“Amerikanın səsi”, “Azadlıq radiosu” və siyasi marionetkalar – Bakıya qarşı köhnə oyun
Bizi izləyin

Nida Təhlil

“Amerikanın səsi”, “Azadlıq radiosu” və siyasi marionetkalar – Bakıya qarşı köhnə oyun

Tovuz döyüşlərində işğalçı Ermənistanı hərbi və diplomatik məğlubiyyətə uğradan Azərbaycan dərhal hücum diplomatiyasına keçdi və ilk nəzərəçarpan məqamlardan biri Los-Ancelesdə ermənilərin soydaşlarımıza hücumu ilə bağlı ABŞ səfirinin XİN-ə dəvət olunması idi. Bu, diplomatik prosedur kimi görünə bilər, lakin məsələnin əsli güclənən Bakının haqlı mövqeyini açıq şəkildə müdafiə etməsi və geri çəkilməməsi idi.

Prosesin əvvəlinə nəzər yetirsək, koronavirus pandemiyasının beynəlxalq münasibətlərdə yaratdığı kollaps və bu kollapsı dağıtmaq üçün böyük güclərin deyil, məhz rəsmi Bakının hərəkətə keçməsi – beynəlxalq təşkilatların video konfrans formatında bir araya gətirilməsindən tutmuş ümumi bəlaya qarşı qlobal həmrəyliyin yaradılmasına qədər bir çox mühüm addımlar atıldı – Azərbaycanın nüfuzunun ciddi şəkildə gücləndirdiyini görə bilərik. Və bundan narahat olanlar narazılıqlarını gizlətmədən açıq şəkildə hücuma keçirlər.

Tovuz təxribatının arxasındakı səbəblərdən biri də Azərbaycanın güclənən nüfuzu idi. Hərçənd, rəsmi Bakı bütün cəbhələrdə həyata keçirilən hücumları dəf etdi və bu döyüşdən qalib tərəf kimi çıxdı.

Bu status-kvo Azərbaycanın Dağlıq Qarabağ məsələsində də əlini gücləndirmiş oldu, amma və lakin düşmən öz çirkin oyunlarını oynamaqdan əl çəkmir.

Budur, ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı təxribat hücumları yanlış kontekstdə təqdim olunur və Bakını ittiham olunan tərəfə çevirmək cəhdlərinə əl atılır. Buna paralel olaraq, heç bir əsası olmadan Azərbaycanda demokratiya və insan haqları süni şəkildə qabardılır, çoxdan mövcud olmuş, artıq keçmişdə xatırlanan hansısa xəyali müxalifətin “təqib edildiyi” ətrafında kampaniya aparılır.

İlk baxışdan, xaricdə ermənilərin soydaşlarımıza qarşı hücumları ilə Azərbaycan daxilində demokratiyanın olub-olmaması fərqli məsələlər kimi görünür, lakin hadisələrin inkişafı hər iki istiqamətin eyni pazlın hissələri olduğunu deməyə əsas verir.

Hədəf Bakının güclənən imicini kormalaq, Azərbaycanı “təcavüzkar” tərəf kimi göstərmək və anti-demokrat ölkə obrazını yaratmaqdır.

Oyunun iştirakçıları: İşğalçı Ermənistan, erməni lobbisi/diasporu, AXCP, Milli Şura adı altında toplananlar və xaricdə müxtəlif yollarla məskunlaşmış, lüks həyat yaşamaq üçün ölkəsini və millətini belə satmağa hazır olan “azərbaycanlılar”.

Ermənistan Tovuz təxribatında və xaricdə soydaşlarımıza qarşı vandalizm aktlarında Azərbaycanı “hücum edən tərəf” kimi təqdim edir;

Erməni lobbisi/diasporu bu istiqamətdə kampaniyanı müxtəlif ölkələrin media resurslarında və müxtəlif təşkilatlarda aparır;

Özünə “azərbaycanlı” deyənlər – AXCP, Milli Şura və xaricdəki bəlli qruplar erməni təbliğatını eynilə davam etdirirlər;


Burada əsas maraqlı tərəf kimi işğalçı Ermənistan və erməni lobbisi/diasporu görünür, digərləri “qapı gözətçilərindən” başqa bir şey deyil.

Lakin bu kampaniyanın “Amerikanın səsi” və “Azadıq radiosu” tərəfindən də sinxron şəkildə həyata keçirilməsi nəzərləri Ermənistan, erməni lobbisi/diasporu və “azərbaycanlı” adı altında toplaşan qrupların da daxil olduğu anti-Azərbaycan şəbəkəsinə yönəldir.

Azərbaycana qarşı şəbəkə: adıçəkilən media resurslarının bu prosesdə iştirakı göstərir ki, Vaşinqtonun mövcud xarici siyasətinin əksinə olmasına baxmayaraq, ABŞ Dövlət Departamentində kök salmış müəyyən şəxslərin diqtəsi ilə ölkəmizə qarşı yeni kampaniyanan təşkil olunmasına cəhdlər edilir.

“Amerikanın səsi” və “Azadıq radiosu” bu kampaniyanın aparıcı ruporu rolunda çıxış edirlər.

Hər iki media resursunun iyulun 12-dən – Tovuz təxribatının baş verdiyi gündən etibarən xəbər yayımına diqqət edəndə anti-Azərbaycan kampaniyası açıq hiss olunur.

Bu resurslar təxribat hücumları ilə bağlı Ermənistanın Azərbaycanı ittiham edən rəsmi açıqlamasını tirajlayır, azərbaycanlıların xaricdə keçirdiyi çoxsaylı etiraz aksiyaları ləkələnir, aksiyalara başqa don geyindirmək cəhdləri edilir və ermənilərin soydaşlarımıza hücumları erməni təbliğatı kontekstində təqdim olunur. Buna paralel olaraq, Azərbaycanda demokratiya və insan hüquqları məsələsi süni şəkildə qabardılır.

“Amerikanın səsi” son 20 gündə Azərbaycana qarşı 40-a yaxın material yayımlayıb, “Azadlıq radiosu” da bu sayı izləyir.

Göründüyü kimi, Azərbaycanın güclənməsindən narahat olan bəlli qüvvələr klassik yola – “üzərinə palçıq, təmizləyənə qədər üstünü palçıqlı görəcəklər” metoduna əl atıb. Burada hədəf Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan insanıdır. Cəmiyyət olaraq, bunu görməli və qara niyyəti anlamalıyıq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm