Etibar Babayevin 70 illiyinə proloq
Bizi izləyin

Nida Təhlil

Etibar Babayevin 70 illiyinə proloq

1987-ci ildən birlikdəyik. Sözün əsl mənasında.

Az TV-də tanış olmuşuq. Mən idman redaksiyasında işləyirdim. Etibar Babayev “Azəbaycantelefilm” yaradıcılıq birliyinin rəhbəri idi. Taixi sənədli filmin kadrarxası mətnini Azərbaycan dilinə çevirməyi mənə həvalə etdi.

Film hazır olandan sonra: “keç telefilmə, birlikdə işləyək” dedi. O vaxtdan bir yerdəyik.

İndi özümə sual verirəm: məni ona bağlayan, hörmət etməyə ruhlandıran nə idi?

İnadkardı. İstədiyinə nail olmaq hissini heç kim onun əlindən ala bilmir.

Polifonik düşüncə tərzi var. Ətrafında baş verən hadisə, rastlaşdığı iş və problemlərin həllinə heç vaxt bir istiqamətdən baxmaz. Bir neçə yanaşmaya üstünlük verər. Onların heç birini çıxdaş eləməz, unutmaz. Lazım gəldikdə hər birindən istifadə edər.

Qətiyyətlidir. Hər kəsin mövqeyini dinləyər. Heç kimin xətrinə dəymədən üstünlük verdiyi variantın üzrində dayanar.

Son dərəcə zəhmətkeşdir. Yazdığı bir yazını dörd-beş dəfə yenidən işləməkdən yorulmaz. Bukvayed deyil, amma bir nöqtənin və ya vergülün üzərində bir gün düşünməyə ərinməz. Yazı istədiyi kimi alnmasa, ləzzətlə cırıb zibil yeşiyinə ata bilər.

Hisslərini heyrət ediləcək dərəcədə ustalıqla gizlətməyi bacarır.

Çox dözümlüdür. Həyatında çətin və gərgin situasiyaların şahidi olmuşam. Hər adamın dözə biləcəyini düşünmürəm.

Valideynlərinə hörmət etmək istedadı var. Bu, öz soyu və nəslinin genetik tərbiyə yaddaşından gəlir. İndi deyə bilərsiniz, hər kəs valideynini sevir. Bu, doğrudan belədi. Amma, mən, “hörmət etmək istedadı” deyə bir ifadə işlətdim. Nəyi necə etmək, nə zaman etmək, nə dərəcədə etmək. Həqiqətən, həsəd aparılacaq dərəcədə öyrəniləsi incə məqamlar var.

Belə çıxmasın, elə tərifləyə-tərifləyə gedirəm. İndiyidək üzünə deyə bilmədiyim tema var, onu yazmasam olmaz. Sevdiyi bir mövzudan danışanda dayandırmaq olmur. Heç kimin tələsdiyini, harasa gecikdiyini nəzərə almaz. Canını qurtara bilməyəcəksən. Gərək səbr edə biləsən.

Biz həm də bağ qoşusuyuq. Rəsmi dövlət sərhəddimiz olsa da arakəsməmiz yoxdu. Hər ikimiz bağda olanda ya onlardayıq, ya da bizdə. Mən tez-tez boş vaxtlarda velosiped sürürəm. Deyəsən, paxıllığı tutur. Deyir, mən də alacam, mən də sürmək istyirəm. Amma bir ildi elə deyir. Deyəsən, axırda mən alacam velosipedi (maaşımızı versələr).

Tez-tez səfərə gedir. Hər dəfə gedəndə deyir, mamadan göz- qulaq ol. Deyirəm, bilirəm, deməsəniz də olar.

Gülnar xalanın 86 yaşı var. Maşallah, heç deməzsən. İki gün zəng vurmayanda və ya getməyəndə dava düşür. Şikayət edir, “Əhməd hardadı?” Hərdən çaşıram - elə gəlir ki, sanki məni Etibardan çox istəyir. Mənim yanımda onun qiybətini qırmaqdan ləzzət alır: “Yeməyi qoydu getdi, indi hardadı, telefona cavab vermir, papağını yadından çıxardı” və s.

Bir dəfə Səudiyyə Ərəbistanına getmişdim. Oğlum deyir - Etibar əmi hər gün səhar saat 10-da zəng vurub soruşurdu: evdə nə çatmır? Bəlkə bir şey lazımdı... Bax, belə.

Slavyan Universitetində eyni kafedrada dərs deyirik. O, televiziyza jurnalistikasından, mən radiodan. Məni ora da Etibar Babayev aparıb. O, fəlsəfə doktoru, professordur. Elmlər doktoru elmi işi hazırdır. Mən məsləhət görürəm ki, müdafiə eləməsin. Artıq əziyyət, vaxt və xərcdi. Maksim Qorki isə yeni bir monoqrafiya kitabının qəhrəmanı olsa, bəsidi. Ondansa, gedək velosiped sürək.

Mən isə baş müəlliməm. Amma deyəsən, bu yaxında dosent olacam.

Bakı Slavyan Universiteti ilə əlaqəsi olan bir gözəl hadisəyə bənzər günü xatırlamasam heç nə...

Mən sosial şəbəkələrdə heç kimə əziyyət verməyim deyə özümün doğum günü bölümünü boş buraxmışam, yəni yazmamışam. İstəməmişəm dostlarım qızıl kimi vaxtlarını ayırıb məni təbrik etsinlər.

Deməli, ötən ayın əvvəlində bağda marketə getmişəm. Gördüm telefonda Etibar müəllim soruşur hardasan? Dedim marketdə.

Mən də gəlirəm, qayıdanda bizə gəl.

Qayıdanda heç evə girmədim, birbaşa onlara. Gülnar xala çay verdi. Gördüm hər ikisinin kefi yaxşıdı. Elə qalmışam məni niyə çağırdılar, nə olub görən? Nəhayət, soruşdum. Etibar müəllim masanın üzərindən bir bağlamanı götürüb mənə verdi və “təbrik edirəm”, dedi. Əvvəl elə bildim Vətən müharibəsində qələbəmizi təbrik edir. Çox sağ olun, deyib bağlamanı açdım. Cox gözəl sviterdi. Sonra hiss elədim başqa söhbətdi. Açıq danışmağı qərara aldım. Soruşdum, nəyi təbrik edirsiniz.

Necə nəyi, doğum gününü.

Axı mənim doğum günüm iyuldadı.

Deyəsən özün də bilmirsən, bu gündür. Telefonda, FB-də çıxıb.

Və açıb göstərdi.

Deməli, mənim imzam Əhməd Əsgər. Yüz il əvvəl də nəslimizin soyadı Əsgər olub. Bakı Slavyan Universitetində bir müəllim dostumuz var - Əsgər Əhməd.

Bir anda xatırladım. Bu gün səhər saat 9-da BSU-nun prorektoru Telman Cəfərov zəng edərək məni təbrik etmək istəmişdi. Onda da elə bilmişdim o da Qələbə sevincini bölüşmək istəyir. O isə duyuq düşən kimi söhbəti dəyuşmiş və müharibədə qazandığımız qələbədən danışmağa başlamışdı.

Beləliklə, Əhməd Əsgər, Əsgər Əhmədin doğum günü hesabına gözəl bir sviter qazanmışdı. Etibar müəllim qulağıma pıçıldadım ki,üstünü vurma, mamanı pərt eləmə, sviteri o seçib. Bu qədər.

P.S. Etibar müəllim, Azərbaycanın sovet dövrünün ağsaqqal bir şairi vardı - Süleyman Rustəm. O da 70 yaşı olanda gözəl bir şeir yazmışdı. Bir ara məşhur olan bu şeirin sonuncu misrasını xatırlayarsınız yəqin - “70-in yanından sıfırı pozun”. Sizi bilmirəm, mən pozdum!

Əhməd Əsgər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm