Ermənilərin misli görünməmiş etnik təmizləmə siyasəti
Bizi izləyin

Nida Təhlil

Ermənilərin misli görünməmiş etnik təmizləmə siyasəti

Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşüb, kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb. Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırımı aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali – qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, erməni quldur dəstələri 1918-ci ildə Bakıda insanlara qarşı misli görünməmiş amansızlıq törədib, mədəniyyət abidələrini və tarixi abidələri vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, yerlə yeksan ediblər:

“O dövrdə ermənilər Azərbaycanın qədim şəhərlərindən olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılıb. Soyqırımı eyni ssenari üzrə Qubada və digər bölgələrəmizdə də amansızcasına törədilmişdir. Bu hadisələr bir daha ermənilərin necə bir vəhşi və qəddar xalq olduqlarını göstərir”.

C.Məmmədov bildirib ki, ermənilər 1988-ci ildə SSRİ-nin zəifləməsindən istifadə edərək yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar, Ermənistanda yaşayan bütün azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər:

“Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldı. Onun xəritə qarşısında çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq. Heydər Əliyev 27 mart 1998-ci il tarixdə “31 Mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərman imzaladı. Həmin dövrdən bu gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, ölkəmizdə və dünyanın ayrı-ayrı bölgələrində müxtəlif tədbirlər keçirilir”.

Millət vəkili hesab edir ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmaqdadır:

“Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər respublikamızda, istərsə də ölkəmizdən kənarda bu istiqamətdə çox vacib layihələr reallaşdırıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev 18 sentyabr 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı 18 yanvar 2018-ci il tarixdə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlardır. Bu gün yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq xüsusi önəm daşıyır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm