Politoloq: Makronun mövqeyi Fransa siyasi elitasına qarşı etimadsızlıq yaradacaq
Bizi izləyin

Nida Təhlil

Politoloq: Makronun mövqeyi Fransa siyasi elitasına qarşı etimadsızlıq yaradacaq

Beynəlxalq hüquqa əsasən vasitəçilik institutunun müəyyən hüquq çərçivədə fəaliyyət göstərməsi lazımdır. Vasitəçiliyin hansı funksiyaları olduğu BMT nizamnaməsində təsdiq olunub. Fransanın da həmsədr kimi fəaliyyəti o standartlara uyğun gəlmir.

Bunu Publika.az-a açıqlamasında “Beynəlxalq Ümumi Hüquq” kafedrasının professoru Əfsər Sadıqov deyib. O, qeyd edib ki, Fransanın vasitəçilik funksiyasını aşaraq tərəflərdən birinə təzyiq mexanizmini işə salması avtomatik olaraq vasitəçilik institutunun iflas etməsi anlamına gəlir.

“Fransa Prezidentinin hərbi əməliyyatlarn başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir. Vasitəçilik institutunda hər hansı bir tərəfə vasitəçinin mövqeyinin aşılanması və onun təsdiq edilməsinə çalışması neytrallığı itirmiş olur. Bu mənada Fransa prezidentinin vasitəçilik missiyası ilə bağlı dövlətimiz bəyanat verməlidir. Vasitəçinin öz funksiyasını yerinə yetirməməsi, tərəflərə basqı etməsi öz missiyasını pozması deməkdir.

Qanunla vasitəçi sadəcə olaraq tərəflərin mövqeyini bir-birinə çatdırır, onları uzlaşdırmağa çalışır. Burada açıq-aydın görünür ki, Fransa Ermənistanın qeyri-hüquqi mövqeyini tərəflərdən birinə təsdiq etdirməyə çalışır. Sözsüz ki, bu, birmənalı olaraq yolverilməzdir. Odur ki, Azərbaycan Respublikasının özünümüdafiəsi hüququ qaçılmazıdır”.

Professorun sözlərinə görə, Emmanuel Makronun Ermənistanın mövqeyini dəstəkləməsi Azərbaycan Fransa dostluq münasibətlərinə bir çox istiqamətlərdən təsir edə bilər.

“Ən azından Fransa siyasi elitasına etimadsızlıq baxımdan ciddi problem yaradacaq. Azərbaycan Respublikası hökuməti ilə Fransa arasında illərlə mövcud olmuş əlaqələrə, həm siyasi, həm iqtisadi və digər sahələrə təsirsiz ötüşməyəcək.

Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi ciddi olmaya bilər, lakin Avropa İttifaqı ilə Azərbaycan arasında çox ciddi enerji təhlükəsizliyi sferasında əməkdaşlıq var. Təhlükəsizliklə bağlı 2006-cı ildə memorandum imzalanıb, eyni zamanda TANAP layihəsinin əsas iştirakçılarından biriyik. Gələcək Trans-Xəzər layihələrinin Avropa istiqamətli enerji layihələrinin təmin olunmasında aktiv aktorlardan biriyik. Avropa İttifaqı xüsusən də iqtisadi istiqamətində Fransanın Azərbaycan Respublikası ilə əməkdaşlığına mənfi təsir edəcək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm