Bu mərkəz səmərəli fəaliyyəti ilə haqq işimizə dəstəkdir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu mərkəz səmərəli fəaliyyəti ilə haqq işimizə dəstəkdir - Deputat

"Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı ilk gündən xalqımızın qədim mədəni irsinin və zəngin tolerantlıq ənənələrinin təbliğinə qiymətli töhfələr verir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı elmi-mədəni mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədinin uğurla həyata keçməsində müsbət rol oynayır".

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Çində, Cənubi Koreyada, ABŞ-da, Bosniya və Herseqovinada, Latviyada və digər ölkələrdə mərkəzin Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyada təbliği ilə bağlı reallaşdırdığı layihələr əhəmiyyətli hadisə kimi dəyərləndirilir: "Ölkə Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini həmişə yüksək qiymətləndirib, Azərbaycanın siyasi, mədəni həyatında onun əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayıb. Ölkə başçısı fevralın 23-də mərkəzin həmsədri İsmail Serageldin ilə videoformatda olan görüşündə Vətən müharibəsi vaxtı və müharibədən sonra Mərkəzin ərazi bütövlüyümüzə, haqq işimizə güclü dəstək verdiyinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı".

N.Həmzəyevin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni terroruna, onun müharibə cinayətlərinə qarşı susmayan əsas beynəlxalq təşkilat kimi 44 günlük Vətən müharibəsi günlərində - oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ardıcıl raket zərbələri endirməsini, nəticədə mülki insanların qətlə yetirilməsini, infrastrukturun dağılmasını pisləyib: "Həmin terror hadisəsindən dərhal sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə ünvanladıqları məktubda tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlərin onlarda ciddi narahatlıq doğurduğunu qeyd etmişdilər".

Deputat əlavə edib ki, Vətən müharibəsi dövründə -oktyabrın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairinin Gəncə şəhərində yerləşən məqbərəsindən "Nizami Gəncəvinin şəhərini xilas edək” adlı kampaniyaya start verilib, sosial şəbəkə platformaları vasitəsilə geniş təbliğat həyata keçirilib: "Tvitter və Feysbukun yüz minlərlə istifadəçisi Nizami Gəncəvinin şəhərinə edilən erməni terrorunu pisləyərək kampaniyaya dəstək oldu. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif ölkələrində yaşayan üzvləri və dostlarını da Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Gəncə terror hadisələri haqqında daim məlumatlandırdı. Bunun nəticəsində dünyanın 20 ölkəsindən 60-a yaxın nüfuzlu elm adamı və ziyalı kampaniyaya dəstək verərək N.Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilən müharibə cinayətlərinin dayandırılması məqsədilə dünya liderlərinə çağırış etdi.

Ölkə Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsini böyük ruh yüksəkliyi ilə qarşılayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sözsüz ki, səmərəli fəaliyyəti ilə bu il də Azərbaycanın qədim mədəni irsinin, zəngin tolerantlıq ənənələrinin təbliğinə və "Nizami İli"nə qiymətli töhfələr verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm