İran səfirinin inandırıcı olmayan təkzibi: Sübhani əslində kimdir və kimə işləyir?
Bizi izləyin

Nida Təhlil

İran səfirinin inandırıcı olmayan təkzibi: Sübhani əslində kimdir və kimə işləyir?

İranın Ermənistanla 500 milyon dollarlıq silah müqaviləsinə dair yayılan məlumatları bu ölkənin İrəvandakı səfiri Mehdi Sübhani təkzib etməyə tələsdi. Səfir bildirib ki, “belə xəbərlərin dərc edilməsində məqsəd region ölkələri arasında münasibətlərə xələl gətirməkdir”. Maraqlıdır, bölgədə sülh perspektivini, eləcə də diplomatik münasibətləri zədələyə biləcək məlumatların təkzibini niyə rəsmi Tehran yox, İranın Ermənistandakı səfiri dilə gətirir?! Burada məsələ silah müqaviləsinə dair yayılan iddiaların doğru olub, olmaması yox, bu açıqlamanın Sübhani tərəfindən verilməsidir. Axı Sübhani rəsmi Tehranın sözçüsü deyil, Ermənistandakı səfirdir və bütün fəaliyyətini Tehran-İrəvan münasibətlərinin qurulmasından daha çox, erməni maraqlarının müdafiəsinə yönəldib. Sübhaniyə inanmaq olarmı?

Səfirin silah müqaviləsinə dair açıqlaması həqiqət olsa belə, inandırıcı deyil, əksinə, təkzibin Tehrandan yox, məhz İrəvanda oturan və bir çox hallarda İranın yox, Ermənistanın maraqlarından çıxış edən səfirdən gəlməsi əlavə şübhələrə yol açır. Çünki Sübhaninin şəxsiyyəti və yalan üzərində qurulmuş fəaliyyəti onun diplomatik münasibətlər, eləcə də sülh üçün strateji əhəmiyyət daşıyan açıqlamalar verməyə adekvat olmadığını deməyə əsas verir.

Ötən ilin mart ayında Ermənistana səfir təyin olunan Mehdi Sübhaninin fəaliyyətində iki istiqamət xüsusi xətlə seçilib:

- Ermənistanın siyasi, iqtisadi və hərbi müstəvidə dəstəklənməsi: Mediaya sızan məlumatlara görə, Sübhani Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında israr edir, hətta bu silahların satılması yox, hədiyyə kimi verilməsini istəyir. Bununla yanaşı, səfirin İranın Ermənistan və Azərbaycan siyasətində balansın ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə “hesabatlar” hazırladığına dair məlumatlar var.

- Azərbaycana qarşı qatı düşmən mövqeyin sərgilənməsi: İranın Ermənistandakı səfirinin rəsmi işi təmsil etdiyi ölkənin fəaliyyət göstərdiyi ölkə ilə münasibətləri olsa da, Sübhani bütün fəaliyyətini Azərbaycana qarşı qurması ilə seçilir. Bunu onun mütəmadi olaraq verdiyi anti-Azərbaycan bəyanatlarından da görmək mümkündür.

Sübhaninin keçmişinə nəzərə saldıqda onun sanki Azərbaycana qarşı diplomat kimi hazırlandığı görünür. O, vaxtilə İranın Türkiyə və Azərbaycandakı səfirliklərində fəaliyyət göstərib. 1990-cı illərdə İranın Bakıdakı səfirliyində III və II katib kimi çalışanda Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhdlər etdiyi haqda məlumatlar var.

Sübhani Bakı-Tbilisi-Ceyhan layihəsinin əleyhinə fəaliyyəti ilə də yadda qalıb. O, Xəzərin enerji resurslarının Avropa bazarına çıxarılmasında İranın şimalının (Cənubi Azərbaycan) əsas marşrut kimi seçilməsini təbliğ edir, bunun üçün hətta yerli mediada “bu istiqamətin Cənubi Azərbaycanın iqtisadi inkişafına səbəb olacağına” dair təbliğat qurmağa çalışırdı. Məlumatlara görə, Sübhani II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində də görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tbilisi-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlüklərini çatdırırmış. Onun həmin vaxtlar Qərb ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə düşdüyü, hətta müəyyən təmasların yaradıldığı da deyilir.

Sübhani daha sonra Yaxın Şərq ölkələrində səfir kimi fəaliyyətə başladı. Məlumatlara görə, o, Yaxın Şərqdə səfirdən daha çox, kəşfiyyatçı kimi işləyib və Suriya başda olmaqla müxtəlif ölkələrdə silahlı qruplaşmaların işinin qurulmasına töhfələr verib. Sübhaninin Ermənistana səfir təyin edildiyi vaxt Türkiyə mediasında diqqətçəkən məlumatlar yayılmışdı. “Türkiyə” qəzeti yazırdı ki, Sübhaninin Ermənistana səfir göndərilməsində məqsəd Suriya təcrübəsini Qarabağda (həmin vaxt erməni separatçıların qalıqları hələ də Xankəndidə idi) tətbiq etməkdir. Bu məlumatın nə qədər həqiqət olduğunu demək çətin olsa da, Sübhaninin İrəvana çatan kimi Qarabağdakı erməni separatçılarını dəstəkləyən açıqlamalar verdiyi diqqəti bu məqama çəkir.

Qarabağda separatizm məhv edildikdən sonra belə, Sübhani “Qarabağ ermənilərinin hüquqlarının qorunması” kimi iddialarından əl çəkmir, onların geri qayıtması və “istədikləri” kimi yaşamasına şəraitin yaradılması kimi fikirlər səsləndirir. Bununla yanaşı, o, “Ermənistanın sərhədləri İranın “qırmızı xəttidir” tezisini ən çox müdafiə edən şəxsdir. Bu tezis artıq İranda tədricən arxa plana keçsə də, Sübhani israrla təkrarlamağa davam edir. Bütün bunlar, Sübhaninin Ermənistanda səfir kimi fəaliyyətinin bir məqam üzərində qurulduğunu deməyə əsas verir: o, Tehran-İrəvan münasibətlərinin tənzimlənməsindən daha çox, Azərbaycan-İran münasibətlərinin pozulması “missiyasını” icra edir. Son iki ildə Bakı-Tehran münasibətlərinə onun qədər zərbə vuran ikinci şəxs yoxdur.

Bunun səbəblərini iki kontekstdə dəyərləndirmək mümkündür.

Birinci amil, Sübhaninin şəxsi mövqeyi, Azərbaycana, hətta İrandakı azərbaycanlılara və digər etnik azlıqlara patoloji nifrətidir.

Mehdi Sübhani İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulub. Bölgənin əhalisi əsasən etnik azlıqlardan ibarət olsa da, o, özünü “fars” adlandırır, etniklərə münasibəti mənfidir və heç bunu gizlətmir. İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musəvinin “geri çağırılmasında” onun rolunun olduğu haqda məlumatlar var. Abbas Musəvi İran-Azərbaycan münasibətlərinin normallaşmasına çalışır, bu prosesə ciddi töhfələr verirdi. Lakin onun İran maraqlarına uyğun olan bu fəaliyyəti Tehranda bəzi dairələr tərəfindən etnik kimliyinə görə (azərbaycanlı olduğu deyilsə də, mazandaranlı idi) “Azərbaycan maraqlarının müdafiəsi” kimi təqdim edilirdi. Bu fikirlərin ortaya çıxmasında Sübhaninin məhz etnik kimliyinə görə Musəviyə qarşı hazırladığı “materialların” da rol oynadığı haqda məlumatlar var.

Mehdi Sübhani İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana da etnik kimliyinə görə nifrət edir, onun ölkəyə rəhbərliyini “İran üçün fəlakət” adlandırır.

İkinci amil, Sübhaninin Qərb xüsusi xidmət orqanlarının təsiri altında olması ilə bağlı ehtimallardır.

Sübhaninin 90-cı illərdə Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı fəaliyyəti zamanı Qərb ölkələrinin kəşfiyyat orqanları ilə təmaslar qurduğu haqda məlumatlar fonunda Ermənistanda səfir kimi fəaliyyətə başlayandan sonra açıq görünən “Qərb sevgisi” diqqət çəkir.

Ermənistan Qərb ölkələrinin hərbi kontingenti və kəşfiyyat xidmətlərini bölgəyə gətirib. Avropa İttifaqının “müşahidə missiyası” adı altında fəaliyyət göstərən qrupların İran sərhədində Tehrana qarşı kəşfiyyat apardığı, o cümlədən, ABŞ başda olmaqla NATO qüvvələrinin Ermənistana yerləşdirildiyi artıq sirr deyil. Bunun sonuncu nümunəsi, ABŞ-Ermənistan birgə təlimləridir. İranın mərhum prezidenti İbrahim Rəisi də Ermənistanın baş naziri Nikol Paşinyana “regiona kənar qüvvələrin cəlb edilməsinə” görə xəbərdarlıq etmişdi.

Bütün bu faktlara – Ermənistanın Qərb ölkələri üçün İrana qarşı plasdarma çevrilməsinə rəğmən, səfir Sübhani bu haqda heç bir açıqlama verməyib, əksinə, bunu müdafiə edən mövqe sərgiləyib. Görünür, Sübhani Qərbin Ermənistan üzərindən İrana qarşı apardığı kəşfiyyat fəaliyyəti, eləcə də İran sərhədlərində hərbi kontingent yerləşdirilməsi haqda rəsmi Tehrana yalan məlumatlar ötürür və bununla İranın “başının altına yastıq” qoyur. Bu kontektsdə Sübhaninin Qərb xüsusi xidmət orqanlarının təsiri altında olması haqda məlumatlar təsadüfi deyil.

Bütün bunların fonunda Sübhaninin İranın Ermənistanla 500 milyonluq silah müqaviləsi haqda yayılan məlumatları təkzib etməsi, doğru olsa belə, inandırıcı deyil. Çünki heç kim, hətta İran dövləti belə, Sübhaninin hansı oyunlar oynadığına, kimə işlədiyinə və bölgədə hansı qüvələrin maraqlarına xidmət etdiyinə zəmanət verə bilməz.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm