Paşinyan Qasparyana qalib gəldi: bu gecə İrəvanda nələr gözlənilir?
Bizi izləyin

Nida Təhlil

Paşinyan Qasparyana qalib gəldi: bu gecə İrəvanda nələr gözlənilir?

Nikol Paşinyan Onik Qasparyana qalib gəldi...

Ermənistan prezidentinin aparatı belə bir açıqlama yaydı: Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsi baş nazirin səlahiyyətləri çərçivəsindədir.

Beləliklə, Paşinyanın Qasparyanı göndərməklə bağlı qərarı qüvvəyə minir.

Paşinyanın komandası artıq Qasparyanı baş qərargah rəisi hesab etmir:

- Qanuna görə, Qasparyan artıq Ermənistan Ordusunun baş qərargah rəisi deyil (“Mənim addımım” fraksiyasından olan deputat Nikolay Badasaryan);
- Onik Qasparyan bu gündən baş qərargah rəisi vəzifəsini daşımır (parlamentin vitse-spikeri Alen Simonyan);

Prosedura görə, Qasparyanın baş qərargah vəzifəsində sonuncu günü bu gün – 9 mart idi: prezident Armen Sarkisyan bu gün saat 18:00-a qədər Qasparyanın vəzifəsindən çıxarılması məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsəydi, baş nazir Paşinyanın fərmanı avtomatik qüvvəyə minmiş hesab olunurdu. Hər şey Paşinyanın istədiyi kimi oldu...

Onik hələki dirənir: onun kabinetdən çıxmadığı və vəzifəsində qalması üçün məhkəməyə müraciət etmək məsələsində vəkillərlə məsləhətləşdiyi deyilir.

Buna paralel olaraq, erməni müxalifəti parlament binasının önündə aksiya keçirir: onlar Paşinyanın istefasını, erkən seçkilər keçirilməsini tələb edir, o cümlədən, ordunu hakimiyyətə qarşı praktiki addımlar atmağa çağırırlar.

Erkən seçkiləri öncə hakimiyyət istəyirdi, lakin Paşinyanın artıq buna ehtiyacı görünmür və hazırda Nikol vəziyyətin nəzarətdən çıxmaması istiqamətində addımlarını intensivləşdirib: Polis qüvvələri bütün dövlət binalarını mühasirəyə alıb; Milli Təhlükəsizlik Xidməti Qasparyanın ordunu hərəkətə keçirməsi ehtimalına qarşı tədbirlərini gücləndirir; Ordu daxilində özünə yaxın, yaxud Qasparyanı dəstəkləməyən kadrları önə çəkir;

Bu gecə Ermənistanda həlledici gündür: Qasparyan “ordu xalqın yanındadır” iddiası ilə hərbçiləri küçələrə çıxara bilər; Paşinyan bu riskə qarşı Oniki gecəyarısı həbs etdirə bilər;

Ermənistanda müzakirə mövzularından biri də budur: Qasparyanı həbs etmək üçün Baş Qərargah binasına kim gedəcək?!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm