Ermənilər xalqımıza qarşı nifrəti təbliğ edən siyasət həyata keçiriblər - Cəfəroğlu
Bizi izləyin

Nida Təhlil

Ermənilər xalqımıza qarşı nifrəti təbliğ edən siyasət həyata keçiriblər - Cəfəroğlu

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hazırladığı hesabat olduqca əhəmiyyətlidir. Ombudsman Aparatı bu məsələ ilə bağlı çox yaxşı işləyir, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu hesabat bizim üçün vacibdir. Ermənilər uzun illərdir xalqımıza qarşı nifrəti təbliğ edən siyasət həyata keçiriblər”.

Bu sözləri Publika.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu bildirib ki, bu hesabat Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir: “Biz bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlər görməliyik. Hesabatın hazırlanmasında Ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub. Bu faktların, fotoların, ümumiyyətlə əlimizdə olan bütün sübutların hamısını beynəlxalq təşkilatlara, bununla yanaşı xaricilərə çatdırmalıyıq. Erməniləri beynəlxalq məhkəmələrə verməliyik. 30 ildir onlar bizim torpaqlarımızı zəbt ediblər, qanunsuz istismar ediblər, bu illər ərzində bizə xeyli maddi və mənəvi zərər dəyib, müharibədə dinc sakinlərimiz öldürülüb. Onların nifrət siyasətinin nəticəsində 1 milyondan çox soydaşımız məcburi köçkünə çevrilib, torpaqlarımız uzun illər onların əllərində olub, talayıblar, bütün əraziləri minalayıblar. Etnik nifrətin nəticəsi idi ki, Xocalıda soyqırımı törətdilər, əhalimizi, uşaqlarımızı, qadınlarımızı öldürdülər. Biz bu məsələləri təkrar-təkrar qaldırmalıyıq”.

Hüquq müdafiəçisi təklif edib ki, bu hesabatdan sonra bundan sonra görüləcək işlərin yerinə yetirilməsi üçün mütləq xüsusi qrup yaradılmalıdır: “Qarabağ məsələsi ilə bağlı bir qrup yaradılmalıdır, orada hüquqşünaslar təmsil olunmalıdır. Bütün faktları toplayaraq erməniləri beynəlxalq məhkəmələrə verməli, ümumilikdə isə bütün dünyaya bəyan etməliyik. Müharibədən yeni çıxmışıq, pandemiya olmasaydı qrup yaradaraq, bütün ölkələrə gedib dünyaya erməni vəhşiliyini nümayiş etdirərdik. Bəzi beynəlxalq təşkilatlar bunu görüb, görməyənlərə də göstərməliyik, bütün dünyaya car çəkməliyik ki, ermənilərin bizə qarşı uzun illərdir yürütdüyü nifrət siyasəti nəticəsində xalqımıza faciə yaşadıblar. Gəncəyə, Bərdəyə atılan kasetli bombalara, qadağan olunan silahlardan istifadəyə görə, ümumilikdə isə törətdikləri bütün qanunsuz, vəhşi əməllərə görə ermənilər cavab verməlidirlər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm