Bu sessiyadan sonra çox əməli tədbirlər görüləcək - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu sessiyadan sonra çox əməli tədbirlər görüləcək - Deputat

“BMT Baş Assambleyasının xüsusi sessiyaları çox nadir hallarda keçirilir. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatına daxil olan ölkələrin onlayn formada iclası bundan əvvəl də baş tutub. Bu da 21-ci əsrdə dünyanı bürüyən yeni növ koronavirusla bağlı çox əhəmiyyətli bir addım idi”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, pandemiya başlayan andan dövlətlərarası münasibətlər çox aşağı səviyyədə olub: “Ümumiyyətlə, bu ilk təşəbbüs idi ki, ölkələr və beynəlxalq təşkilatlar arasında belə onlayn rejimdə konfranslar baş tuturdu. Bundan əvvəl də Türk Şurası ölkələrinin iclası keçirilib. Qoşulmama Hərəkatına daxil olan ölkələrin təmas qrupunun da Avropa və Afrika İttifaqlarının nümayəndələri daxil olmaqla belə bir tədbiri keçirildi. Bu tədbirdə iqtisadi inkişaf baxımından geridə qalmış ölkələr taleyin ümidinə buraxılmadı. Cənab Prezidentin təşəbbüsü ilə həmin ölkələrə donor yardımları edildi. Adi tibbi maskaların çatışmadığı bir anda, digər ləvazimatların və dərmanların qıt olduğu bir vaxtda bu baş tutdu.

Yeni olduğu üçün insanlar koronavirusla davranış qaydalarını bilmirdi, təsəvvürləri yox idi. Belə olan halda Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun orada iştirakını, tövsiyələr verməsi və dövlət başçımıza bu təşəbbüsü göstərdiyi, ümumbəşəri dəyərlərə verdiyi qiymət üçün təşəkkür etməsini xüsusi qeyd etmək lazımdır”.

Deputat qeyd edib ki, pandemiya sürətlə yayılmağa davam edir və ən inkişaf etmiş ölkələrdə yoluxma həddindən artıq çoxdur: “ABŞ və Qərbi Avropa ölkələrində həm ölüm halları, həm də yoluxma sayı çoxdur. Ölkəmizdə də son vaxtlar cəbhədə qazandığımız uğurları qeyd edən insanlar küçələrə çıxdı, kütləvi şəkildə toplandılar, tədbirlər keçirdilər, eyni zamanda Vətən müharibəsinin şəhidlərinin dəfnində iştirak etdilər. Bunun da nəticəsi olaraq virusa yoluxma artdı. Belə bir halda BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi olduqca əhəmiyyətlidir. Dünyanın 200-ə yaxın ölkəsinin vaksinlərlə, onları hansı ölkələrdən alacaqları ilə bağlı məlumatları və seçim imkanları olmalıdır. Bu barədə Assambleyanın iclasında fikirlər səsləndiriləcək. Hesab edirəm ki, indiki vaxtda bəşəriyyətin qarşısında duran bir nömrəli problem olan koronavirusla bağlı mübarizədə ümumbəşəri birlik və bütün dövlətlərin həmrəy olmaları vacibdir. COVID-19-un sfesifik xüsusiyyətlərini nəzərə alsaq, ayrı-ayrılıqda dövlətlər bunun öhdəsindən gələ bilməz. Gözəgörünməz düşmən insanlığa qarşı elan olunmuş bir müharibədir. Bu müharibədən yalnız ümumbəşəri birlik, bütün ölkələrin yumruq kimi birləşməsi və buna qarşı mübarizə nəticəsində qalib çıxa bilərik. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü vaxtında olan və əhəmiyyətli bir təşəbbüsdür. Bu sessiyadan sonra çox əməli tədbirlər görüləcək və bunun nəticəsini dünya ölkələri görəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm