Paşinyan həmişəki kimi Azərbaycan Prezidentinin kölgəsində qaldı - Politoloq
Bizi izləyin

Nida Təhlil

Paşinyan həmişəki kimi Azərbaycan Prezidentinin kölgəsində qaldı - Politoloq

“Prezident İlham Əliyevin Rusiya televiziyasına verdiyi müsahibədə çox qətiyyətli, cəsarətli və məntiqli cavablar verdi və Azərbaycanın əks-hücumlarının səbəblərini ətraflı şəkildə açıqladı. Buna ermənilərin yeni ərazilər həvəsində olması və bunun həm də siyasi elitanın üst səviyyələrində - Paşinyan və Tonayan səviyyəsində səsləndirildiyini bildirdi. Qeyd etdi ki, qondarma Dağlıq Qarabağ Respublikasının ərazisinə Ermənistandan müxtəlif silah-sursat, ağır döyüş texnikası və canlı qüvvələr gətirilib”.

Bu fikirləri Publika.az-a danışan politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, son vaxtlar ermənilər Suriya, İraq və Livandan erməniləri, ASALA erməni terror təşkilatının tör-töküntülərini, PKK dəstələrini Dağlıq Qarabağ ərazilərinə daşıyır: “Açıq şəkildə məqsədlərinin yeni torpaqlar əldə etmək olduğunu bildirirdilər. Elə bu məqsədlə də onlar sentyabrın 27-də hücuma keçdilər və daha çox mülki insanların yaşadığı əraziləri atəşə tutdular. Xeyli dinc əhalinin öldürülməsinə səbəb olublar və əsgəri mövqelərimizə hücum ediblər. Bizim əks-hücum əməliyyatından başqa əlacımız qalmayıb. Prezident də qeyd etdi ki, məhz bu baxımdan əks-hücuma göstəriş verilib. Döyüşlər Azərbaycanın işğal altında olan ərazilərində gedir və bu bizim haqqımızdır. Torpaqlarımız 30 ilə yaxındır ki, işğal altındadır və onun var-dövlətini talayıb, təbii sərvətlərini yağmalayıblar. İndi də biz danışıqlar prosesinin səmərə vermədiyini, xüsusilə Paşinyan dövründə danışıqlar prosesinin bir imitasiya ilə silindiyini görərək həm də bu addımı atmağa məcbur olduq. Prezident qeyd etdi ki, dünya və vasitəçi təşkilatlar Paşinyanı dəyişə bilmir, ancaq bizim ordumuz Paşinyanı dəyişməyə qadirdir və bunu göstərəcəyik.

Q.Hüseynli bildirib ki, bizim Ermənistanın torpaqlarında gözümüz yoxdur və üçüncü dövlətlərin müharibəyə qoşulmasını istəmirik: “Son vaxtlar erməni KİV-lər guya bizim Suriyadan muzdlu qüvvələr gətirdiyimizi və Türkiyədən kömək aldığımızı söyləyir. Dövlət başçısının da qeyd etdiyi kimi, heç kəsdən kömək almamışıq və heç bir muzdlulara da ehtiyacımız yoxdur. Biz Ordumuzun canlı qüvvəyə olan ehtiyaclarını bir müddət də ödəyə bilərik. Ordumuz hücum əməliyyatı apara və işğal altında olan torpaqlarımızı geri qaytara bilər. Biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq və erməni işğalçılarından bu torpaqları azad etmək fikrindəyik. Prezidentdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan çıxış etdi. O pozuq və əndirəbadi bir rus aksenti ilə, məntiqsiz cümlələrlə, faktları saxtalaşdırmaq yolu ilə Azərbaycanın kömək aldığını və muzdlu döyüşçülər gətirməsi ilə bağlı əsassız fikirlər irəli sürdü. Onun danışığının məntiqi aydın deyildi, fikrini aydın ifadə edə bilmirdi. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Prezidentinin kölgəsində qaldı. O, dəfələrlə aşağı səviyyədə yarasız çıxış etdi”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm