Heydər Əliyev tarixə xalqın xilaskarı kimi düşdü - Deputat
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyev tarixə xalqın xilaskarı kimi düşdü - Deputat

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. İyirminci əsrin sonlarında ikinci dəfə müstəqilliyini bərpa etmiş gənc Azərbaycan dövləti tarixinin ən ağır, çətin dövrünü yaşayırdı. Qarabağda erməni qəsbkarları tərəfindən, havadarlarının dəstəyi ilə bir-birinin ardınca rayonlarımız işğal olunurdu. Bir il əvvəl siyasi hakimiyyətə yiyələnmiş səriştəsiz, dövlət-idarəetmə sistemindən anlayışı olmayan AXC-Müsavat cütlüyü isə xalqın etimadını tamamilə itirmişdi.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Nəsib Məhəməliyev deyib. Milli Qurtuluş Gününün tarixindən söz açan millət vəkili qeyd edib ki, hakimiyyət komandasının daxilində baş verən intriqalar nəticəsində biri digərini qəbul etməyən qüvvələr, çoxsaylı "liderlər" peyda olmuş, subardinasiya prinsipləri pozulmuşdu: "Beynəlxalq münasibətlər sistemində imkanlarımızın düzgün qiymətləndirilməməsi xarici siyasətdə ölkəmizin təklənməsinə, düşmənlərimizin artmasına gətirib çıxarmışdı. Hətta tarixən bizə yaxınlığı ilə seçilən ölkələrlə münasibətlərdə ciddi soyuqluq yaranmışdı.

Ölkənin cənubunda "Talış-Muğan Respublikası" adlı separatçı qurum elan olunmuşdu, şimal bölgəsində isə "sadvalçılar" at oynadırdı. Erməni işğalı nəticəsində 100 minlərlə qaçqın, məcburi köçkün ordusu evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə bütün bölgələrə səpələnmişdi. İyun ayının 4-də Gəncədə qardaş qanı tökülmüşdü. Milli qvardiyanın 35 günahsız əsgəri qətlə yetirilmişdi. Respublikanın bütün şəhər və rayonlarında kütləvi etirazlar, hakimiyyətə tabesizlik, xaos, anarxiya hökm sürürdü. Mərkəzi hakimiyyətin nəzarətsizliyi ucbatından hər bir yaşayış məntəqəsində silahlı kriminal qruplar ağalıq edirdi. Cəbhə bölgəsindən oğurlanaraq çıxarılmış silahların alveri adi hal almışdı. Müasir atıcı silahlarla təchiz olunmuş həmin bandit dəstələri insan oğurluqlarından tutmuş, ən ağır qətllərə qədər törədirdi. Bir çox rayonlarda polis əməkdaşları uniformada küçəyə çıxmağa qorxurdu. Cəmiyyətdə ziyalı, ağsaqqal sözü eşidilmirdi. Ən pisi o idi ki, xalq nəinki gələcəyə, sabaha belə inamını itirmişdi".

Nəsib Məhəməliyev vurğulayıb ki, belə bir ağır şəraitdə xalq Naxçıvana üz tutdu və böyük dövlət xadimi Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi:

"İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildi və tarixə xalqın xilaskarı kimi düşdü. Bununla da müasir, güclü Aərbaycan dövlətinin əsası qoyuldu.

İctimai-siyasi sabitliyə aparan yol təxminən iki il çəkdi. Separatçılığa, hərbi müxalifətə, sui-qəsdlərə, cinayətkarlığa son qoyuldu. Oturuşmuş dövlət idarəetmə sistemi formalaşdırıldı. Atəşkəsə nail olundu. Beynəlxalq təşkilatlarla, ilk növbədə böyük dövlətlərlə münasibətlər quruldu. Yeni Konstitusiya qəbul olundu. Cəmiyyətin bütün sahələrində köklü islahatlara başlanıldı. Keçmiş sovet respublikaları arasında ilk olaraq torpaq, əmlak pulsuz kənd əhalisinə paylanıldı. "Əsrin müqaviləsi" imzalandı. Dinindən, etnik mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini özündə birləşdirən və Ulu öndərin müəllifi olduğu Azərbaycançılıq məfkurəsi dövlət ideologiyasına çevrildi.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin cüzi hissəsini ümumiləşdirilmiş şəkildə xatırlatmaqda əsas məqsədim odur ki, əgər o, zamanında Yaradanın hökmü ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycan adında dövlət olmayacaqdı. O dövrün ictimai-siyasi proseslərini yaxından izləyən bir insan kimi tam məsuliyyətimlə bəyan edirəm, Heydər Əliyevdən başqa bu problemlərin öhdəsindən gələ biləcək, dövləti xilas edəcək ikinci bir şəxs yox idi. 1988-ci ildən 1993-cü ilə qədər 5 siyasi hakimiyyət dəyişmişdi. Bir balaca sosial gərginlik yarandıqda hakimiyyətə rəhbərlik edənlər başlarını götürüb ölkədən qaçmışdılar.

O zamandan 28 il ötüb. Azərbaycan Heydər Əliyevin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf etmiş, beynəlxalq nüfuza malik, regionun lider dövlətinə çevrilib. Dünya erməniliyinə qalib gələrək Qarabağ torpaqlarını işğaldan azad edib. Mübaliğəsiz demək olar ki, 90-cı illərin prizmasından baxdıqda bu günün nailiyyətləri fantastik görünür. Ancaq televiziya kanallarında Ulu öndərin çıxışlarını dinlədikdə Azərbaycanın bu gününü necə dəqiqliklə ifadə etdiyinin şahidi oluruq. Bu o deməkdir ki, Ümummilli liderin ruhu şaddır. Onun ideyaları yaşayır və Azərbaycan xalqına xidmət edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm