çoxsaylı elementləri özündə birləşdirən “Yumşaq güc” koronavirus pandemiyasının meydana gəlməsindən sonra fərqli formasiyada aktuallıq qazanır və post-pandemiya dövründə bu gücün artmasında üç amilin əhəmiyyətli olacağı önə çıxır:

1. Pandemiyaya ilə mübarizə qabiliyyəti və nəticələr;

2. Pandemiyanın siyasi kollaps yaratdığı beynəlxalq münasibətlərin bərpası üçün atılan addımlar;

3. Pandemiya ilə mübarizəyə verilən dəstək və humanitar yardımlar;


Bu üç amil ölkələrin post-pandemiya dövrünün siyasi xəritəsindəki yerini və gücünü müəyyənləşdirəcək.

Bu siyasi mənzərə və gözləntilər fonunda Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər diqqət çəkir.

Dövlət başçısı pandemiyaya qarşı mübarizədə Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyə yardımı etməsini və bu dəstəyi piar üçün yox, ölkələrə həmrəylik borcu kimi etdiyini vurğulayır.

Prezident bildirir: Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi; Azərbaycan dünyada çox yüksək imicə malik ölkədir; Humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır; Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazandı; Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə əldə etməyə çalışmayıb;

Bunun yanaşı, Azərbaycan dünya miqyasında önəmli rol oynayan ölkə olduğuna diqqət çəkən dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatında sədrlik edən ölkəmizin təşəbbüsü ilə bu təşkilatların Bakıda iki Zirvə görüşününü keçirildiyini xatırlatdı: “Zirvə görüşləri uğurlu olmuş, qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır... Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi”.

Pandemiyaya qarşı mübarizədə Azərbaycanın atdığı addımlar və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya Bakının “yumşaq güc”ünün əhəmiyyətli dərəcədə artdığını və post-pandemiya dövründə mövqelərinin güclənəcəyini deməyə əsas verir. Dövlət başçısının “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir” sözləri də real vəziyyətin izahıdır.

Pandemiyaya ilə mübarizə qabiliyyəti və nəticələr;

Azərbaycan dünyada COVİD-19-a qarşı ilk mübarizəyə başlayan ölkələrdən biri oldu. Hələ yanvar ayında Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmaqla dövlət orqanlarının fəaliyyəti koordinasiya edildi, ardınca sərhədlər bağlandı, digər ölkələrlə hərəkət dayandırıldı, tədris prosesi onlayn rejimə keçdi. Martın 23-dən etibarən pandemiyaya qarşı mübarizədə ən effektli olan “karantin srategiyasını” tətbiq etdi. Nəticədə virusun kütləvi yayılmasının və dağıdıcı təsirlərinin qarşısı alındı. Əhali sayı ilə müqayisədə yoluxanların sayı bu mübarizənin real nəticəsidir.

Bu strategiyada üç istiqamət əhəmiyyətlidir.

a) Səhiyyə sisteminin gücləndirilməsi: koronavirusla mübarizə məqsədilə yeni klinika və müasir tələbələrə cavab verən modul tipli xəstəxanalar qısa müddətdə yaradıldı. Artıq 200 çarpayıdan ibarət 5 modul tipli xəstəxana istifadəyə verilib, əlavə olaraq, 10 xəstəxananın yaradılması gözlənilir. Dövlət başçısı qeyd edib ki, yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Növbəti ayda istifadəyə veriləcən daha bir modul tipli xəstəxana isə 1300 yerlik olacaq. Hazırda respublikanın 45 xəstəxanasında koronavirus xəstələri müalicə olunur ki, bu xəstəxanaların 36-sı son dövrlər ərzində inşa edilib. “Yeni klinika”dakı çarpayıların sayı isə 700-750-yə çatdırılması nəzərdə tutulur.

Koronavirus testlərinin sayına görə dünyada 40-cı yerdə olan Azərbaycan bu istiqamətdə də mühüm addımlar atıb. Fevral ayında ölkədə cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaqdır. İndiyə qədər 500 mindən çox test aparılıb və bu, adambaşına düşən testlərin sayına görə əhəmiyyətli göstəricidir.

Prezident İlham Əliyevin göstərişi ilə aprel ayında tibbi maska istehsal edən müəssiənin istifadəyə verilməsi və əhalinin təlabatının yerli istehsal hesabına ödənilməsi də əhəmiyətli addımlardan bidir.

b) Vətəndaşa dövlət dəstəyi, sosial-iqtisadi sistemin qorunması: Dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə pandemiya nəticəsində 10 milyonlarla insan işsiz qaldığı halda, Azərbaycanda heç bir müəssisə bağlanmadı, heç bir vətəndaş işsiz qalmadı, əksinə, yeni iş yerləri yaradıldı. Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Dövlət 2,5 milyard manatlıq dəstək paketini qəbul etdi, 44 min sahibkarlıq subyektində 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsini ödədi. Dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqısı saxlanılmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən, 300 min mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt olundu, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi. Sahibkarların kreditlərinin 60 faizi dövlət tərəfindən subsidiyalaşdırıldı.

Dövlət başçısı müsahibəsində həyata keçiriləcək sosialyönümlü işlərin anonsunu da verdi. Belə ki, bu il 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq, şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə isə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur.

Pandemiyanın iqtisadi sferada dağıdıcı təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı cari il 5 ayında müəyyən inkişafa da nail olub: kənd təsərrüfatı 3 faiz, qeyri-neft sənayesi 16 faiz inkişaf edib. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə rəğmən, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb.

c) Həmrəyliyin əldə olunması: dünyada baş verənlər pandemiyaya qarşı mübarizədə cəmiyyətin həmrəliyinin əhəmiyyətli rol oynadığını sübut etdi. Prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə ölkə daxilində buna nail oldu. Digər ölkələrlə müqayisədə pandemiyanın Azərbaycana daha az təsirinin səbəblərindən biri də məhz budur. Diqqətçəkən əsas məqam isə Azərbaycan liderinin ölkə daxilində müsbət nəticə verən bu təcrübəni beynəlxalq müstəviyə daşıması, həm pandemiyaya görə ölkələrin özünəqapanma yolunu seçməsi nəticəsində beynəlxalq münasibətlərdə yaranmış siyasi kollapsı aradan qaldırması, həm də ölkəmizin beynəlxalq siyasətin zirvəsinə yüksəltməsidir.

Pandemiyanın siyasi kollaps yaratdığı beynəlxalq münasibətlərin bərpası üçün atılan addımlar;

Prezident İlham Əliyevin təşəbbüsü ilə öncə Türk Şurasının, ardınca Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşləri keçirildi. Bakı Zirvəsi olaraq tarixə düşən bu görüşlər beynəlxalq münasibətlərdə yaranmış böhranın aradan qaldırılması ilə nəticələndi.

Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü Azərbaycanın pandemiyaya qarşı mübarizədə yaratdığı həmrəylik təcrübəsinin regional müstəviyə köçürülməsi və dövlət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş konfransların başlanğıcı, mayın 4-də Qoşulmama Hərəkatının “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü isə Prezident İlham Əliyevin formalaşdırdığı strateji təcrübənin beynəlxalq müstəviyə daşınması idi. Azərbaycan lideri bu addımlardan sonra pandemiyaya qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü və bu təşəbbüs dünyanın 130 ölkəsi tərəfindən dəstəkləndi.

Bütün bu addımlar Azərbaycanı qlobal səviyyədə həlledici təşəbbüslərin müəllifi olan ölkə kimi önə çıxmasına səbəb olur və bu, strategiya ilk növbədə ölkəmizin siyasi nüfuzunu gücləndirir, eyni zamanda, post-pandemiya dövrününün əsas aktorlarından birinə çevirir. Bu strategiya əsasında pandemiyaya qarşı mübarizə məqsədilə Azərbaycanın 30-dan çox ölkəyə dəstək verməsi təsadüfi deyil.

Pandemiya ilə mübarizəyə verilən dəstək və humanitar yardımlar;

Humanitar dəstək “yumşaq güc” strategiyasında önəmli faktordur, çünki bu addım dəstək verilən ölkələrin siyasi çevrələri ilə yanaşı, həmin ölkənin xalqının rəğbətini qazanmaqla nəticələnir. Bu baxımdan, Azərbaycanın humanitar yardımları ölkəmizə böyük siyasi dividentlər gətirir:

- Azərbaycan dövləti bəşəriyyətin bəlasına çevrilən bu bəladan təkcə öz vətəndaşını deyil, həm də ehtiyacı olan digər ölkələrin vətəndaşını da qorumaq istiqamətində adımlar atır və bu, ölkəmizin beynəlxalq səviyyədə humanist imicini gücləndirir;

- Bu addım humanitar dəstək verilən ölkələrin siyasi rəhbərliyi ilə yanaşı, sadə insanlarının da ürəklərinin fəth edilməsinə səbəb olur və bu, Azərbaycanın nüfuzunun böyük coğrafiyada yayılması ilə nəticələnir;

- Bu kontekstdə Prezident İlham Əliyevin bir fikri diqqət çəkir: Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazandı; Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə əldə etməyə çalışmayıb;
Bu amil böyük coğrafiyada sevgi qazanmağın başlıca şərtidir: təmənnasız dəstəyin qarşılığı həmişə olur, çünki tarix boyu xalqlar ən çətin günlərində ona dəstək verənləri heç vaxt unutmur.

Unutmayın, siyasətdə heç nə təsadüfi olmur və bu vacib strategiya gələcəkdə dövlət və milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsi üçün əhəmiyyətli nəticələrə səbəb olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm