Şarl Mişelin səfəri: Azərbaycan-Aİ münasibətlərində yeni səhifə və perspektivlər
Bizi izləyin

Nida Təhlil

Şarl Mişelin səfəri: Azərbaycan-Aİ münasibətlərində yeni səhifə və perspektivlər

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərində yeni səhifə açdı. Post-münaqişə dövründə belə bir səfər xüsusilə əhəmiyyətli idi, çünki rəsmi Bakı Aİ Şurasının prezidentinin timsalında regionda yeni reallığı bir daha təqdim etmək imkanı qazandı. Şarl Mişelin səsləndirdiyi fikirlər də Aİ-nin bu reallığı qəbul etdiyini təsdiqləyir.

Şarl Mişelin Azərbaycana səfəri bir neçə kontekstdə diqqət çəkir.

Birincisi, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün olduqca əhəmiyyətli idi.

Prezident İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam etdi. Danışıqlarda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə etdi, siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

İkincisi, Aİ-nin region ölkələrinə balansı münasibəti vacib amildir.

Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət edildi: Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrıldı. Müqayisə üçün deyək ki, Almaniya kansleri Angela Merkelin, Fransanın keçmiş prezidenti Fransua Olandın regiona səfəri zamanı bu balansın gözlənilməmişdi. Ermənistana səfər edəcək Fransa prezidenti Emmanuel Makron da balansı pozacağı məlumdur. Şarl Mişelin regiona səfərindı isə balans tam şəkildə gözlənildi.

Ş.Mişelin Azərbaycanın regionlarına da səfər etməsi, Şamaxıya getməsi, Cümə məscidini ziyarət etməsi də diqqət çəkdi. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbacan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. Bununla yanaşı, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış oldu: “Azərkosmos” ASC-ni ziyarət etdi, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etdi və s.

Üçüncüsü, Aİ-nin 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallığı qəbul etməsidir.

Şarl Mişel çıxışında “Dağlıq Qarabağ”, status və bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırdı. Bu, Aİ-nin 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşdüyü və regionla bağlı siyasətində bu reallığı nəzərə aldığı deməkdir. Mişelin nitqində bu mövqe aydın hiss olunurdu.

Göründüyü kimi, Aİ Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf petspektivini düzgün qiymətləndirir. Şarl Mişel nitqində Azərbaycanla Aİ arasında münasibətlərin strateji tərəfdaşılıq səviyyəsinə yüksəldilməsi barədə də danışdı. Şarl Mişelin simasında Aİ rəhbərliyi Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv mühitlə tanış oldu, mediaya, siyasi partiyalara ciddi basqıların hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, medianın azad mühitdə inkişaf etdiyini gördü. Bu o deməkdir ki, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Aİ Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir.

Bu mənzərə perspektivlər bağlı vacib məsələləri də gündəmə gətirir:

1. Aİ Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “smart village” kimi müasir texnoloji əsaslara malik layihələrdə iştirak etməlidir;

2. Növbət addım kimi, Aİ-nin Azərbaycana münasibətdə də sadələşdirilmiş viza rejimindən azad viza rejiminə keçməsi lazımdır;

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədlər imzaladığı Avropa İttifaqının 9 üzv dövləti ilə əlaqələri yüksək səviyyədədir. Əsas məqamlardan biri də odur ki, bu ölkələr Avropa İttifaqına üzv dövlətlərin üçdəbirini təşkil edir və bu, Aİ-Azərbaycan münasibətləri baxımından əhəmiyyətlidir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün ən vaxib tərəfdaşdır. Bu gün Azərbaycan qazını “Köhnə Qitə”yə çıxana Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır.

Şarl Mişelin Azərbaycana səfəri zamanı Prezidenti İlham Əliyevin verdiyi mesajlar xüsusilə əhəmiyyətli idi.

Prezident İlham Əliyev mətbuat konfransında “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarının adını çəkdi və bununla 7 iyul tarixli fərmanına istinadən məsələnin rəsmi şəkildə bitdiyini elan etdi. Bununla yanaşı, Azərbaycan Prezidenti Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi: bu, ermənilərin işğal etdiyi torpaqlarda törətdiklərinin Aİ Şurası prezidentinə faktlarla çatdırılması ilə yanaşı, Qarabağın azad edildiyini, münaqişənin bitdiyini incəliklə təqdim edilməsidir.

Azərbaycan lideri Aİ Şurası prezidentinin diqqətinə regionda yaranmış reallığı və bundan sonra atılacaq yeganə addımı çatdırdı. Bu, sülhü təmin etməkdir və buna nail olmaq üçün Ermənistanın yekun sülh sazişini imzalamalıdır.

Şarl Mişelin səfəri və verilən mesajlar Aİ-sülh Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə töhfələr verə biləcəyi imkanlarını da yaradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm