Bu, strateji əməkdaşlığın və qarşılıqlı bağların ən yüksək formasıdır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu, strateji əməkdaşlığın və qarşılıqlı bağların ən yüksək formasıdır - Politoloq

“Orta əsrlərdə Türkiyədən Mərkəzi Asiyaya, uzaq Altaya, Ergenekon çöllərinə qədər böyük bir ərazidə türklərin qarşısında nə viza, nə də pasport rejimi olub. Onlar bir-birlərini eyni dildə danışaraq başa düşüblər. Amma sonrakı inkişaf prosesində ayrı-ayrı dövlətlərin meydana gəlməsi süni maneələr yaradıb. Türkiyə və Azərbaycan vahid bir candır və pasport rejiminin ləğv edilməsi çox yaxşı haldır”.

Bu sözləri Publika.az-a danışan politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, bir-birinə bu qədər yaxın, dərdini-sərini bölüşən ikinci bir dövlət tapmaq çətindir: “Azərbaycan-Türkiyə münasibətləri həmişə yüksək sürətlə inkişaf edib. Əvvəllər yüksək səviyyəli əməkdaşlıq şurası, iki ölkələr arasındakı münasibətləri proqnozlaşdıran və ona uyğun istiqamət verən ali məsləhətləşmə şurası və s. var idi. İndi isə iki dövlət arasında müxtəlif sazişlər imzalanır. Bunlardan ən mühümü hərbi-siyasi sazişdir. Həmin sazişdə dövlətlərdən birinə qarşı edilən təcavüz digər dövlət tərəfindən özünə qarşı təcavüz kimi qarşılanır. Bu, strateji əməkdaşlığın və qarşılıqlı bağların ən yüksək formasıdır. Pasport rejiminin aradan qaldırılması da bütün vətəndaşların gözlədiyi bir qərar idi. Güman edirəm ki, bundan sonra bu məsələlər arxasınca yeni ciddi problemlərin həllini tələb edən digər məsələlərin aradan qaldırılmasını gətirəcək”.

Q.Hüseynli qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri konfederativ dövlət qurumuna bənzər bir şəkildə inkişaf edir: “Hər iki dövlət bütün məsələlərdə öz addımlarını razılaşdırır və uyğunlaşdırmağa çalışırlar. Birgə ortaq istehsal sahələri yaradılır, qarşılıqlı təcrübələr öyrənilir. Bir-birinə lazım olan nəsə varsa, təmənnasız verilir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqliyin ən yüksək zirvəsinə çatıb və təkmilləşməkdə davam edir. Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, orada çox səmimi və insanı riqqətə gətirən fikirlər söylədi, yayda gələrək Şuşaya gedəcəyini, orada canını fəda etmiş şəhidlərimizə ehtiram borcunu yerinə yetirəcəyini dedi.

Heç bir dövlətlərdə belə bir şey yoxdur. Onlar həmişə bizə can Azərbaycan deyirlər, biz onlara can Türkiyə deməliyik və bu iki bir-birinə yaxın və doğma ölkə bundan sonra da öz tarixlərinin daha şanlı və qürurlu səhifələrini yazacaqlar. Azərbaycan-Türkiyə münasibətləri daim yaşayacaq, inkişaf edəcək, yeni əməkdaşlıq formaları ilə zənginləşib dünya xalqlarına da nümunə olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm