Xocalı soyqırımı qələbə əhval-ruhiyyəsi ilə anılır - Deputat
Bizi izləyin

Nida Təhlil

Xocalı soyqırımı qələbə əhval-ruhiyyəsi ilə anılır - Deputat

“Biz xocalılılar hesab edirik ki, 44 günlük Vətən müharibəsində Xocalı soyqırımında vətən və torpaq uğrunda şəhid olmuş insanlarımızın qisası alındı. Qanları yerdə qalmadı. Biz qələbə əhval-ruhiyyəsi ilə həm Xocalı soyqırımına həsr olunmuş abidə kompleksini, həm də Şəhidlər xiyabanını ziyarət edəcəyik”.

Bunu Publika.az-a açıqlamasında Xocalıdan olan millət vəkili, Xocalı soyqırımının canlı şahidi Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, hər il Xocalı soyqırımının ildönümünü qeyd edəndə bütün xocalılılar, eyni zamanda, bütün azərbaycanlılar, xalqımız bir-birinə təskinlik verib arzu edirdi ki, inşallah qismət olsun, gələn il bu vaxtı işğal gününü qələbə gününə çevirək, qeyd edək: “Bu gün Azərbaycan dünyada qalib dövlət, qalib millət formasında tanınır. Noyabrın 8-də ölkəmizin başçısı Şuşanın alınması ilə bağlı qələbə müjdəsini Şəhidlər xiyabanında verdi. Bu, şəhidlər qarşısında borcumuzun yerinə yetirilməsi idi. Yəni, onların qanı yerdə qalmadı, intiqamları alındı”.

E.Məmmədov qeyd edib ki, Bakıda 12 Xocalı şəhidinin məzarı var. Soyqırımı şahidinin sözlərinə görə, müxtəlif rayonlarımızda – Tərtərdə, Ağdamda, Bərdədə və bir neçə yerdə şəhidlərimizin məzarı da mövcuddur: “Ancaq çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, o dövrdə Xocalı soyqırımının 613 şəhidinin hamısının cəsədini tapıb gətirə bilmədik. Onların bir çoxu meşələrdə qaldı. Ağdamda iki Şəhidlər xiyabanı yaradılmışdı. Biri Ağdamın Xocalıya yaxın hissəsində, o biri də Bərdə istiqamətində Uzundərə adlanan yerdə. Xocalı şəhidlərinin əksəriyyəti orada dəfn olunmuşdu. Ağdam işğaldan azad olunandan sonra ora gedib baxdıq, həmin məzarlardan əsər-əlamət yoxdur. Tamamilə silinib, qəbirlərin heç izi də yoxdur. Ancaq təskinliyimiz odur ki, qələbə çalmışıq, torpaqlarımız azad olunub”.

“Doğma Xocalımızın da yaxın vaxtlarda təmizlənəcəyi ümidi ilə yaşayırıq” deyən millət vəkili əlavə edib ki, xocalılılar doğma Xocalıya dönəcək: “Bütün Xocalı şəhidlərinə yəqin ki, doğma Xocalımızda anım qəbiristanlığı, xatirə kompleksi, şəhidlər məzarlığı kompleksi yaradacağıq. İnşallah o gün uzaqda deyil, cənab Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi altında başqa rayonlarımızın işğaldan azad olunduğu kimi Ağdərə, Xocalı, Xocavənd və Xankəndi də düşməndən təmizlənəcək. Biz Xocalımıza gedib şəhidlərimizin ruhunu orada şad edəcəyik. O zaman narahat şəhid ruhları da rahatlıq tapacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm