Prezidentin bu müsahibəsi xalqın maraqlarını polad məntiqlə müdafiə etmək bacarığının bariz nümunəsidir
Bizi izləyin

Nida Təhlil

Prezidentin bu müsahibəsi xalqın maraqlarını polad məntiqlə müdafiə etmək bacarığının bariz nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsi öz xalqının maraqlarını ciddi faktlarla, polad məntiqlə, tutarlı arqumentlərlə müdafiə etmək bacarığının, gerçək liderlik keyfiyyətinin bariz nümunəsidir.

Publika.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert deyib: “Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana eyni suallar verilib və təbii ki, cavablar üçün eyni imkanlar yaradılıb. Verilən cavablar isə Prezident İlham Əliyevin şəxsində güclü, qətiyyətli, yüksək intellektual və mədəni səviyyəyə malik azərbaycanlı obrazını, Nikol Paşinyanın timsalında isə yalançı, avantürist, feodal təfəkkürlü klassik erməni tipinin bütün cizgilərini göz önünə sərgiləyib.

Dmitri Kiselyov ilk sualında konkret vəziyyətin dəyərləndirilməsini istəyir. Sual isə çox sadə və aydındır: “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?”

Azərbaycan Prezidenti zəncirvari şəkildə bir-birinə bağlı olan ardıcıllıqla bu sualı cavablandırır, hərbi əməliyyatların başlanma səbəblərini, Azərbaycanın işğalçı Ermənistanın silahlı qüvvələri ilə, Ermənistanın isə mülki Azərbaycan əhalisi ilə müharibə apardığını təkzibolunmaz faktlara istinad edərək izah edir, mülki əhali arasındakı itkilərin dəqiq statistikasını diqqətə çatdırır və əlavə suala imkan yaradacaq cüzi bir boşluq da buraxmır.

Nikol Paşinyan isə erməni tarixçilərinin əfsanə yaradıcılığı üslubuna uyğun olaraq, yaranmış vəziyyətin gerçək mahiyyətindən və real faktlardan başqa hər şeydən danışır. Belə təsəvvür yaranır ki, Paşinyan ya olduqca sadə və konkret bir sualı cavablandırmaq iqtidarında deyil, yəni, anlaqsız vəziyyətdədir, ya da ümumi cümlələrlə sualdan yayınmağa cəhd göstərir.

Hər iki müsahibəyə elə “RİA Novosti”nin internet resursunun şərh bölümündə yazılan rəylərdən də açıq şəkildə görünür ki, oxucular və izləyicilər Ermənistanın baş nazirinin düşdüyü acınacaqlı durumun, özünü ifadə edə bilməməsinin fərqindədirlər. Əksər rəylərdə qeyd olunur ki, Ermənistanın baş nazirinin siyasi varlığı Azərbaycan Prezidentinin fonunda ümumiyyətlə görünmür, yaxud Nikol Paşinyan dərsini bilməyən uşaq təsiri bağışlayır.

Prezident İlham Əliyev Dmitri Kiselyovun Suriya və Livandan olan muzdlularla bağlı sualını da kifayət qədər tutarlı faktlarla cavablandırdı və bunun nə üçün mümkün olmadığının dəqiq, inandırıcı izahını verdi. Bildirdi ki, Ermənistanın darmadağın edilmiş hərbi texnikası Azərbaycan Ordusunun hansı potensiala, hansı müasir hərbi texnikaya sahib olduğunu təsdiqləyir və muzdlular bunu etmək üçün heç bir kvalikasiya və texniki imkanlara malik deyillər. Yəni, əgər hər hansı bir şəxs hərbi sahədə yüksək kvalikasiyaya malikdirsə, müasir hərbi texnikanı idarə etməyi bacarırsa, o, nə üçün hansısa muzd müqabilində həyatını təhlükəyə atan, hər an canlı hədəfə çevrilə biləcək, heç bir ali məqsədi, məramı olmayan bir muzdlu döyüşçü taleyini seçməlidir? Yüksək intellekti, müasir texnologiyaları mənimsəmək potensialı olan bir şəxsin hansısa radikal ideyaların təsiri altına düşə bilməsi, yaxud muzd müqabilində döyüşməsi mümkün deyil.

Paşinyan isə bu suala da cavabında nə qədər piyada olduğunu nümayiş etdirdi və öz cavabı ilə özünün, həmçinin dünya erməniliyinin iç üzünü açıb ortaya qoydu. Ermənistanın baş naziri bildirdi ki, işğalçı ordunun sıralarına qoşulmaq üçün dünyanın müxtəlif ölkələrindən gələn erməniləri muzdlu hesab etmək olmaz. Bu sözlər əslində Azərbaycanın işğal altında olan ərazilərində Livandan, Suriyadan, Fransa və Yunanıstandan gələn muzdlu döyüşçülərin olduğunun təsdiqi kimi dəyərləndirilməlidir. Çünki hətta erməni olsalar da belə, Ermənistan hərbi birləşmələrinin tərkibində Azərbaycan qarşı döyüşən bu şəxslər son nəticədə xarici ölkə vətəndaşlarıdır və onların hansı millətin təmsilçiləri olması heç nəyi dəyişmir. Son nəticədə, məsələn, Fransa vətəndaşı olan bir şəxsin Ermənistan ordusunun sıralarına qatılması onu istisnasız olaraq həm öz ölkəsi, həm də qarşı tərəf – Azərbaycan üçün hərbi cinayətkara çevirir. Burada bir məqama da diqqət çəkməyi vacib hesab edirəm. Nikol Paşinyanın erməni diasporunun nümayəndələri ilə bağlı səsləındirdiyi fikirlər, əslində onların yaşadıqları ölkə üçün də nə qədər təhlükəli olduqlarını sübuta yetirir. Yəni, bu o deməkdir ki, Fransada, ABŞ-da, Rusiyada, yaxud Gürcüstanda yaşayan ermənilər üçün vətəndaşlıq anlayışı yoxdur. Onlar öz yaşadıqları ölkənin maraqlarına xidmət etmirlər. Hətta bir gün bu ölkələrin maraqları Ermənistanla üst-üstə düşməzsə, onlar vətəndaşı olduqları ölkəni deyil, Ermənistanı seçəcəklər. Bu da əslində ermənilərin yaşadıqları bütün ölkələrə xəyanət etmək potensialında olduqlarının göstəricisidir. Qənaətimə görə, ermənilərin kompakt yaşadıqları bütün ölkələr Nikol Paşinyanın bu etirafından nəticə çıxarmalıdırlar.

Əslində hər iki müsahibə ilə tanış olan istənilən şəxs Azərbaycanın və Ermənistanın siyasi liderləri arasındakı ilk cümlələrdən gözə sıçrayan fərqi görə bilər.

Bir tərəfdə qəbul etdiyi bütün qərarların arxasında dayanmağı bacaran, geniş dünyagörüşlü, dünyaya açıq, yüksək nitq qabiliyyəti və intellekti olan müasir Azərbaycanın müasir lideri, digər tərəfdə isə nəinki ölkəsinə, heç özünə cavabdeh olmağı bacarmayan, feodal təfəkkürlü və görünüşlü, bir addım önü görməyi bacarmayan, fikrini cəmləşdirə bilməyən dağınıq bir cəmiyyətin dağınıq baş naziri – Nikol Paşinyan. Azərbaycanla Ermənistan arasındakı fərqi görmək üçün isə çox da geniş araşdırmalara, tədqiqatlara ehtiyac yoxdur. Nikol Paşinyan əslində dünya erməniliyinin gerçək siyasi obrazıdır və uzun illərdən bəri erməni yalanlarına uyanlar bu obraza baxıb öz siyasi dünyagörüşlərinin səviyyəsini də müəyyənləşdirə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm