Yaddaşımızdakı və ekranlardakı Novruz
Bizi izləyin

Nida Təhlil

Yaddaşımızdakı və ekranlardakı Novruz

İstənilən xalq adətinin, təntənəsinin arxasında hansısa miflər var. O miflərin olması normaldır. Normal olmayan bildiyimiz, ellikcə qeyd etdiyimiz adətə yeni çalar vermək üçün uydurulan yeni miflərdir. Təəssüf ki, azərbaycanlılarının yüzillərdir ən mühüm bayramı olan Yaz Bayramı ilə bağlı belə yeni miflər, mifologemlər hədsiz çoxalıb.

Bu günlər ən çox rastıma çıxan miflər:

Novruz dünyada ilk dəfə Azərbaycanda qeyd olunub,
İlk dəfə 1921-ci ildə Nərimanov tərəfindən rəsmiləşib,
Şıxəli Qurbanov şəxsi təşəbbüsü ilə Novruz bərpa edib,
Heydər Əliyev hakimiyyətə gəldiyi ilik dövrdə, konkret 1971-dən sonra Novruzun qeyd olunması dayandırılıb,
Novruz türk bayramıdır,
Novruz irani xalqların bayramıdır...

Bu, astronomik yeni ildir. Şimal yarımkürəsinin hər ölkəsi və xalqı üçün də dəyişməzdir. İstər Çindən Avropaya, Yaxın Şərqdən Uzaq Şərqə və əksinə, ticarətlə məşğul olan və ya ticarət yollarına nəzarət edənlər, istər heyvandar köçəri və yarım köçərilər, istərsə də əkinçilər öz təsərrüfat həyatlarını şəmsi qəməri (ay günəş) təqvimi ilə qururdular. Bu təqvimin ilk nümunələri Turfanda da var, Şumerdə də, Misirdə də.

Nə qədər istəsək də, belə astronomik bayrama, illah da türk, ya irani yarlığı yapışdıra bilmərik. Adını “Novruz” yazıb sonra da “sırf türk bayramıdır” demək absurd deyilmi? Bəli, biz bu bayrama, sadəcə Bayram deyir, digər bayramları adları ilə çağırırdıq. Amma “bayram” belə sırf türk mənşəli söz deyil, soqdcadır. Niyə belədir, niyə ən mühüm bayramımız qonşu Şərq xalqları ilə müştərəkdir? Çünki qədim mədəniyyətdən gəlmə xalqlar keçmişdə biz təsəvvür etdiyimzidən daha çox tolerant, multikultural olublar, bir-birinə inteqrasiya ediblər, dillərində konvergensiya baş verib, mədəni kodlar qarışıb.

Başqa arqument də var – “ruze-nou” yox “novruz” deyilir, fars dilinin qrammatik tələblərinə zidd sözdür, demək, farslara dəxli yoxdur. Bilirsiniz niyə belə deyilir? Çünki “ruze nou” deyilməsi, izafət müasir fars dilində sami təsiridir. Əvvəl arami-babil-akkad dilləri, sonra ərəb dili farscaya o qədər təsir edib ki, dilin qrammatikası belə dəyişib. Arxaik irani dillərində elə “nouruz” olmalıdır. Üstəlik, o kəlmə hətta farsca olmasa belə türkcə deyil. Qibti (özünü qədim Misirin varisi sayan xristian icma) indi də yaz bayramların Nillə bağlayır “ni biruz” (nilin daşmasının sonu) hesab edirlər ( 1). Məhz qibti sözü olmasını iddia etmirəm, belə hökm vermək üçün daha ciddi mənbələrə ehtiyac var.

İlk dəfə harada qeyd olunmasından yox, bu təntənənin ilk dəfə hansı ərazidə, hansı dildə təsbit edilməsindən danışmaq olardı. Ki, bunu da qərəzsiz alim tapsanız, onun öhdəsinə buraxın. Hərçənd etnik, dini, coğrafi təəssübkeşliyin fövqünə qalxa bilmiş elə bir alimi Azərbaycanda, İranda, Qafqazda, Mərkəzi Asiyada axtarmasanız yaxşıdır.

Bəli, Yaz bayramı həm də bizimdir, çünki ilk dəfə sistemləşdirilməsi, rəsmi təqvimə salınması bizim Oğuz babalarımızın- Səlcuq hakimlərin göstərişilə baş tutub, rəsmən yeni il elan olunub və s. Yəni Nərimanovdan 800 il əvvəl.
Səlcuq hakimi sultan Cəlalüddövlə və-d-din Muizzuddin Əbul-Fəth Məlikşah (hakimiyyət illəri 1072-1092) hicri şəmsi təqvimin-cəlali təqviminin yaradıcısıdır. O təqvim İranda indi də işlədilir, sadəcə ayların adları qondarma adlarla əvəzlənib. Bütün xalq mərasimləri, astronomik bayramlarımız o təqvimlə qeyd edilir. Bizim unutduğumuz hər şeyi də böyür-başımızdakılar mənimsəyib özlərinkiymiş kimi təkrar bizə sırıyır.

Yaz bayramı bizimdir; çünki biz Şimal yarımkürəsi xalqıyıq. Turfan –Altay mədəniyyətinə də, Yaxın Şərq (Şumer-Elam) mədəniyyətinə də eyni dərəcədə iddialıyıq. Hər iki mədəniyyətin həm genetik, həm də mədəni varisiyik. Bəli, bu coğrafiyanın Səyavuşuyuq. Bunda qəbahət nəsə yoxdur. Təmiz qanlı, birgenli heyvan cinsi olar, xalq, ya millət yox. Bütün fərdləri bir haploqrupdan, irqi yarımtipdən olan heç bir millət yoxdur, ola da bilməz. Belə güman, ya iddia edənlər, sadəcə faşistdir, elələrinin sosial təcridi haqda düşünmək daha düzgün olardı, nəinki müzakirə tərəfi kimi qəbul etmək.

Şıxəli Qurbanovla bağlı deyilənlərə gəlincə, birmənalı olaraq Azərbaycanın dəyərli şəxsiyyətidir. Sovet vaxtı bizdə intellektual və vətənpərvər məmur qıtlığı olub, mühüm postlarda bizim mədəniyyətə, bizim dilə yad ünsürlər oturub çox zaman. Odur ki, Şıxəli Qurbanov kimi xalq arasından çıxmış, vətənpərvər, intellektual birisi olanda, ona, görmək istədiyimiz bütün qəhrəman keyfiyyətlərini yükləmişik. İnsaf naminə ondan əvvəl də , sonra da onun tutduğu postu tutanlar (Nazim Hacıyev, Teymur Əliyev və b.) vətənpərvər və intellektual şəxslər olub. Novruzun qeyd olunmasına gəlincə, Xruşovun “ottepel” –yumşalma siyasəti düşünüldüyü kimi 64-cü ildə başa çatmadı. Məsələn, iqtisadiyyatdakı ciddi yumşalma- “Kosıgin islahatları” Xruşovun devrilməsindən sonra, 1966-cı ildə başlamış, 1971-ci ilədək davam etmişdi. Təxminən həmin illərdə Sov İKP Mərkəzi Komitəsinin “Agitator” jurnalında bir təlimat dərc olunur. Təlimat müttəfiq respublikalarda xalq bayramlarının partiyanın nəzarəti ilə təşkil olunması haqda idi. Bu təlimatın səbəbi də bəlli idi. 60-cı illərin əvvəlloəri Rusiyada provaslav dini bayramı olan Maslenitasa “Provodı russkoy zimi” (Rus qışının yola salınması) adı ilə təntənəli qeyd olunurdu (2). Oxşar bayramın-Yaz bayramının keçirilməsinə icazə verilməməsi Qafqaz və Orta Asiyanın türk-irani xalqlarında etiraz yaradırdı.

Təlimatın dərci o demək idi ki, yerli kommunistlər bayramın bütün dini atributlarını təmizləyib ( VIII əsrdən sonra Novruza müəyyən islam elementləri də əlavə olunmuş, Həzrət Əliylə əlaqələndirilməyə başlanmışdı) sərf astronomik bayram keçirə bilərdilər. Ona görə də bizdə dörd təbiət ünsürünün vurğusu hədsiz qabardı, üstəlik, Maslenitsaya və provaslav miladına xas bəzi əlamətlər, ünsürlər də (Bahar qızı kimi) bayrama əlavə edildi. Alovun Atəşgahdan götürülməsi kimi azərbaycanlıların ənənəvi Bayramına heç bir dəxli olmayan teatrlaşdırmalar peyda oldu. Azərbaycandan bir müddət sonra Özbəkistanda da bayram qeyd olunur. Ancaq 60-cı illərdəki təntənələr təəssüf ki, bayramın klassik ənənələrinin bəzilərini unutdurur- Adətən Novruz saya günləri ilə başlayır, 21-dən sonra Görüş günləri qeyd olunurdu. "Görüş günləri" qırmızı alma ilə yaşlı adamların ziyarət olunma mərasimi idi. Təəssüf ki, o zaman ən böyük folklor alimimiz Məmmədhüseyn Təhmasibin Bayramın festival (şulan) kimi keçirilməsi, saya günləri haqda yazdıqlarına baxan olmadı.

Yeri gəlmişkən, saya günləri ənənəsi təkəmçi adı ilə Təbrizdə yaşadılırdı, heykəli də qoyulmuşdu (3) .

Görüş günlərinin izinə isə güman etmədiyim bir yerdə Qazaxıstanda rast gəldim. Bu adətin oxşarı qazaxlarda da var, elə "Görüş" (Körisü) adlanır. Qazaxıstanda Kiçki Juzun yayıldığı ərazilərdə, eləcə də Qaraqalpakstan və Ural qazaxları arasında qeyd olunur. Fərq ondadır ki, qazaxlar bu adəti 14 martda qeyd edirlər. 2018-ci ildən etibarən Qazaxıstanda ümummilli səviyyədə keçirilir (4).

“Kosıgin islahatları”nın bitməsi ilə “ottepel” də başa çatdı, yəni tarixçi alim Cəmil Həsənli Novruz təntənələrinin dayandırılmasını Azərbaycan rəhbərliyi ilə bağlayarkən, təəssüf ki, qərəzə yol verir. Hərçənd nə 70, nə də 80-ci illərdə o bayram tam dayandırılmadı. Televiziya və radio yaz bayramına aid verilişlər hazırlamaqda, bir çox bəstəkarlarımız bayramın, bayram atributlarının şərəfinə (səməni, şəkərbura və s) çoxsaylı populyar mahnılar bəstələməkdə davam edirdilər.

...Daha gözəl illərə!

P.S. Yazıda folklor araşdırmasına iddia etmirik. Folklor və etnoqrafiya alimlərinin düşünməsi üçün təşviqə cəhd etdik.

1) https://kitabat.com/%D8%B9%D9%8A%D8%AF-%D9%86%D9%8A%D9%92%D8%B1%D9%8F%D9%88%D8%B2-%D8%B4%D9%8E%D9%85%D8%A7%D9%84%D9%8A%D9%91-%D9%88%D8%A7%D8%AF%D9%8A-%D8%A7%D9%84%D9%86%D9%8A%D9%84/

2) https://www.kp.ru/family/prazdniki/provody-zimy/

3) https://www.amerikaninsesi.org/a/t%C9%99brizd%C9%99-t%C9%99k%C9%99m%C3%A7il%C9%99r-heyk%C9%99li-qald%C4%B1r%C4%B1l%C4%B1b/5541087.html

4) https://ru.sputnik.kz/20210314/vesenniy-prazdnik-kazakhstan-koresy-16525801.html

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm