“Könüllü” və peşəkar muzdlular: Paşinyan xarici ölkələrdən döyüşçü toplayır
Bizi izləyin

Nida Təhlil

“Könüllü” və peşəkar muzdlular: Paşinyan xarici ölkələrdən döyüşçü toplayır

“Bəzi ruslar Qarabağda muzdlu kimi döyüşməyə gedirlər. Belə oğlanlardan biri ilə tanış oldum. Danışır ki, o, muzdludur, amma hansı qruplaşmaya bağlı olduğunu demədi. Çeçenistanda, Osetiyada döyüş təcrübəsi var. Ermənilər üçün döyüşməyə hazırlaşır və maaşının yüksək – 1500 dollar olduğunu deyir”.

Publika.az xəbər verir ki, bunu Rusiyada “infodeserteur/127” Teleqram kanalının müəllifi Kiril Krivoşeva yazır.

Krivoşevaya danışan rusiyalı Ermənistanın Dağlıq Qarabağa gətirdiyi minlərlə muzdlu döyüşçüdən biridir.

Hərbi əməliyyatların başladığı 27 sentyabrda işğalçı ölkənin 30 illik “güclü ordu” mifi darmadağın edildi. Azərbaycan Ordusu bütün cəbhə boyu təmas xəttini yardı, düşmənin minlərlə canlı qüvvəsi məhv etdi.

Ermənistan 6 minə yaxın erməni hərbçisini itirib. Lakin bu, ərazidə qalanlar və məlum olanlardır. Real itkilər müharibənin sonunda bəlli olacaq. Erməni baş nazir Nikol Paşinyanın ümumi səfərbərlik elan etməsi, müharibəyə uşaqları, yeniyetmələri, yaşlıları, qocaları, din adamlarını, hətta məhbusları düşmənin əsgər qıtlığından irəli gəlir.

Bu qıtlığı dolduran əsas qüvvələr isə muzdlulardır.

Ermənistanın Qarabağa gətirdiyi muzdlular iki tərkibə bölünür: erməni əsillilər: “könüllü” adlanan muzdlular və qeyri-ermənilər: peşəkar muzdlular.

“Könüllü” muzdlular: Onlar dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdir.

Qarabağdakı müharibəyə qatılarkən, bunu “vətən” üçün etdiklərini desələr də, həm Ermənistan tərəfindən maliyyələşmələri, həm yaşadıqları ölkənin qanunvericiliyi, həm beynəlxalq təcrübə onların faktiki muzdlu olduğunu təsdiqləyir.

Azərbaycan Ordusu tərəfindən erməni hərbi birləşmələri darmadağın edildikdən sonra Nikol Paşinyan son müraciətində erməni diasporu və dünya ermənilərindən kömək istədi. Bu çağırışdan sonra müxtəlif ölkələrdə yaşayan ermənilər onun çağırışına səs verərək, özlərinin olmayan torpaqlarda ölməyə gəlirlər.

Livan, Suriya, Rusiya, Gürcüstan Ukrayna, Avropa ölkələri, ABŞ, hətta Argentiada yaşayan ermənilər arasında qanunsuz şəkildə Qarabağda döyüşə gələnlər var.

Ermənistan rəsmiləri bunu açıq şəkildə dilə gətirirlər: Bu ölkənin Diaspor İşləri üzrə komissarı Zare Sinanyan “Sputnik Ermənistan”a bildirib ki, “könüllülər” əsasən Rusiyadan gəlir, bununla yanaşı, ABŞ, Fransa, Ukrayna və Orta Şərqdən də gələnlər var.

Sinanyan etiraf edir ki, “könüllülər” təkcə öz istəkləri ilə yox, Ermənistan hökumətinin təşkilatçılığı və maliyyəsi ilə gəlirlər.

Onlar gəlməzdən qabaq siyahılar hazırlayır, problemlərini və hökumətdən istəklərini yazılı şəkildə təqdim edirlər”, - deyir Sinanyan.

Bu təsdiqləyir ki, könüllü gələn ermənilər şəxsi problemlərinin həlli, yaxud maliyyə çətinliklərinin Ermənistan hökuməti tərəfindən ödənilməsi qarşılığında döyüşə gəlirlər.

Könüllü ermənilər həm də gəldikləri ölkələrin qanunlarını pozurlar.

“Kommersant” nəşrinə danışan Vaqan adlı erməni döyüşçü Rusiya vətəndaşıdır. Vaqan deyir ki, ailəsini Rusiyada qoyaraq döyüşməyə gəlib.

Rusiya qanunvericiliyinə görə, başqa ölkələrdə müharibədə iştirak edən vətəndaşları muzdlu döyüşçü sayılır.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsində qeyd olunur: “Federal qanunda nəzərdə tutulmayan silahlı birləşmədə iştirak, habelə bu dövlətin qanunvericiliyində nəzərdə tutulmayan xarici dövlətin ərazisindəki silahlı birləşmədə iştirak, Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulmayıb və bu, Rusiyanın maraqlarına ziddir. Bu əməli törədənlər 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Vaqan isə hesab edir ki, o pul almadığı üçün muzdlu sayılmır, hərçənd, Rusiya qanunvericiliyinə görə o muzdlu döyüşçüdür, hətta “könüllü” adlandırılsa belə.

Beynəlxalq təcrübə də başqa ölkələrdən gələn ermənilərin muzdlu döyüşçü olduğunu təsdiqləyir.

İŞİD terror təşkilatı Yaxın Şərqdə peyda olandan sonra dünyanın müxtəlif ölkələrindən müxtəlif yollarla döyüşçü toplamağa başladı. Ölkələr terror təşkilatına qoşulmanın qarşısını maarifləndirmə, yaxud inzibati yollarla ala bilməyəndə, qanunvericiliyi sərtləşdirdilər. Rusiya qanunvericiliyində də bu məsələ öz əksini tapır.

Hazırda Qarabağda döyüşə gələn könüllü ermənilərin İŞİD-ə qoşulanlardan fərqi yoxdur.

Onlar təkcə Rusiyadan deyillər. Bir neçə gün öncə “France24” kanalı Qarabağda döyüşən erməni əsilli fransız muzdlular haqqında xəbər yayımlandı: Sipan Muradyan Val-de-Marne departamentindəki Alfortville şəhərindəndir. Onunla birlikdə Sipan Koroqlyan və adlı ermənilər Qarabağda döyüşən fransız muzdlu ermənilər haqqında bir xəbər yayımladı. Videoda Sipan Muradyan və Sipan Koroqlyan və ABŞ və Fələstindəm gələn 15 erməni də döyüşür.

“Röyters” agentliyi də Ermənistan Müdafiə Nazirliyinə istinadən xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün gəlirlər.

ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib. Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib”, - agentlik yazır.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni döyüşmək üçün Ermənistana gedib.

Bu ilin 4 avqustunda Beyrutda baş verən partlayışdan sonra Dağlıq Qarabağa gətirilən ermənilər də bu müharibədə döyüşçü kimi istifadə olunur. Misal üçün, yayda Livandan gələn Vartkes Qarabağdakı döyüşlərdə iştirak edən livanlılardandır.

Xarici ölkələrdən gələn ermənilərin bir çoxu 1985-ci ildə ləğv edildiyi elan olunsa da, gizli formada fəaliyyət göstərən ASALA terror təşkilatının üzvləridir. “Liberation” qəzeti yazır ki, ASALA-nın Fransada yaşayan üzvü Qilbert Minasyan muzdlu dəstələrlə birlikdə Qarabağdadır.

Ermənistan diaspordan gələn erməniləri “könüllü” adlandırır, hərçənd, gələnlərin hökumət tərəfindən maliyyələşdirilməsi, yaşadıqları ölkələrin qanunvericiliyi və İŞİD terror təşkilatından sonra yaranmış beynəlxalq təcrübə onların muzdlu olduğunu göstərir.

Peşəkar muzdlular: darmadağın edilmiş düşmən ordusunun qalan qüvvələri arasında pul qarşılığında döyüşmək üçün gələnlər də var.

Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 6-da Qarabağda döyüşən PKK terrorçularının səs yazısını yaymışdı.

Hələ müharibənin başlanmasından bir neçə həftə öncə PKK terrorçularının Qarabağa gətirildiyi haqda da məlumatlar var idi. Terror təşkilatının tərkibində Nubar Ozanyanın adını daşıyan erməni taboru xüsusi fəallığı ilə seçilir.

Bu tabor ötən il yaradılıb, rəhbərlərindən biri Masis Otanyafdır. Erməni taborunun düşərgəsində 1982-ci ildə 9 nəfərin öldüyü, 72 nəfərin yaralandığı Esenboğa terror aktını həyata keçirən ASALA üzvü Levon Ekmeçiyanın və digər erməni terrorçuların fotoları divarları bəzəyir.

Məlumatlara görə, PKK-nın erməni taborunun üzvləri, eləcə də Qəndil və Qamışlıdan gələn digər terrorçular Ağrı dağı üzərindən Ermənistana keçib. Terrorçuların Ağrı dağından keçidinə “Ağrı qartalları” qruplaşmanın üzvləri olan Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Boqapşin adlı terrorçular bələdçilik edib. 400-ə yaxın terrorçunun Göyçə gölü ərazisində PKK üçün ayrılan Vardenes düşərgəsində təlimlər keçdiyi, ardınca Dağlıq Qarabağa göndərildiyi deyilirdi.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində ordumuz düşmən qüvvələrini darmadağın edib. Azərbaycanın əldə etdiyi kəşfiyyat məlumatlarında məhv edilən erməni əsgərləri arasında Yaxın Şərqdən gələn muzdlu döyüşçülərin olduğu bildirilirdi.

Faktlar da təsdiqləyir ki, Ermənistan darmadağın edilmiş ordusunda əsgər qıtlığını muzdluların hesabına aradan qaldırmağa çalışır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm