Nida Təhlil
Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin... - SENSASİON DETALLAR
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi:
- Əli bəy, Əli Həsənovun intim video ilə təhdid olunması haqda paylaşımıyla bağlı sosial şəbəkədə status yazmısınız. Bildirmisiniz ki, bu, dövlətin sütununu laxlatmaq üçün bugünəcən maraqlı dairələr tərəfindən həyata keçirilən silsilə təxribat cəhdlərindən növbətisidir. Kimdir həmin maraqlı dairələr və təxribatlarının məqsədləri, məramları nədir?
- Mən hərəkat dövründən siyasətlə məşğulam. Tələbəlik dönəmindən, 1990-cı ildən bu günə qədər baş verən hadisələrin içərisindəyəm. Zaman-zaman insanlar bu hadisələrin içərisində bişir, kimin kim olduğunu bilir. Narazı qalsan belə, dövlətin maraqlarının nədən ibarət olduğunu dərk edirsən. Eyni zamanda, sosial sahəni öyrənirsən. Müqayisələr nəticəsində nəyin yanlış, nəyin doğru olduğunu müəyyənləşdirə bilirsən. Eləcə də biz jurnalistika fəaliyyəti ilə məşğul olduğumuza görə cəmiyyətin digər kəsimlərindən fərqli olaraq bir qədər ayığıq. Proseslərin hansı istiqamətə doğru getdiyini müəyyənləşdirə bilirik. Biz bilirik ki, Əli Həsənov uzun müddət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri olub. Mətbuat sektoru Əli Həsənova tabe idi.
Eyni zamanda, qeyri-hökumət təşkilatları Əli Həsənova tabeliyində idi. O, vəzifəsini pis-yaxşı icra edib getdi. Dövlət sistemində kadrlar daimi deyil. Kadrlar işə götürülür, işdən çıxarılır. Bu, normal şəkildə baş verməlidir. Normal cəmiyyətlərdə proseslər bu cür də davam edir. Bəzi hallarda korrupsiyaya bulaşmış məmurlar üzə çıxarılır, ifşa olunur. Əli Həsənovun işdən çıxarılması da onu göstərdi ki, burada da hansısa anlaşılmazlıqlar, konkret korrupsiya faktları var. Bununla qanun çərçivəsində məşğul olurlar, Vüqar Səfərli və digərlərinin məhkəməsi davam edir. Ancaq bu gün Əli Həsənovun gündəmə bu cür intim videolarla gətirilməsinin özü cəmiyyətin daxilindən verilən sosial sifariş deyil. Mən belə hesab edirəm. Əgər doğrudan da belə bir video varsa və cəmiyyətə təqdim olunmaq üçün işlənilib hazırlanılıbsa, deməli, hakimiyyət daxilində maraqlı qüvvələr var ki, bu, mənim düşüncəmə görə, onların maraqlarına cavab verir. Hüquq-mühafizə orqanlarının rəhbərləri bu məsələni ətraflı şəkildə araşdırmalıdırlar ki, nə baş verir. Əli Həsənov artıq işdən çıxarılıb və öz həyatını yaşayır. Onun haqqında məlum materialların hazırlanıb cəmiyyətə təqdim olunması dövlətin digər məmurlarının özlərinin qarşısında yeni şərtlər formalaşdırır. Mən dövlətin digər sahəsinə cavabdeh olan bir şəxs olaramsa, artıq sabah özlüyümdə fikirləşəcəm ki, məni də eyni aqibət gözləyə bilər. Ona görə də çalışacağam ki, reputasiyamı qoruyum. Əli Həsənovun cavabdeh olduğu sahələr, bir siyasi sferanı çıxmaq şərti ilə mətbuatda da, QHT sektoru da da çöküb. QHT sektorunda çalışanların əksəriyyəti buradan maliyyələşirdilər və fəaliyyət göstərirdilər. Əli Həsənovdan sonra yeni maliyyələşmə yoxdur. Mən təbii ki, Əli Həsənovu müdafiə etmək fikrindən uzağam. Sadəcə, fikirlərimi izah etmək üçün onun adını çəkirəm. Mən bütövlükdə dövlətçilik maraqlarından danışıram...
- Sizcə, bu prosesləri gerçəkləşdirənlərin məqsədi nədir?
- Kimlərsə Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı qələbəyə, cənab Prezidentin Ali Baş Komandan kimi həyata keçirdiyi bu qələbəni aşağılamaqdan ötrü süni maneələr yaradırlar. Hər dəfə cəmiyyətin və Prezidentin qələbəsini arxa plana atmaqdan ötrü lazımsız məsələləri gündəmə gətirirlər. Sosial müdafiə nazirinin gördüyü işlərə baxaq. Sizinlə müsahibəyə gəlməmişdən öncə əlimə bir statistika keçdi. Təxminən 150 min nəfərə yaxın insan bu və ya digər formada sosial müvavinətdən məhrum edilib. Bu da dövlətə, hakimiyyətə qarşı narazılıq yaradır. Nazir Sahil Babayevin özü isə çəkilib kənara durub. O, haqlı olaraq pensiyaları kəsir, ancaq həmin vətəndaşların narazılıqlarının əvəzini doldurmalı idi. Başqa sosial layihələr hesabına pensiyaları kəsilənlərin pulları onların ailələrinə ödənilməli idi. Bu altı ay, bir il davam edəndən sonra qeyri-qanuni alınan pensiyaların hamısı kəsilməli idi. İkincisi, jurnalistlər, onlara veriləcək üçüncü bina ilə bağlı ideya ortaya atdılar. Jurnalist təbəqəsini prezidentdən narazı salmağa çalışdılar. Halbuki dövlət başçısı özü jurnalistlərə görə bu binanın tikintisi üçün sərəncam verib. Sonra dini kəsimləri narazı salmaqdan ötrü şeyxülislama qarşı total hücum başladı. Təbii ki, sonradan Prezidentin özü bu məsələlərə qarışdı və hamısını yoluna qoydu. Hər dəfə maneələr yaradılır və hər dəfə də Prezident işə qarışır və onu yoluna qoyur.
- Rusiyalı siyasətçi Vladimir Jirnovskinin “cavabını” Azərbaycandan keçmiş səfir İsfəndiyar Vahabzadə verdi. Elə Jirnovski səviyyəsində... Hətta XİN də ehtiyac olmadığı halda bununla bağlı açıqlama yaymağa “məcbur qaldı”. Sonra sosial şəbəkələrdə, ictimai müzakirələrdə belə bir “mövzu” saqqız kimi uzadıldı. Ehtiyac var idimi buna?
- Bilirsiniz, bunların hamısı 5-ci kolonun Azərbaycanda yaratmaq istədiyi yeni şərtlər və qaydalardır. Bunlara yol vermək olmaz. Jirnovski Azərbaycan xalqını təhqir edəndə 1997-ci il idi. Sonradan Jirnovski öz tərbiyə və əxlaqına uyğun şəkildə Azərbaycan xalqını, onun prezidentini aşağılayanda Xarici İşlər Nazirliyimiz səviyyəsində, eləcə də millət vəkilləri və cəmiyyət tərəfindən onun cavabı verildi. Bir həftə sonra İsfəndiyar Vahabzadənin bu məsələyə qayıtması, rus xalqını təhqir etməsinin özü böyük bir yanlış idi. Bunun özü bir təxribat idi. Buna yol verilməməliydi. Biz xalqlar arasında ictimai etimadı qazanmaq istəyirik, məktəblər açaraq mesajlar göndəririk. Rusiyanı inandırmaq istəyirik ki, Azərbaycan ərazisindən heç vaxt Rusiyaya təhdid olmayacaq. Çünki biz bunun müqabilində Qarabağ problemini öz xeyrimizə həll etmək istəyirik. Rusiyanı neytrallaşdırmaq istədiyimiz bir zamanda İsfəndiyar Vahabzadənin bu çıxışları bizim çabalarımızın qarşısını alır. İsfəndiyar Vahabzadənin rus dilindəki təhqirini Rusiyadakı erməni mediası da geniş şəkildə tirajladı. Ona görə də Vahabzadənin bu addımı çox təhlükəli bir gediş idi. Çox sağ olsun ki, Azərbaycan dövləti bu cür təxribatların qarşısını ala bildi.
- Deputat Qüdrət Həsənquliyevin təbirincə desək, son dönəmlər hökumətə yaxın internet tv-lər və ora dəvət olunan, hökumətdə müəyyən dairələrlə əlaqəli üç-beş adam, xaricə sığınıb ermənipərəst dairələr tərəfindən yönəldilən şəxslərlə sanki yarışa giriblərmiş kimi, hər gün eyni şeyləri pafosla, qırıq patefon kimi təkrar-təkrar bağırırlar, region dövlətlərini asıb-kəsir, daxildə düşmən axtarışına çıxırlar. Sizcə, onları bu cür çıxışlar etməyə, “düşmən axtarışına çıxmağa” nə vadar edir?
- Uzun müddətdir ki, biz mediadayıq. Bu günə qədər medianın necə işlədiyini və bundan sonra da necə işləyəcəyini bilirik. Müəyyən boşluqlar var. İnsanlar kim kimi söyürsə, ona baxırlar. Doğrudan da Azərbaycanın daxilində çaxnaşmalar yaratmaq istəyən insanlar var. Azərbaycanada bu maraqlara xidmət edən mütəşəkkil dəstələr mövcuddur. Onların maraqları Azərbaycanda hakimiyyət problemi yaratmaqdır. Bu da yeni deyil. 90-cı illərdən bu günə kimi Azərbaycanda buna cəhdlər edilir.
- Əli bəy, sizing də qeyd etdiyiniz kimi, artıq insanlarımızın bir hissəsi öz fikirlərini etika çərçivəsində, başqalarını söyüb təhqir etmədən söyləyən insanlara qulaq asmaq istəmir. Yəni yavaş-yavaş siyasi leksikonumuz söyüş və jarqonlarla dolmaqdadır. Hər kəs söyülüb təhqir edilməklə adekvat cavab verməyə məcbur edilir. Beləliklə də cəmiyətin siyasi və mədəni səviyyəsi aşağı salınır. İnsanlar qisas hissi ilə alışıb-yanır. Yenə Qüdrət Həsənquliyevin təbirincə desək, cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır. Səbəbi nədir? Bunlar məqəsdli şəkildəmi edilir? Bu cür halları aradan qaldırmaq üçün kimlər ortaya düşməlidir?
- Bəzi İnternet kanallara ancaq söyüş söyən insanlar çıxarılır. Bunların bəziləri özləri formalaşıblar. Həmin insanlar yaxşı bilirlər ki, həmin şəxslər söyüş söyməsələr, ağır ritorikalardan istifadə etməsələr, daha onları bu kanallara çağırmayacaqlar. Söyüşlü ritorika mətbuat tərəfindən brendləşdirilir. Daha çox bunu İP ardınca qaçan mətbuat edir. Media sahəsində ciddi islahatlara ehtiyac var. Peşəkarları kənarlaşdırıb qeyri-peşəkarlara bu cür imkanlar yaradıldıqca bu proses davam edəcək. Əslində tənqid imkanları peşəkar media orqanlarına tanınsa, həmin İnternet TV-lər bu qədər populyarlaşa bilməzlər. Yaradılmış boşluq onlara bu imkanı verir.
- Azərbaycanın “Krım platformasına” qoşulmaması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəziləri hesab edir ki, Azərbaycan öz ərazi proplemini həll etdikdən sonra Ukraynaya arxa çevirdi. Sizin bu cür fikirlərə münasibətiniz necədir?
- Hesab edirəm ki, rəsmi Bakı “Krım platforması”na qatılmamaqla çox doğru addım atdı. Krım, Luqansk və Donetsk işğal olunanda Azərbaycan Ukraynanın yanında olub. Öz rəsmi mövqeyini bildirib. Bu gün də Azərbaycan bu işğalla barışmır. Biz öz pioritetimizə sadiq qalaraq hərbi-siyasi platformalara qoşulmuruq. Bu doğru qərardır. Bu gün Qarabağ kimi problemimiz var. Eyni zamanda, Ukrayna bizim qonşumuz deyil, amma ən təhlükəli qonşularımız Rusiya və İrandır. Biz öz siyasətimizi Qafqazda qurulan proseslər çərçivəsində qurmalıyıq. Biz bu gün Rusiyaya qarşı hansısa oyun qaydasını pozmamalıyıq.
Tural Turan
Foto: Pərviz Həşimi
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir
-
Sosial14:02
Azərbaycanda gənc əsgərlərlə görüş qadağan edildi
-
Sosial13:20
Azərbaycanda bu mənzillər UCUZLAŞACAQ
-
Hadisə12:48
Sumqayıtda yaşayış binasında yanğın: 5 nəfər təxliyə edildi - VİDEO
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...