Azərbaycan əleyhinə qətnamə: Fransa niyə bu addımı atdı?
Bizi izləyin

Nida Təhlil

Azərbaycan əleyhinə qətnamə: Fransa niyə bu addımı atdı?

“Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi:

“Son proseslər bir daha göstərdi ki, bir fransız siyasətçinin dediyi kimi Makron fransızların deyil, Fransada yaşayan ermənilərin prezidentidir. Makronun bu qətnamənin qəbul edilməsinə ciddi cəhdlə canfəşanlıq etməsi bunu bir daha təsdiq edir. Bu, eyni zamanda, Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir. Bu zaman belə bir sual yaranır. Əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz barbarcasına dağıdılarkən, Qarabağda yeganə pravoslav kilsəsi dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Demək ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi var”.

C.Məmmədov qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətlərindən olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkan və fürsətlər yaranmışdı:

“Ermənistan yenə bu imkanlardan yararlana bilmədi və düşmənçilik yolunu seçdi. Bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətlər bölgədə sülhün bərqərar olmasında deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar. Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər, o zaman yanılırlar. Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə Ermənistan və erməni xalqı olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm