Azər Babayev: Prezidentimiz qətiyyətli və prinsipial mövqeyini ortaya qoyub
Bizi izləyin

Nida Təhlil

Azər Babayev: Prezidentimiz qətiyyətli və prinsipial mövqeyini ortaya qoyub

"Münaqişə ətrafında hazırda beynəlxalq reaksiyaların əksəriyyətini normal hesab edirəm. Əslində bir çox mənada Azərbaycan üçün əlverişli mövqe yaranıb. Xüsusən, Rusiya rəhbərliyinin mövqeyini yaxşı hesab edirəm, bu problemin həllində təmkinli münasibət göstərirlər, qərəz nümayiş etdirmirlər. Bir istisna sadəcə Fransa rəhbərliyinin mövqeyi və aktivliyidir".

Bunu Publika.az-a açıqlamasında professor Azər Babayev deyib.

O bildirib ki, Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya prezidenti Putinə, o cümlədən, digər dövlət başçılarına müraciət edib: "Onun bu mənada aktivliyi nəzərə çarpır. Makron bu kontekstdə qərəz nümayiş etdirir. Təbii ki, bu, qəbuledilən deyil. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni sülh və beynəlxalq təhlükəsizliyə dünya miqyasında cavabdeh olan beş ölkədən biridir. "Böyük dövlət" statusuna malik olan ölkə qərəzli mövqe nümayiş etdirməli deyil. Digər tərəfdən, münaqişə kontekstində Fransa Minsk Qrupunun həmsədridir. Hər halda, beynəlxalq reaksiyalar, ümumilikdə, bizim üçün çox əlverişlidir, bizim haqlı savaşımızda hazırda bizə mane olan qüvvələrin olduğunu düşünmürəm. Prezident İlham Əliyev fransalı həmkarı ilə telefon danışıqlarında növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ortaya qoyub".

Onun sözlərinə görə, bu dövrdə xalqla prezident arasında olan birlik çox önəmlidir: "İlham Əliyevin hazırda ən önəmli mandatı odur ki, torpaqlarımızı geri qaytarsın, ərazi bütövlüyümüzü bərpa etsin. Azərbaycan xalqının ölkə rəhbərindən bir nömrəli istəyi də budur. Təbii ki, prezidentimiz buna əməl etməyə çalışır. Həmçinin biz bu məsələdə həm hüquqi, həm siyasi mənada haqlı olan tərəfik. Azərbaycan əsgəri Azərbaycan ərazisində suveren torpaqları uğrunda döyüşür. Bu, erməni və azərbaycanlı əsgər arasındakı ən önəmli fərqdir. Azərbaycan əsgərinin yeganə məqsədi öz ərazilərindəki yadelli hərbi ünsürləri çıxarmaqdır. Biz dinc əhaliyə qarşı vuruşmuruq, bu da çox önəmli məqamdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm