Vejnəli qızıl yatağı: Torpaqlarımızla bərabər milli sərvətlərimiz də azad olunur
Bizi izləyin

Nida Təhlil

Vejnəli qızıl yatağı: Torpaqlarımızla bərabər milli sərvətlərimiz də azad olunur

Ermənistan Azərbaycanın işağl etdiyi torpaqlarında 30 ildir təbii sərvətləri də talayıb: qızıldan tutmuş dekoratik daşlara qədər hər şey mənimsənilib.

Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər əlvan metalların mövcud olduğu 160 yataq Ermənistanın ixracında mühüm yer tutub. Təbii sərvətləri kasad olan Ermənistan üçün Azərbaycanın işğal olunmuş torpaqlarındakı sərvətlər əsas gəlir mənbəyidir. Təsadüfi deyil ki, işğalçı ölkənin ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur.

Bu yataqların istismarında çoxsaylı xarici şirkətlərin qeyri-qanuni fəaliyyətinə dair faktlar mövcuddur.

Ordumuzun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində azad olunan Zəngilan rayonunun ərazisində bu yataqların biri də düşməndən təmizlənib.

Vejnəli qızıl yatağı: Zəngilan rayonunda yerləşən yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib, 14,15,16,19,21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanıbdır.

Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıbdır. 1984-cü ildə Vejnəli qızıl yatağı Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq, Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib.

Yatağın təsdiq edilmiş ehtiyatları:

C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton;
C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton;

C1 kateqoriyası üzrə gümüş - 0,19 ton;
C2 kateqoriyası üzrə gümüş - 9,9 ton;

C1 kateqoriyası üzrə mis - 0,2 min ton;
C2 kateqoriyası üzrə mis - 2,8 min ton;

Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “RV Investment Group Sevrvices LLS” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıbdır. Lakin Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmayıb.

Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdəki milli sərvətlərimizin talan edilməsi işini əsasən xarici şirkətlərin istismarına verib. Bu talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı ermənilər və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak edib. Bu sıraya Koçaryan-Sarkisyan cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyan daxildir.

V.Sirmakesin Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq.

İsveçrəli biznesmen Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşdığı barədə də məlumatlar vardır. Onun zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalayıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədi ilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutulur. Əsas investor Vartan Sirmakesdir.

Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub.

Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.

5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim olunub.

Azərbaycan Prezidentinin tapşırığına əsasən işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinni məsuliyyətə cəlb olunması ilə
bağlı bütün lazımi tədbirlər görüləcək.

30 ildən sonra torpaqlarımızın azad olunması ilə bu torpaqlardakı milli sərvətlər öz gerçək sahibinə - Azərbaycan xalqına qayıdacaq. Vejnəli yatağının azad olunması bunun başlanğıcıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm