Almaniyanın yuxusunu qaçıran QARABAĞ HƏQİQƏTLƏRİ - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Almaniyanın yuxusunu qaçıran QARABAĞ HƏQİQƏTLƏRİ - AÇIQLAMA

Dövlət 2 halda çox ciddi müəyyən beynəlxalq siyasi dairələrin təzyiqi altına düşür. Birinci zəif olanda, ikincisi güclü olanda. Zəif dövlətlərin siyasi iradəsi olmur, rəhbərliyi marionetka olur, onunla diktə ilə danışırlar. Biz 90-cı illərin əvvəllərində həmin vəziyyətdə idik. Nə qədər qəribə və paradoksal səslənsə də, biz güclü olanda da eyni aqibəti yaşayırıq. Biz gücümüzü təkcə sözdə deyil, konkret əməli addımlarla sübut etmişik. Vətən müharibəsində qazandığımız qələbənin 3 mühüm memarı var: Ali Baş Komandan, Prezident İlham Əliyev, onun formalaşdırdığı ordu və onların arxasında dayanan xalqımız.

Dünya gördü ki, Azərbaycan dövləti qarşısındakı missiyanı şərəflə yerinə yetirdi. Prezidentimiz bütün təzyiqlərə sinə gərdi. Təsəvvür edin, münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bizə təzyiq göstərirdi. ABŞ-ın, Fransanın timsalında bunu açıq-aşkar gördük.

Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, bütün bunlardan sonra müəyyən siyasi dairələr bu reallıqları həzm edə bilməyiblər: “BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi vardı. Həmin qətnaməni Azərbaycan dövləti özü icra etdi. Gələcəkdə BMT TŞ hesabat hazırlayanda 2020-ci ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən yazanda qeyd edəcək ki, bu qətnamələr icra olunub. Biz onların simasını qoruyub saxladıq. Almaniyanın siyasi dairələri də eyni vəziyyətdədir və onlar Azərbaycana qarşı cürbəcür dezinformasiya marşrutu işə salmağa başlayıblar. Yalan və iftira artıq onların leksikonunun mahiyyətini kəsb edir. Bütün bu reallıqlar göz qabağındadır.

Tam səmimiyyətimlə deyirəm ki, Almaniya Federativ Respublikası bu gün ciddi problemlə qarşı-qarşıyadır. Bu, təkcə Almaniyanın problemi deyil. Kökü Almaniyada olan bu problem dünya üçün böyük təhlükəyə çevrilməkdədir. Kimlərsə bunun əlamətlərini görür, kimlərsə görmür. Məşhur bir ifadə var: təhlükənin olduğunu görməməyin özü ən böyük təhlükədir. Sabah baş verə biləcək hadisələr də bunun əlamətləri olacaq. Almaniyada bu gün böyük təhlükə cücərməkdədir ki, bu da neofaşizmdir”.

Deputat 2015-ci ildə faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya 24” kanalına verdiyi müsahibədəki ifadələrini xatırladıb: “Bu gün Avropa ölkələrində neofaşistlər hakimiyyətə can atırlar. Onlar hətta ölkə parlamentində təmsil olunurlar. 3-5 il sonra onlar Avropa ölkələrində siyasi rəhbərliyə gəlsələr, dünyanın gələcəyi necə olacaq?” Prezident bu çıxışı ilə əslində, həyəcan təbili çalırdı. Fikir verin, artıq onun əlamətlərini görürük. Almaniya dövləti Azərbaycana münasibətdə qərəzli yanaşmalar ortaya qoyur. Halbuki gedib öz problemi ilə məşğul olmalıdır. Birinci və İkinci Dünya müharibəsinin səbəbkarı olan ölkə üçüncü dəfə dünyanı fəlakətə sürükləməməlidir. Belə bir qlobal problemlə üz-üzə qalan Almaniya, görün, Azərbaycana qarşı hansı təzyiq üsulunu seçib.

Cənab Prezident deyir ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, amma onun sözünün mənası və çəkisi var. Sözümüzün çəkisi və mənası Almaniyadakı müəyyən siyasi dairələrin yuxusuna haram qatır və bizə qarşı cürbəcür üsul və mexanizmlərini işlək vəziyyətə gətirirlər. Xalqımız da bunu görür. Xalqın gözü tərəzidir. Bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət var. Azərbaycan hədəfləri olan dövlətdir və bu istiqamətdə də irəliləyir. Sadəcə bizi növbəti hədəflərimizdən yayındırmaq istəyənlər var. Amma buna nail ola bilməyəcəklər. Çünki bizim işimiz haqq işidir, yolumuz doğrudur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm