Paşinyanın canlı yayımda rüsvayçılığı və “siyasi ölümü”...
Bizi izləyin

Nida Təhlil

Paşinyanın canlı yayımda rüsvayçılığı və “siyasi ölümü”...

BBC-nin “Hard Talk” verilişində milyonlarla tamaşaçı Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti baibırçılığını izlədi. Verilişin aparıcısı Stiven Sakurun “çətin söhbəti”nə tab gətirə bilməyən erməni baş nazir sonuncu dəfə Münhendə - Prezident İlham Əliyevlə debatda belə vəziyyətə düşmüşdü. Paşinyan Azərbaycan liderinin ona tarixi və siyasi dərs keçdiyi həmin debatı unuda bilmir.

Bu dəfə o, qarşısında Prezident İlham Əliyevin olmadığı arxayınlığı ilə “Had Talk” verilişinə çıxmışdı. İlk dəqiqələrdə inamlı görünməyə çalışması və söhbətə absurd iddialarla başlaması da bundan qaynaqlanırdı. Lakin Paşinyan Münhen biabırçılığını daha kəskin formada təkrarladı.

Paşinyanın milyonlarla insanın önündə aciz vəziyyətə düşməsinə diqqət edək:

Stiven Saruk Paşinyana “hakimiyyətə gələrkən, Ermənistana yeni başlanğıc vəd etdiyini” “inqilabdan sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyacağı ümidlərini yaratdığını”, lakin real vəziyyətin bunun tam əksi olduğunu, “koronavirus pandemiyasının Ermənistana ağır zərbə vurduğunu”, “əhalinin məxməri inqilaba olan böyük ümidlərinin puç olduğunu” deyir və soruşur: “Səhv nədədir?”.

Nikol faktlara əsaslanan bu qədər suala “Mən sizin təəssüratınızla tamamilə razı deyiləm” ifadəsi diletantcasına cavab verməyə çalışır.

O, hansısa dünya reytinqindən bəhs edir, demokratiya, insan haqları, iqtisadi inkişaf, islahatlar mövzusunda faktlara istinad etmədən bir müddət boşboğazlıq edir. Ardınca hər şeyi, hakimiyyətə gələrkən verdiyi sosial-iqtisadi vədləri yerinə yetirməməsindən tutmuş, Ermənistanın düşdüyü acınacaqlı vəziyyətə qədər bütün problemləri koronavirus pandemiyasına bağlayır. Hətta imkanı olsaydı Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə, Ermənistanın işğalçı siyasətinə görə də pandemiyanı ittiham edəcəkdi.

Stiven Saruk imkan vermədi və sözünü kəsərək, soruşdu: “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?”.

Paşinyan suala cavabında isterik reaksiya ilə Azərbaycanın işğal etdikləri ərazilərində yaratdıqları separatçı rejimin “üçüncü tərəf” kimi masaya daxil edilməsini münaqişənin həlli üçün yeni “formul” olaraq təqdim edir və beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatını kənara tullayır. Beləliklə, Ermənistanda həyata keçirdiyi dırnaqarası islahatları Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil etmək niyyətini açıqlayır.

Hiss olunur ki, suallarına məntiqli cavab ala bilməyən Stiven Saruk qarşısındakının bir ölkəyə rəhbərlik edən siyasətçi olmasından şübhələnir, yenidən Paşinyanın sözünü kəsir və deyir: “Lakin əməllər sözlərdən daha çox danışır. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”.

Nikol cəfəng fikirlərlə özünümüdafiə mövqeyinə keçir, onun “küçə mübahisəsinə” bənzər fikirləri isə aparıcının səbrini daşıyır və Stiven Saruk mövzunu daha açıq müstəviyə keçirir:

Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi”.

Paşinyan mövcud olmayan min il öncəki hansısa tarixə söykənərək, cavab verməyə çalışır. Stiven Saruk isə verilişin formatına uyğun olaraq qarşısındakına rəhm etmək niyyətində deyildi. O, erməni baş nazirə yalan danışdığını açıq şəkildə hiss etdirdi.

Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz”, - aparıcı bildirir.

Ardınca Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsini avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirildiyini qeyd edir və əlavə edir ki, Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, hakimiyyətin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir.

Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz”, aparıcı bununla Paşinyanın üzünə işğalçı olduğunu deyir və ondan hüquq müdafiəçisi və jurnalist karyerasından sonra hakimiyyətə gələn baş nazir kimi azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib-istəmədiyini soruşur:

Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?”.

Paşinyan sualdan yayınır, bunu görən aparıcı yenidən təkrarlayır: “Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?”.

Paşinyan yenə sualdan qaçır, bu dəfə “Aydındır ki, siz “üzr istəyirəm” deməyəcəksiniz” deyə bildirir və son zərbəni endirir:

Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi”.

Paşinyan düşdüyü çətin vəziyyətdən çıxmağa çalışır, lakin səsi artıq düşdüyü qaranlıq çuxurdan gəlirdi.

Stiven Sarukun “Çətin söhbət”də Ermənistanın baş nazirinə ünvanladığı suallar və Paşinyanın acınacaqlı vəziyyətə düşməsi iki amili önə çıxarır:

1. Qərb artıq onun islahat və demokratiya şousuna inanmır. Həmçinin, Dağlıq Qarabağ münaqişəsində sələflərinin işğalçılıq siyasətinə söykənən mövqeyini davam etdirdiyini anlayır. Verilişin internet səhifəsindəki təqdimetmə mətnində Paşinyan haqqında “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?” sözlərinin yazılması da bunun sübutudur.

2. Təcrübəsiz Paşinyan hələ də siyasətçi kimi formalaşmayıb və bundan sonra da çətin fomalaşsın.

Sonuncu məqam Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan qaçması fonunda da diqqət çəkir. Paşinyan anlayır ki, Azərbaycan lideri ilə əyləşəcəyi danışıqlar masasından məğlubiyyətlə qalxacaq, çünki Prezident İlham Əliyevlə müzakirə aparmağa nə siyasi savadı, nə tarixi biliyi, nə də diplomatik səriştəsi var. Münhen debatında bu çılpaqlığı ilə ortaya çıxdı. Görünür, erməni baş nazir Azərbaycan liderinin qarşısına çıxmamaq üçün hərbi və diplomatik təxribatlarla danışıqlar prosesini pozmağa çalışır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm