İranın ŞOK PLANLARI: Tehran kulislərində Azərbaycana qarşı müharibə ssenariləri müzakirə olunur
Bizi izləyin

Nida Təhlil

İranın ŞOK PLANLARI: Tehran kulislərində Azərbaycana qarşı müharibə ssenariləri müzakirə olunur

Tehran mediası Azərbaycanla Ermənistan arasında savaş baş verəcəyi təqdirdə İranın atacağı mümkün addımları müzakirə edir. Bildirilir ki, indiki gərginlik 2020-ci il sentyabr ərəfəsində olduğu vəziyyətin eynidir. “Etemad “nəşri yeni gərginliklə bağlı dörd fərziyyə təqdim edir.

Birinci fərziyyəyə görə, Türkiyədəki hakim iqtidar mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində ciddi müxalif rəqiblərinə qalib gəlmək üçün Zəngəzur dəhlizi uğrunda toqquşmalar törətməkdə maraqlıdır. Bu ehtimal Tehran rejiminə satılmış bəzi siyasi mühacir yutuberlər tərəfindən də inkişaf etdirilir. Yutuber Qalib Oysüzlünün bu məzmunda çıxışları İranın aparıcı sosial media şəbəkələrində (APARAT) və qəzetlərində(“Məşreğ”) dönə- dönə yayımlanır.

İkinci fərziyyəyə görə, İsrail İranı müharibəyə çəkmək üçün gizli plan hazırlayıb. Hərçənd Araz boyu hədə- qorxu gələn, səfirilyimizi gülləboran edən, Arazdan şimala terror ixrac edən, Ermənistanın lehinə müharibəyə qoşulmaq planı quran İsrail deyil, İrandır. Qeyd olunur ki, Zəngəzur dəhlizi təkcə Bakı və İrəvan üçün deyil, həm də İran üçün xüsusi strateji əhəmiyyət kəsb edir “Bakı bu vilayətə nəzarət etsə, İranın Ermənistanla kommunikasiyalarının bir hissəsi, Avropaya çıxışı Azərbaycan və müttəfiqlərinin əlində olacaq. İranın qonşuları və hətta Avropa ölkələri ilə milyonlarla dollarlıq xarici ticarəti bu yoldan keçir. Bu əhəmiyyəti dərk edən Tehran son aylarda iki ölkə arasında baş verən prosesləri xüsusi həssaslıqla izləyir”. İranlı ekspertlərin fikrincə, İsrail proksi qruplar tərəfindən dövrələndiyinə inandığı üçün “Min zərbə ilə öldür” strategiyası əsasında İranı mühasirəyə almağa və ona təzyiq göstərməyə çalışır. “İsrail mütəxəssisləri Azərbaycan hərbçilərinin müxtəlif silahlarla işləmək, döyüş planları hazırlanması üzrə təlimlərində iştirak edirlər. 2020-ci il müharibəsində Bakı İsrail silahlarının innovativ istifadəsini, Türkiyə və İsrailin inteqrasiyasını gündəmə gətirib”. “Fararu” yazır ki, Azərbaycan Türkiyə və İsrail kimi müttəfiqlərinin köməyilə “Beynəlxalq Turan dəhlizini” (Zəngəzur ) açmaq Asiya və Avropanı birləşdirmək istəyir. Azərbaycan ordusu isə Süniki (Zəngəzuru) tutmaq üçün hazır vəziyyətə gətirilib . Buraya nəzarət Bakı və Ankaraya Tehranla müqayisədə enerji resurslar və tranzitdə üstünlük təmin edəcək. İranın Avropaya yeganə yolu bağlanacaq” (Əslində bu iddia yalandır, çünki İranın Avropaya quru çıxışı Türkiyədən, Azərbaycan üzərindən keçməklə Gürcüstandan təmin olunur). “Azariha” və “Entekhab” nəşrləri Zəngəzur dəhlizinin açılmasının İran üçün təhlükələri haqda təhlillər dərc edib. İddia edilir ki, “Turan- NATO dəhlizi” İranın mövcudluğuna və bütövlüyünə qarşıdır. 2020-ci il müharibəsində olduğu kimi digər güclərin oyununa tamaşa etməmək üçün İran strateji cəhətdən aktiv olmalıdır”. Müəlliflərə görə, dəhlizin açılması İranın Qafqazın geosiyasətindən çıxarılması demək olardı. Bildirilir ki, Araz çayı boyunca SEPAH təlimləri və sərhədi keçmə məşqləri, Qafanda İran konsulluğunun açılması Azərbaycan hökumətinə xəbərdarlıq idi ki, Tehran “regionun geosiyasi sərhədlərində” istənilən dəyişikliyə qarşıdır. “Müharibə ehtimalının ciddiləşdiyi bir vaxtda İran F4 və F14 qırıcıları Ermənistan, Bakı və Naxçıvan sərhədlərinə yaxın ərazilərində yerləşdirilib”.

Tehran mediası üçüncü fərziyyə kimi Prezident Əliyevin yaranmış tarixi fürsətdən yararlanmaq istəyini göstərir: “Bakı hakimiyyəti regional və beynəlxalq siyasi tənlikləri bildiyi üçün Ermənistana hücum üçün indiki dövrü əlverişli sayır. Çünki son üç onillikdə Ermənistanın əsas havadarı olan Rusiya Ukrayna böhranına ilişib və başqa cəbhə açmaq istəmir. Nəticə etibarilə rusların Bakının hücumuna ciddi müdaxilə edəcəyi ehtimalı azdır. Azərbaycanlı strateqlər hesab edirlər ki, Qərb dövlətləri də xristian təəssübkeşliyinə rəğmən, Ukrayna müharibəsi səbəbindən Ermənistanın güclənməsi üçün ciddi addımlar ata bilməyəcək”. .

Dördüncü fərziyyəyə görə, İrəvan Bakını təxribata çəkir. Belə ki, Nikol Paşinyana öz imicini bərpa etmək və 2020-ci ilin noyabr məğlubiyyətini kompensasiya etmək üçün yeni müharibə lazımdır.

Lakin iranlı ekspertlər hesab edirlər ki, 2020-ci ilin sentyabrından fərqli olaraq indi mümkün müharibəyə qoşulmaq lazımdır. Tehran KİV-ləri müharibə başlayacağı təqdirdə İranın mümkün reaksiyalarını da ssenariləşdirirlər.

Birinci ssenari: Tehran Bakıya müharibə elan edir

Qeyd olunur ki, mümkün yeni müharibədə Tehran “İlham Əliyevə qarşı çıxmaq üçün” bütün imkan və vasitələrdən istifadə edəcək, Azərbaycana müharibə elan etməklə yeni münaqişədə Ermənistan ordusunun yanında yer alacaq. İran silahlı qüvvələrinin Qərbi Zəngəzurun cənubuna yerləşdirilməsi də istisna edilmir. “Bu ssenari üzrə başqa bir ehtimal İran və Ermənistan arasında hərbi əməkdaşlıq haqqında ikitərəfli sazişin bağlanması olardı ki, İrəvan öz ərazisinin cənub bölgələrinə İran silahlı qüvvələrinin daxil olmasına icazə versin” (“Fararu”). (Söhbət Ermənistanla İran arasında Şuşa bəyannaməsinə bənzər sazişin imzalanmasından gedir-C.Q).

Amma etiraf olunur ki, bu ssenarini həyata keçirmək çox çətin olacaq. “İranın Bakıya müharibə elan etməsi və münaqişəyə girməsi çoxsaylı oyunçuların cəlb olunacağı genişmiqyaslı müharibə demək olardı... Böyük qlobal böhranın mümkünlüyünü də proqnozlaşdırmaq olar... İsrail və anti-İran lobbiləri belə bir ssenarinin ən mühüm dəstəkçiləri olacaq; müharibəyə girmək İrana təzyiqi artırmaq imkanı yaradardı”.

Qeyd olunur ki, iranlı strateqlər İranın İrəvanla Bakı arasında müharibəyə bu şəkildə qoşulmasını düzgün saymırlar. Rusiya, Çin və Qərb də bu ssenari ilə razılaşmayacaq. Avropa və Amerika Ukrayna müharibəsində iştirak etdikləri üçün, növbəti beynəlxalq böhranı qızışdırmaqda maraqlı deyil. Ukrayna müharibəsində iştirak etdiyi üçün Rusiya öz təsir dairəsində və qonşu regionlarda yeni böhran yaratmaq istəmir. Bununla yanaşı İran KİV-lərinə görə, “ belə bir variantın tamamilə istisna etmək olmaz”.

İkinci ssenari: dronlarla və ola bilsin ki, raketlərlə məhdud müdaxilə

Tehran KİV-lərinə görə, “bu ssenaridə də İran birbaşa müharibəyə girir, lakin döyüşdə iştirakı məhdud olacaq”. Ssenariyə görə, İran Ermənistana hərbi dəstək verməklə yanaşı, dronlarla Azərbaycan hərbçiləri ilə birbaşa qarşı-qarşıya gələcək. ”İrana qarşı birbaşa təhdidlər olacağı halda, Azərbaycana genişmiqyaslı raket hücumları da ola bilər. Əvvəlki ssenaridən fərqli olaraq, İranın müharibədə məhdud iştirakı nəzərdə tutulsa da, geniş təsirləri ola bilər. Bu ssenarinin ən mühüm dəstəkçisi Ermənistan hökumətidir. İsraillilər də İranın müharibəyə müdaxiləsində maraqlıdırlar və belə bir ehtimalın tərəfdarlarıdırlar”. Beləliklə, etiraf olunur ki, Tehranı Azərbaycanla qarşıdurmaya erməni lobbisi təhrik edir.

Üçüncü ssenari: Ermənistan ordusuna silahlı və maddi-texniki dəstək şəklində müdaxilə və birbaşa böhrana girməmək

Üçüncü ssenari birbaşa döyüş meydanına daxil olmaqdansa, “ağıllı müdaxilə” formasını seçir. Bu ssenariyə görə, müharibə olacağı təqdirdə İran Ermənistan ordusunun silah və maddi-texniki təchizatını öz üzərinə götürəcək. “İranın hərbi məsləhətçilərini Ermənistana dəvət etmək belə bu ssenarinin bir hissəsi ola bilər. Tehranın bu halda məqsədi qüvvələr balansını və mövcud vəziyyəti saxlamaq olacaq. Yəni Bakı hərbçiləri cəbhə xəttində irəliləyə bilməz”. İddia olunur ki, bu ssenari digər variantlardan daha çox sahə reallıqlarına yaxındır. Belə ki, “Amerika və Avropa ölkələri də bu ssenarinin ən mühüm tərəfdarları ola bilər. Hətta ola bilsin ki, Tehran kimi Qərb dövlətləri də Ermənistana hərbi dəstək məsələsini gündəmə gətirsin”. Yəni anlaşıldığı qədər indiyədək II Qarabağ savaşını NATO-nun Rusiya və İran qarşı proksi savaşı adlandıran Tehran öz ordusunu Amerikanın maşasına çevirməyə hazırdır, Azərbaycan və Türkiyə əleyhinə NATO proksisi olmağı təklif edir.

Dördüncü ssenari - müdaxilə edilməməsi və hadisələrin müşahidəsi

Qeyd olunur ki, mümkün ssenarilərdən sonuncusu və bəlkə də ən çətini “Ermənistanın cənubunu ələ keçirmək və Zəngəzur-Laçın dəhlizinin yaradılması üçün Bakının hücumu qarşısında Tehranın müdaxilə etməməsi və passivliyi ola bilər. Bu, Tehranın 2020-ci ildə Dağlıq Qarabağ müharibəsinə yanaşmasına bənzəyəcək. Keçmişdən fərqli olaraq, bütün əlamətlər onu göstərir ki, Tehran bu dəfə passiv müşahidəçi ola bilməz. Dəfələrlə edilən xəbərdarlıqlar, təlimlər və son vaxtlar İran qırıcılarının Azərbaycanın sərhədyanı ərazilərində peyda olması İranın əvvəlki kimi neytral müşahidəçi ola bilməyəcəyini göstərirr”.

Çoxlu sayda ekspert və KİV-in Azərbaycanla müharibə ssenarilərini müzakirə etdiyi vaxt İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin İRNA-da dərc olunmuş yazısında “Bakı-Yerevan münaqişəsinə son qoymaq üçün plan” təqdim edib. Yazının və təqdimatın İran mediasındakı güruhçu ritorikadan, aşağılayıcı üslubdan uzaq olması, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələblərinin qəbul edilməsi ümumən pozitivdir. Amma yazıda qəbul edilməyəcək fikirlər də yer alır. Sabiq səfirin fikrincə, indiki gərginliyin səbəbini 9 noyabr Moskva razılaşmasının “qeyri-müəyyənliklərində” axtarmaq lazımdır. “Moskva müqaviləsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 mühüm şəhəri azad edilsə də, Qafqazda uzun sürən münaqişənin əsas səbəbi olan (Dağlıq) Qarabağın vəziyyəti aydınlaşdırılmadı. Bu müqavilədə Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qalacağı və ya başqa vəziyyətin yaranacağı bəlli deyildi. Moskva müqaviləsindəki digər mühüm anlaşılmazlıq Zəngəzur dəhlizindən necə istifadə olunması idi. ..Ermənistan bəyan edir ki, bu keçid Sünik vilayətinə aiddir və İrəvanın suveren hakimiyyəti altında olmalıdır. Lakin Azərbaycan Zəngəzurun beynəlxalq keçid olduğunu və Ermənistanın suverenlik hüququna malik olmadığını iddia edir”.

Yada salaq ki, Dağlıq Qarabağın nəinki 10 noyabr üçtərəfli bəyanatında, II Qarabağ savaşına qədər də Azərbaycanın tərkibində olması mübahisəli olmayıb, sonradan indiki baş nazir N. Paşinyanın da açıqladığı kimi, bütün danışıqlarda əsas mövzu işğalın necə sonlandırılması, Azərbaycanın yuridiksiyasının necə bərpa edilməsi ətrafında olub. Azərbaycan rəsmiləri isə heç zaman Ermənistanın hər hansı ərazisinə, o cümlədən Qərbi Zəngəzura iddia qaldırmayıblar. Bu barədə əsassız səs- küy Ermənistan müxalifəti və İranın rəsmi dairələri və KİV-ləri tərəfindən qaldırılıb.

Diplomat qeyd edir ki, tarixi qeydlərə və beynəlxalq standartlara əsasən, “ermənilərin yaşadığı mərkəzi Xankəndi olan Qarabağ bölgəsi” Azərbaycan Respublikasına, Zəngəzur dəhlizi isə Ermənistana aiddir. “Qarabağın müstəqilliyi Azərbaycanın parçalanmsı və coğrafi sərhədlərin dəyişdirilməsi deməkdir. Ermənistanın da Zəngəzur üzərindəki hakimiyyətini əlindən alıb o bölgədən məhrum etmək bu ölkənin ərazi bütövlüyünün pozulmasıdır və coğrafi sərhədlərin dəyişdirilməsidir”.

O, Tehran rejiminin başçısı Xameneinin II Qarabağ savaşından sonra elan etdiyi prinsipləri xatırladır: “1. Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri azad edilərək Azərbaycana qaytarılsın.

2. Beynəlxalq sərhədlərə riayət edilməlidir; hər iki tərəf ölkələrin beynəlxalq sərhədlərini pozmamalı və beynəlxalq sərhədlər qorunmalıdır.

3. Bu torpaqlarda olan ermənilərin təhlükəsizliyi qorunmalıdır.”

Rejim başçısının elan etdiyi prinsiplərə (“qırmızı xətlərə”), o cümlədən Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunması “qırmızı xəttinə “ istinadən sabiq diplomat sülh planı irəli sürür. Plan altı bənddən ibarətdir:

1. Ermənistan mərkəzi Xankəndi olan Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanımalıdır. Bu bölgənin müstəqilliyini və Azərbaycandan ayrılmasını dəstəkləməməlidir.

2. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi, təhlükəsizliyin təmin edilməsi və ermənilərə vətəndaşlıq hüquqlarının verilməsi öhdəliyini götürməlidir.

3. Azərbaycan Zəngəzur dəhlizinin Ermənistanın ərazisi və bu ölkənin ərazi bütövlüyünə aid olmasını qəbul etməli, bu dəhlizlə bağlı tarixi iddialardan çəkinməlidir.

4. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağ ermənilərinin Ermənistanla birləşməsi üçün Laçın keçidini açıq saxlamaq üçün öhdəlik götürsün.

5. Ermənistan öz ərazi bütövlüyü çərçivəsində və Zəngəzur dəhlizi üzərində suverenliyini qorumaqla, Azərbaycana Naxçıvan Muxtar Vilayətinə daxil olmaq üçün bu dəhlizdən istifadə etməyə icazə versin.

6. Azərbaycan və Ermənistan Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürsünlər.

Pakayin “Entekhab” saytına müsahibəsində də bu mövzu ətrafında danışıb. O deyib ki, Rusiya amili hər iki tərəf üçün çəkindiricidir. Azərbaycan İsrail münasibətləri ilə bağlı yönləndirici suala da mümkün qədər korrekt cavab verərək bildirib ki, Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrə malidir və bu, Ermənistanla münasibətlərə təsir etmir . Yəni bununla da Tehran KİV-lərinin indiki gərginliyin İsrailin gizli planı olması haqda uydurduqları qorxulu nağıl təkzib olunur. Pakayin deyir ki, “sionist rejimin Ermənistanla da ciddi əlaqələri var, hər iki tərəflə əməkdaşlıq edir”.

Plan rejim başçısının “xətte-qirmizi”lərinə istinadən hazırlandığından buna sadəcə sabiq diplomatın ideyası deyil, rəsmi Tehranın mesajı kimi baxmaq lazım gəlir. Plan bir rəsmi agentlikdə dərc edildikdən sonra rejimə, rejim başçısına yaxın KİV-lərdə geniş tirajlanıb. Əlavə olaraq sabiq diplomatdan mövzu ətrafında müsahibə də alınıb. Təklifin Pakayin vasitəsilə gündəliyə gətirilməsi təsadüf deyil. Görünür, Pakayinin fəaliyyətinə Azərbaycanda əsasən pozitiv yanaşıldığı, yaşanan gərginlik dövrü ərzində dövlətimizlə bağlı mümkün qədər obyektiv yanaşmadan çıxış etməsinin bizdə təqdir edilməsi və demək onun vasitəsilə veriləcək plana dözümlü yanaşılacağı güman edilib.

Amma deyəsən, yaddan çıxarıblar ki, Dağlıq Qarabağ adlı inzibati vahid Azərbaycanda 1991-ci ildə ləğv edilib, belə bir inzibati vahidin olmaması rəsmi Bakının qırmızı cizgisidir. Azərbaycanın öz ərazisindən digər ərazisinə-Naxçıvana daşınan yüklərlə Ermənistandan başqa ölkəsinin ərazisinə -Xankəndiyə daşınan yüklərə eyni tələblər qoyula bilməz, belə absurd təkliflərin “sülh planı” adı ilə təqdim edilməsi əslində İranın regional siyasi arxitektura haqda öz baxışlarının olması, bu zaman beynəlxalq hüquqa istinad etdikləri barədə açıqlmalarının əsassızlığını ortaya çıxarır.

“Sülh planı”nın rəsmi Tehranın razılığı ilə açıqlanmasını sübut edən daha bir fakt odur ki, bu günlər İran xarici işlər nazirinin müavini Əli Bageri Kani Ermənistan və Azərbaycanı arasında yenidən gərginliyin yaranmasının qarşısını almaq üçün “dialoqa” və “müdrikliyə” çağırıb və söz verib ki, rəsmi Tehran bir müddət regional problemləri dinc dialoq yolu ilə həll etmək üçün bütün potensialından istifadə edəcək. İran rəsmisi erməni həmkarı ilə, eləcə də Ermənistanın xarici işlər naziri ilə danışıqlar aparıb. “Görüşlərimiz zamanı təsdiq etdik ki, İran sülh və təhlükəsizlik üçün etibarlı tərəfdaşdır”, - deyə Baqeri Kani bildirib.

Beləliklə, Azərbaycana qarşı hərb agendasının müzakirəsi kimi, “sülh planı” təşəbbüsü də eyni mərkəzdən qaynaqlanır. Həm bizimlə anlaşılmazlıqları yoluna qoymaq üçün Moskva və Ankaraya, müəyyən məlumatlara görə, hətta Ər-Riyad və Pekinə minnətçi düşürlər; həm bizə qarşı müharibə ssenarilərini ictimai müzakirəyə çıxarırlar; həm də bizimlə İrəvan arasında vasitəçilk etmək sevdasına düşür, kağız üstündə iri mürəkkəb ləkəsi olmaqdan başqa bir işə yaramayacaq “sülh plan”ı təklif edirlər. Hər kəlləsi fərqli bir qərar verən çoxbaşlı əjdaha haqda qədim qorxulu Şərq nağıllarını oxuyuruq sanki.

Tam faydasız da deyil, ən azı, İranın militaristləşmiş ictimai rəyi tədricən Zəngəzur dəhlizi reallığını həzm edir.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm